Sönməz Abbaslı 23 fevral 1980-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə xarici və ölkə xalqları ədəbiyyatı üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca filoloqdur.
Əmək fəaliyyətinə “İdrak” məktəbində ingilis dili müəllimi kimi başlamışdır (2002-2011).
2007-2010-cu illərdə AMEA Folklor İnstitutunun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktorluğu üzrə doktoranturasında əyani təhsil almışdır.
2011-ci ildən AMEA Folklor İnstitutunda çalışır.
2012-ci ildə “Azərbaycan lətifələrinin regional xüsusiyyətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Sönməz Abbaslı 2014-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filologiya üzrə Ekspert Şurasının elmi katibi kimi fəaliyyət göstərmişdir.
Sönməz Abbaslı 2016-cı ildən dosent elmi adını almışdır.
2016-2020-ci illərdə İnstitutun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə elmlər doktorluğu üzrə doktoranturasında təhsil almışdır. “Qarabağ folklor mühitinin tipologiyası” mövzusunda doktorluq dissertasiyasını tamamlamışdır.
Azərbaycan da daxil olmaqla Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Makedoniyada keçirilən konfrans və simpoziumlarda fəal iştirak edir.
8-i xaricdə olmaqla, 80- ə yaxın məqalə və tezisin, “Azərbaycan lətifələrinin regional xüsusiyyətləri” və “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” monoqrafiyalarının, 10 tərtib kitabının müəllifi, dörd kitabın redaktorudur.
S.Abbaslı Türkiyədə nər olunan “Dergi Karadeniz” adlı beynəlxalq indeksli elmi jurnalın redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisidir. O, eləcə də Türkiyədə nəşr olunan “Mevsimlər” və İraqda yayımlanan “Türkmeneli” dərgilərində müxtəlif mövzulu məqalələrlə müntəzəm çıxış edir.
Sönməz Abbaslı 2020-ci ildə AMEA-nın Fəxri fərmanı ilə, 2021-ci ildə “Qafqaz-Media” İB-nin təsis etdiyi “İlin nüfuzlu alimi” kimi “İlhamlı Azərbaycan” və “Qarabağ ─ Azərbaycan” diplomları ilə təltif olunub.
Hal-hazırda “Klassik folklor” şöbəsinin aparıcı elmi işçisi və İnstitutun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsidir.