Zəfər yetişdi

Zəfər yetişdi

Qiymət MƏHƏRRƏMLİ
Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsinin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Mən sənə bir övlad borcuyam, Vətən,
Sən mənə canımdan daha əzizsən.
Qayalar köksündə bayraqtək bitən,
Qeyrətdən yonulmuş heykəlimizsən.
Gur yanan ocağım, daşım, torpağım,
Ucadan ucamsan, heyranam sənə.
Hürriyyət təşnəsi, doğrulan haqqım,
Ey müqəddəs pirim, qurbanam sənə!
Hər qarış yurd yerin qiblədi mənə,
Qürurun – tarixin məhək daşıdı.
Ölsəm, bircə ovuc torpağam sənə,
Şəhidlik – tarixin qan yaddaşıdı.
Nəzər sal keçdiyin o şanlı yola,
Tarixdə möhtəşəm izin var, Vətən!
Sənin keşiyində dağtək durmağa
Cəngavər oğlun var, qızın var, Vətən!
Köksünü sipərtək önündə gərib,
Səcdənə dayanmaq şərəf-şan bizə.
Odlu səngərlərdə hünər göstərib,
Düşməni biryolluq çökdürdük dizə!
Qeyrəti qılınctək çəkib sinədən,
Kükrəyən qan dedi: Zəfər bizimdir!
Aldıq qisasını qarı düşməndən,
Bu cürət, bu vüsət, hünər bizimdir!
Hazıram, uğrunda hər an can verəm,
Ey Vətən, boynumda haqqı-sayın var.
Yurdun sabahını nura qərq edən,
Qələbə soraqlı zəfər payın var!
Ey şəhid oğullar, ey mərd igidlər,
Öpüb torpağımı göz üstə qoydun!
Bu gün o müqəddəs zəfər yetişdi,
Çox şükür, ey BÖYÜK TÜRK, gözün aydın!