Azərbaycanın mədəniyyət sərvəti - Şuşa

Azərbaycanın mədəniyyət sərvəti - Şuşa

Nigar İmaməliyeva
AMEA Folklor İnstitutunun əməkdaşı

Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Torpağa, yurda sevginin əsası isə ailədə və məktəbdə qoyulur. Çox yaxşı yadımdadır ki, 1998-ci ildə məktəbə gedərkən müəlliməmiz bizə yazmağı və oxumağı öyrətməklə yanaşı, Qarabağın işğal olunmasından xüsusi ilə danışardı. Hətta sinif otağımızda işğal olunmuş ərazilərimizin adları və işğal tarixləri qara hərflərlə yazılmış lövhədə divardan asılmışdı. Qan yaddaşımızı unutmamaq üçün hər il anım günlərində anım tədbirləri keçirərdik. Məhz həmin ərəfələrdən etibarən artıq vətənpərvərlik hissi məndə və sinif yoldaşlarımda yaranmışdı. Biz bu Vətəndə yaşayır, bu Vətənin havasını udur, bu Vətənin suyunu içiriksə Vətənimizin uğurunda canımızdan, qanımızdan belə keçməyə hazırıq. Mən xoşbəxt gəncəm ki, uşaqlıq illərim Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi ərəfələrə düşüb. Artıq 1993-cü ilin oktyabr ayından sonra ölkədə hərc-mərclk durdurulmuş, mənfur düşmən tərəfindən torpaqlarımızın işğalı dayandırılmışdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Qarabağın və ətraf rayonların işğalı nəticəsində 1 milyon insan ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşmüşdür.

Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

2003-cü ildən etibarən ölkəyə Ümummilli lider Heydər Əliyevin özü qədər inandığı oğlu cənab Prezident İlham Əliyev rəhbərlik edir.

Artıq bundan sonra ölkənin taleyi, xüsusən də Qarabağın problemini həll etmək məsələsi artıq Prezidentin üzərinə düşmüş önəmli bir məsələ idi. Respublikanın müxtəlif regionlarında müvəqqəti məskunlaşan qaçqın və məcburi-köçkünlər hər dəfə cənab Prezidentə məktublar yollayanda öz ev-eşiklərinə qayıtmaq arzusunda olduqlarını vurğulayırdılar.

Əfsuslar olsun biz gənclər Qarabağı görmədən böyüdük. Qarabağı kitablarda, televizorda, müxtəlif dövlət tədbirlərində, sosial şəbəkələr vasitəsilə öyrənir və virtual səyahət edərək təkcə torpaqlarımızla deyil, tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla, folklorumuzla, incəsənətimizlə tanış olurduq. Milli ruhda, milli düşüncədə böyüyərək hərəmiz bir qarabağlı olduq, hərəmiz ölkəyə layiqli vətəndaş olmağa çalışdıq və bundan sonra da çalışmalıyıq.

2020-ci il iyun ayında Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında dünyaya açıq mesaj vermişdi. Bildirmişdi ki, “biz güclüyük, biz hazırıq, uyğun geosiyasi vəziyyət olan kimi torpaqlarımızı düşməndə qoymayacayıq, hər qarışını azad edəcəyik”.

27 sentyabr 2020-ci il tarixində səhər saatlarında düşmənin növbəti dəfə atəşkəsi kobudcasına pozaraq bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun cavabı olaraq Azərbaycan ordusu əks-hücuma başlamışdır. Elə həmin gün cənab Prezident xalqa müraciət edərək demişdir ki: “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsinda Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Nəhayət, düşmən ağ bayraq qaldıraraq təslim olduğunu açıqladı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə hazırıq” – deyən Azərbaycan əsgəri və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

Qarabağda və Qarabağ ətrafında baş vermiş məlum ictimai-siyasi hadisələr bu bölgənin tarix və mədəniyyətini, folklor və etnoqrafiyasını yenidən öyrənməyi bir zərurətə çevirib. Bu zərurəti dərindən dərk edən tarixçi və sənətşünaslarımız, etnoqraf və folklorşünaslarımız 1987-1988-ci illərdən sonra həmin bölgəyə diqqəti xüsusi olaraq artırıb, Qarabağla bağlı yeni-yeni elmi əsərlər, toplular ortaya qoyublar. Görülən işləri yüksək dəyərləndirməklə yanaşı, etiraf etməliyik ki, bu sahədə görüləsi işlər, atılası addımlar hələ çoxdur.

İşğaldan azad olunmuş rayonların sakinlərindən müxtəlif vaxtlarda toplanan folklor materiallarında mifoloji mətnlər, əfsanə və rəvayətlərə, Peyğəmbərlər və dini şəxsiyyətlər haqqında, pirlər və ocaqlar haqqında, yer adları, kənd və qalalar haqqında, tayfa və tarixi şəxsiyyətlər haqqında, Qarabağın tanınmış adamları haqqında, mərasimlərə, ovsunlara, inamlara, yasaqlara, nağıllara, lətifələrə, etnoqrafik mətnlərə, aşıqlar və el şairləri, atalar sözləri və məsəllərə, tapmacalara, bayatılara, xalq oyunlarına və s. rast gəlmək mümkündür. Qarabağda və ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərir.

Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşir. Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb. Əvvəllər Pənah xanın şərəfinə Pənahabad adlanıb. Sonradan isə Şuşa qalası və Şuşa adlandırılmışdır. Qədim türk mənşəli Şuşa oykoniminə Sibirdəki türklərin yer adlarında da rast gəlinir. Şuşanın yerli əhalisi öz aralarında Şuşa sözünün əvəzinə Qala sözünü də işlədir. Hətta buna misal olaraq aşağıdakı folklor mətnini də misal göstərmək olar:

Ay gedən haralısan?

Köylüsən, Qalalısan?

Gözlərindən tanıram

Bizim dağ maralısan.

Yaxud:

Qaladan yendirdilər,

Ağ donun geydirdilər.

Nə dərdim var, nə odum,

Məcburca öldürdülər.

Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər. Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmiş, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları (donuz) saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

Şuşa işğal olunarkən mən hələ körpə idim. Həmin vaxt anam Gülnarə xanım öz cehizliyinin arasında olan dəyərli və bəzəkli parçanı götürərək nəzir etmişdir ki, “bir gün Şuşa işğaldan azad olunsa həmin parçanı Şuşada Gövhər ağa məscidinə aparacağam”. Üzərindən xeyli vaxt keçmişdi, artıq böyümüşdük bir gün anam sandığı açanda həmin parça gözümə dəymişdi. Mən anama sual verəndə ki, qədimi parçanı nə yaxşı indiyə qədər saxlamısan? Cavabında isə həmin nəzirin məsələsini danışmışdır. Mənə də “İnşallah, Allah qəbul eləsin” demək düşmüşdü.

2012-ci ildə Şuşanın işğalının 20-ci ildönümündə cənab Prezident çıxışında: “Şuşasız ötən illərə mütləq son qoyulacaq. Şuşa haqqında keçmiş zamanda danışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır” – sözlərini demişdir.

28 il sonra 8 noyabr 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu tərəfindən canları və qanları bahasına igidlərimiz Şuşanı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq və milli ruh tələb edirdi. Mən 8 noyabr 2020-ci il tarixini heç zaman unutmayacağam. Həmin gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öncə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək daha sonra and yerimiz olan Şəhidlər xiyabanına gəlmişdilər. Elə orada cənab Prezident xalqa müraciətində - “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”..... sözlərindən sonra evdə böyük sevgi və coşğu hissi ilə bir-birimizi təbrik etdik. Anamın üzünü bizə tutaraq “duam və nəzirim qəbul olundu” deməsi sevinc göz yaşlarımıza səbəb olmuşdu. Şuşaya gediləcək parça daha sandıqda deyil, gözümüzün qarşısında və Şuşanı həm görməyə, həm də Gövhər ağa məscidinə gedəcəyimiz günü səbrsizliklə eyni zamanda böyük həvəslə gözləyirik.

Şuşa işğaldan azad olunduqdan sonra bu yaxınlarda cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfərə getmişdilər. Əminliklə deyə bilərəm ki, ürəyi, qəlbi, könlü Şuşa ilə döyünənlər həmin gün çox həyəcanlı və qürur hissi ilə həmin səfəri izləyirdilər. Əslində həm sevinirdik Şuşanı görmək bizə də qismət oldu artıq, həm də qəlbimizdə bir ağrı vardı. Onun da səbəbi bəllidir ki, erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələrimizi, məscidlərimi, muzeylərimizi o vəziyyətdə görmək ürəkağrıdıcıdır.

Bəşər mədəniyyətinin incilərini yaradan şəxsiyyətlər barəsində söhbət açarkən Şuşanın yalnız Azərbaycana məxsus olduğunu sübuta yetirmiş oluruq. Elə nəsillər var ki, onların yalnız soyadları bir tarixdir. Hacıbəylilər nəslinin şah damarı Üzeyir Hacıbəyov Şuşadan pərvazlanan bu parlaq sima millətinə və ölkəsinə elə bir əbədi şöhrət gətirdi ki, ziyası əbədi günəş kimi işıq salmaqdadır. Şərqdə ilk operetta janrının yaranması Üzeyir Hacıbəyovla bağlıdır. Onun 1908-ci ildə “Leyli və Məcnun”, 1938-ci ildə “Koroğlu” operaları təkcə Azərbaycanda deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrindən birinə çevrildi. Azərbaycan mədəniyyətinin, incəsənətinin və musiqisinin inkişafında əvəzsiz rolları olan Şuşada dünyaya gələn Hacıbəyovlar nəslindən Zülfüqar Hacıbəyov və oğlanları – Niyazi və Çingiz Hacıbəyov; Ceyhun Hacıbəyov, Soltan Hacıbəyov, Osman Hacıbəyovu göstərmək olar.

1924-cü ildə Şuşada anadan olan Süleyman Ələsgərov mahnı janrından başlayaraq opera kimi böyük musiqi əsərləri yazan, bəstəkar, dirijor, pedaqoq kimi zəngin yaradıcılığa malik olub.

İlk uşaq baletinin (“Qaraca qızı”, 1965) müəllifi Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus xidmət göstərmiş görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

Böyük şəxsiyyət, Azərbaycan professional vokal sənətinin banisi Bülbül 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

Xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. O, İrəvanda toy məclislərinin birində oxuyubmuş və həmin vaxt toy məclisinin sahibi xanəndəyə deyir ki, gəlini tərifləyən bir mahnı oxu. Cabbar Qaryağdıoğlu da elə həmin an “İrəvanda xal qalmadı” adlı mahnı bəstələyib oxumuşdur.

Xanəndə Xan Şuşinski 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Xan Şuşinskinin ifasında “Qarabağ şikəstəsi”, “Arazbarı” və digər muğamlarla yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutmuşdur.

Uzun illər el nəğmələri və xalq rəqsləri kimi ifa edilən elə musiqi incilərimiz var ki, onların yarandığı yer də, müəllifləri də məlumdur. Şuşa hələ qədim zamanlardan üzü bəri musiqimizin beşiyi sayılıb. Hətta belə bir ifadə var ki: “əgər oxumursansa, deməli, şuşalı deyilsən”. Amma illərin sınağından çıxaraq bugünümüzə qədər gəlib çatan bir sıra xalq mahnılarımız, rəqslərimiz var ki, onlar məhz bu dilbər güşədə yaranmışlar.

“Sarı bübül” – geniş yayılmış bu xalq mahnısının maraqlı yaranma tarixçəsi var. Ağa Məhəmməd şah Qacarın Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətləri yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə vermiş, Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşamışdır. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, müyvə ağacları gətirərək bağ saldırıb. Hətta bağban da şuşalı olub. Bağın da adını “Vətən bağı” qoyublar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşamışdır. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:

“Vətən bağı” al-əlvandır,

Yox içində xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?!

Qərib bir diyarda vətən həsrəti ilə yazılan bu şeir az vaxt ərzində məşhurlaşıb, ağızdan-ağıza, dildən-dilə keçərək mahnıya çevrilib.

“Şuşanın dağları başı dumanlı” – Xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısıdır. Əsərdə şəhər gözəl qızla müqayisə edilir. Mahnı muğam ifaçılarının triosunun ifasında “Dərviş Parisi partladır” filminin epizodlarının birində səslənir. Filmin süjeti elə Qarabağda baş verir.

“Şuşa təsnifi” - bu da Şuşada yaranmış xalq mahnısıdır. İlk ifaçısı da məşhur xanəndə Məcid Behbudov (Rəşid Behbudovun atası) olub. Ötən əsrin əvvəllərində İngiltərənin məşhur “Qrammofon Rekords” şirkəti tərəfindən “Şuşa təsnifi” Məcid Behbudovun ifasında vala yazılıb. Val da elə “Şuşa təsnifi” adlanır.

“Qalalıyam, qalalı” - xalq artisti, dahi müğənni Rəşid Behbudovun ifasında dəfələrlə eşitdiyimiz bu mahnının da beşiyi Şuşadır. Sözləri və musiqisi görkəmli sənətkarımız Cabbar Qaryağdıoğluna məxsusdur. Şuşa qalasına həsr edilən, hər kəlməsindən iftixar və qürur duyulan, xalq mahnısı kimi məşhurlaşan “Qalalıyam, qalalı” bu gün də şövqlə oxunur.

“Qarabağın maralı” – xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi şuşalı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayevaya həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər “Qarabağın maralı”nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək “Azərbaycan maralı” kimi səsləndiriblər. Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri - Sara Qədimova və Şövkət Ələkbərova olub.

“Şuşa yaylağı” - ötən əsrin ortalarnda yaranan bu mahnının da sözləri və musiqisi şuşalı İldırım Məhərrəmovundur. Birinci dəfə Şuşada səslənib. İlk ifaçıları xanəndə İsa Rəhimov və Hüsni Qubadovdur.

“Vağzalı” – xalqımızın ən qədim və sevimli rəqslərindən biridir. XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnərək “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünmüşdür.

“Uzundərə” – Azərbaycan xalq rəqslərinin sırasında möhtəşəm yeri olan bu melodiya da Şuşada yaranmışdır. “Uzundərə” haqqında müxtəlif rəvayətlər mövcuddur. Ağdamla Göytəpə kəndi arasında “Uzundərə” adlanan yer var. Rəvayətə görə, ya Dağlıq, ya da Aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və bir qədər orada dincələrmişlər. Toy adamları vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Bu rəqslərdən də birini, ən məşhurunu həmin yerin adı ilə adlandırmışlar.

“Tərəkəmə” – bu xalq rəqsi də Şuşada yaranmışdır. Rəqsin mənşəyi Azərbaycanda qədimdən məskən salmış tərəkəmə tayfasının adı ilə bağlıdır. Qarabağda yaşayan tərəkəmə camaatının özü yaratmışdır. Üzeyir Hacıbəyov “Arşın mal alan” operettasında, Əfrasiyab Bədəlbəyli “Qız qalası” baletində “Tərəkəmə”nin melodiyasından istifadə ediblər.

“Turacı” – Şuşa təbiətinin gözəlinə, dağ quşuna həsr olunmuş bu rəqsin yarandığı yer də elə dilbər guşənin özüdür. Rəvayətə görə, Qarabağ hökmdarı İbrahim Xəlil xanın sarayında çox gözəl bir rəqqasə varmış. Xanın oğlu Əbülfət ağanın toyunda həmin rəqqasə çox qeyri-adi, incə bir rəqs nümayiş etdirib. İbrahim Xəlil xan da rəqqasənin oyununa valeh olaraq heyranlığını gizlədə bilməyərək ucadan deyib: “Sən ki, lap turac kimi süzürsən!”. O vaxtdan həmin rəqqasənin təqdim etdiyi melodiya “Turacı” adlanıb.

Azərbaycan ədəbiyyatı tarixində adları qızıl hərflərlə həkk olunmuş Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Əhməd Ağaoğlu, Mir Möhsün Nəvvab və Xan qızı Xurşidbanu Natəvanı göstərmək olar.

Zaman-zaman Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Rəsul Rzanın 1980-ci ildə qələmə aldığı “Şuşam mənim”, Səməd Vurğunun “Şuşa”, Fikrət Qocanın “Şuşa məscidi” və s. ədiblərimizin Şuşaya həsr etdikləri şeirlərə də rast gəlirik.

Şuşa şəhəri işğaldan sonra Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bunu əminliklə deyə bilərəm ki, Şuşanı və digər rayonları işğaldan azad etməklə biz təkcə torpağı işğalçılardan təmizləmədik, biz həm mədəniyyətimizi, incəsənətimizi, tariximizi, etnoqrafiyamızı, folklorumuzu da xilas etdik. Onlara yeni nəfəs verdik. Əminəm ki, hər bir azərbaycanlının artıq başı dikdir. İllər sonra Ali Baş Komandanımızla birlikdə işğaldan azad olunmuş rayonlarımıza qayıtdıq! Biz qalib xalqıq!

"İki sahil" qəzeti