FOLKLOR VƏ YAZILI ƏDƏBİYYAT ŞÖBƏSİ - Leyla Kamran qızı Məmmədova
12 yanvar 1975-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. 1991-ci ildə C.Cabbarlı adına 161 saylı orta məktəbi bitirib. Elə həmin il M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1996-cı ildə filoloq, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirib.
1996-cı ildə Bakı şəhərində yerləşən Naxçıvan Universitetində işə qəbul olunub, dekan katibi, Elmi işlər üzrə prorektor köməkçisi vəzifələrində çalışıb. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (İnstitut 2000-ci ildən Bakı Slavyan Universiteti adlandırılıb) işə qəbul olunub. Burada baş laborant, müəllim-stajor, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. BSU-da 23 noyabr 2021-ci ildə əsas işçi kimi əmək müqaviləsinə xitam verilib.
2001-ci ildə “Y.V.Çəmənzəminli yaradıcılığında memuar və avtobioqrafizm” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 10 noyabr 2010-cu ildə Azərbaycan ədəbiyyatı kafedrası üzrə dosent elmi adı verilib.
2018-ci ildə “Mirzə Fətəli Axundzadə və müasirlik” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
Leyla Kamran qızı Məmmədova 1 dekabr 2021-ci il tarixindən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiridir.