AŞIQ YARADICILIĞI ŞÖBƏSİ - Hüseyn Ələsgər oğlu İsmayılov

Hüseyn İsmayılov 1952-ci il dekabrın 10-da Ermənistan SSR Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. 1970-1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil almışdır. 1974-cü ildə Ermənistan SSR Ararat rayonunun Şirazlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İrəvan Dövlət Pedaqoji İnstitutunda, 1976-1988-ci illərdə Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında müəllim işləmişdir. Azərbaycan, rus, xarici ölkələr ədəbiyyatından mühazirələr oxumuşdur.
1986-cı ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1989-1997-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Azərbaycan dili kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1995-1998-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyətə başlayan “Folklor sarayı” Elmi-Mədəni Mərkəzində elmi işlər və filiallar üzrə direktor müavini işləmişdir. 1998-2011-ci illərdə “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin (2003-cü ildən AMEA Folklor İnstitutunun) direktoru vəzifəsində çalışmışdır.
Səhhətində yaranan problemlə əlaqədar 2011-ci ildə AMEA Folklor İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir.
H.Ə.İsmayılov uzun illərdir ki, Azərbaycan aşıq sənətinin tarixi-prosessual strukturu üzərində araşdırmalar aparır. Onun bu sahədə Göyçə aşıq mətnlərinə əsaslanan “Göyçə folklor mühiti: təşəkkülü və inkişaf yolları” adlı doktorluq dissertasiyası türkoloji hadisə səviyyəsində müdafiə olunmuşdur. O, bu dissertasiyada Azərbaycan aşıq sənəti tarixinin yeni konseptual modelini qoymuş və bununla elmi həm saxta və əsassız ehkamlardan xilas etmiş, həm də Azərbaycan elmini dünya türkoloji arenasına çıxaran konsepsiya irəli sürmüşdür.
H.Ə.İsmayılov qırx il ərzində cəmi yeddi nömrəsi çıxmış “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” beynəlxalq məcmuəsinin işini qısa zaman ərzində yenidən qurmuş və kiçik müddətdə məcmuənin sayını artıraraq dövriliyini təmin etmişdir. O, institutda nəşr edilən “Dədə Qorqud” beynəlxalq dərgisinin çap işini yüksək səviyyədə təmin etmişdir. H.İsmayılovun rəhbərliyi altında Azərbaycan Folklor Antologiyası seriyası çap olunmuşdur. H.Ə.İsmayılov fundamental folklor arxivi yaratmağa nail olmuşdur. O, Azərbaycan folklorunun janrlar üzrə yüz cildliyinin çapına başlamaq üçün ciddi nailiyyətlər əldə etmişdir. Folklor arxivində artıq bu işi həyata keçirmək üçün yetmiş cilddən artıq material toplanmış və çeşidlənmişdir.
Türkiyənin nüfuzlu təşkilatı olan Hüseyn Qazi Kültür və Sənət Vəqfi Hüseyn İsmayılovu “Türk folkloruna xidmət ödülü” ilə mükafatlandırmışdır.
Hüseyn İsmayılov 200-ə yaxın elmi məqalənin, folklor toplularından ibarət 14 kitabın və iki monoqrafiyanın müəllifidir.
Hazırda AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində baş elmi işçi vəzifəsində çalışır.
Hüseyn Ələsgər İsmayılovun dərc olunmuş elmi əsərlərinin siyahısı
- Vətən qürbətdə qaldı. Bakı, Yazıçı, 1993
- Göyçənin qisası qalır. Bakı: Zaman, 1997, 384 səh. (Eldar İsmayıllaortaqlı)
- Hüseyn İsmayılov. “Miskin Abdal” Bakı: 2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf Miskin Abdal. Bakı, Səda, 2001. ISBN 5-86874-228-1
- Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları: monoqrafiya /red. N.Q. Cəfərov; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. – Bakı: Elm, 2002. – 404 s.; 20 sm. – 500 экз. — ISBN 5-8066-1531-6
- Göyçə aşıqları və el şairləri. I cild. Bakı: Səda, 2006
- Göyçə aşıqları və el şairləri. II cild. Bakı: Nurlan, 2010, 594 səh., 500 tiraj.
- Aşıq Ələsgər. Bakı: Ecoprint, 2017, 152 səh. ISBN 978-9952-29-103-0