Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Azərbaycan dövləti mövcud olduğu uzun tarixi dövr ərzində çox zəfərlər qazanıb, çox qələbələrə imza atıb. Amma 2020-ci il noyabrın 10-da Azərbaycanın mənfur Ermənistan üzərində qazandığı qələbəsi- bu dövlətin Azərbaycan dövləti qarşında kapitulyasiyası-təslim olması və biabırçı məğlubiyyəti heç nə ilə müqayisə oluna bilməz. Bu, Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılan bir Qələbə, Zəfər oldu. Ona görə də Xalq Şairi Səməd

Vurğunun bu məşhur misralarını indiki tarixə uyğunlaşdırıb desək, yerinə düşər:
Yazılsın tarixə bir qızıl xətlə,
20-ci ilin 10 Noyabr günü.
Tarix bir çox təkrarsız, hərbi-strateji cəhətdən əfsanə sayılacaq qələbələrə, zəfərlərə şahid olub: 300 spartalının iştirakı ilə Fermopil döyüşü, Makedoniyalı İsgəndərin həmin dövr üçün məğlubedilməz sayılan Daranın qoşunları üzərindəki Qavqamel qələbəsi, Rus sərkərdəsi Suvorovun başçılığı ilə Rus ordusunun qarlı Alp dağlarını gözlənilmədən aşaraq qələbə qazandığı döyüş, Böyük Türk sərkərdəsi Atillanın başçılığı ilə Katalaun döyüşü və s. Ancaq Azərbaycanın incisi sayılan Şuşa uğrundakı döyüş, bu cənnət məkanın erməni işğalçılarından azad edilməsi sadəcə olaraq bir əfsanə, bir fenomendir. Bu döyüşü ancaq əfsanəvi Osmanlı Sultanı II Mehmet Fatehin başçılığı ilə 1453-cü ildə Konstantinopolun (İstanbulun) fəthi ilə müqayisə etmək olar.


Rus mediyası Şusa döyüşləri və şəhərin ermənilərdən azad olunması haqqında orada gördüyü Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti haqqında belə yazır: ”Belə döyüş, belə Vətən sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan əsgəri şəhidi çiynində, döyüşə-döyüşə, qan-tər içində dağı, qayaları üzüyuxarı, qalxırdı! Nə yaralısını, nə də ölmüş yoldaşını əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”
Bəli, Azərbaycan əsgəri Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı noyabrın 7-dən 8-nə keçən gecə belə fəth etdilər. Bundan əvvəl isə bu Şanlı Ordu 4 şəhəri-Cəbrayılı, Füzulini, Zəngilanı və Qubadlını,4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini və eləcə də çoxsaylı strateji yüksəklikləri erməni işğaldan azad etmişdi. Noyabrın 10-da isə bütün bu şanlı zəfərlərin nəticəsi olaraq, Azərbaycan layiq olduğu və haqq etdiyi Zəfər qələbəsini qazandı. Zəfərin mübarək, Azərbaycan!

Vaqif Orucov
AMEA Folklor İnstitutu,
“Türk Xalqları” şöbəsinin əməkdaşı
e-mail: [email protected]