MİFOLOGİYA ŞÖBƏSİ - Şakir Əlif oğlu Albalıyev
25 aprel 1969-cu ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. 1986-cı ildə orta təhsilini başa vurub. 1987-1989-cu illərdə Qazaxıstan SSR Ağtəpə vilayətinin Emba – 5 şəhərində Sovet Ordusunda qulluq edib. Həmin vaxt “Boyevoye znamya” qəzetində hərbi müxbir işləyib, yazıları rus, qazax, özbək, tacik, kumuk və s. dillərdə yayımlanıb.
1989-1995-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Cəbrayıl rayonunun Dağtumas kənd orta məktəbində, 1993-2004-cü illərdə isə Saatlı rayonunun Azadkənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
1992-1993-cü illərdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə fədakarcasına iştirak etmişdir. Məğlubiyyət acısı ilə barışmaq istəmədiyindən son anadək mübarizə aparmış, bir neçə dəfə mühasirə vəziyyətinə düşmüşdür. 1993-cü ilin avqustunda Cəbrayılın işğalı zamanı hiyləgər düşmənlərə əsir düşmüşdür. Lakin döyüşçü fəndgirliyi sayəsində düşmənləri aldadaraq əsirlik əzabından qurtula bilmişdir.
2004-cü ildən AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində çalışır. Burada əvvəlcə elmi işçi, sonra böyük elmi işçi vəzifələrində çalışıb. 10 noyabr 2006-cı ildə “Azərbaycan məişət nağıllarında şah obrazı” mövzusunda dissertasiya müdafiə edib filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. “Azərbaycan məişət nağıllarında şah obrazı” və “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” adlı kitabların müəllifidir.
Cəbrayıl rayon İcra Hakimiyyətinin orqanı olan “Xudafərin” qəzetinin baş redaktorudur. Şeirləri “Ulduz” jurnalında, almanaxlarda və bir sıra mətbu orqanlarda çap olunur.
Hazırda Mifologiya şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.