XƏBƏRLƏR
“Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
AMEA FOLKLOR İNSTİTUTU
“FOLKLOR VƏ MƏNƏVİ BÜTÖVLÜK: GÜNEY AZƏRBAYCANIN FOLKLOR İRSİ”
mövzusunda Respublika Elmi Konfransı
(Bakı şəhəri, 17 noyabr 2023-cü il)
Milli mədəni irsimizin ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycan folkloru bu gün fərqli siyasi reallıqda, fərqli etnomədəni əlaqələr və ideoloji təsirlər şəraitində inkişaf etməkdədir. Tarix sübut edir ki, istər Quzey, istərsə də Güney Azərbaycanda xalqın milli-mənəvi oyanışı, mədəni sıçrayışı bütün dövrlərdə daha çox folklor üzərində köklənmiş, məhz şifahi xalq ədəbiyyatı böyük ölçüdə xalq ruhunun özünüifadəsinə çevrilmişdir.
AMEA Folklor İnstitutu son 10 il ərzində Güney Azərbaycan folklorunun toplanması, tədqiq və nəşri istiqamətində aktiv fəaliyyət göstərmiş, bölgənin folklor irsinin tədqiqinə həsr olunmuş çoxsaylı toplular və monoqrafiyalar (“Güney Azərbaycan folkloru” silsiləsindən 15 kitab, “Koroğlu” dastanının Əli Kəmali variantı, “Təbriz folklor mühiti”, “Təbriz folklor örnəkləri” və s.) nəşr etmişdir. Toplularda yer almış ayrı-ayrı xalq mərasim mətnləri, uşaq oyunları, dastan, nağıl, lətifə, əfsanə, rəvayət, bayatı, tapmaca və s. janrlarda olan çoxsaylı nümunələr bu gün folklor irsimizin müqayisəli şəkildə yenidən nəzərdən keçirilməsinə, yeni qənaət və nəticələrin əldə olunmasına şərait yaradır.
Azərbaycan aşıq ədəbiyyatının xəzinəsi sayılan Urmiya, Qaradağ-Təbriz, Zəncan, Savə və başqa aşıq mühitləri, bu mühitlərə bağlı aşıqların aşıq dilindən yazıya alınan dastanlar, aşıq havaları, şeir şəkilləri folklor dilimiz, dastançılıq ənənələrimizin yeni məlumatlar təqdim edir. Bu materiallar dilçi alimlərimiz üçün zəngin mənbədir.
Müasir qloballaşma şəraitində, dünya ictimaiyyətinin mədəni irsin mühafizə məsələlərinə xüsusi qayğıkeşliklə yanaşdığı, mədəni-tarixi dəyərlərin qəbul edilmiş beynəlxalq konvensiyalarda qorunduğu bir vaxtda Güney Azərbaycan folklorunun daha ətraflı şəkildə öyrənilməsi vacib problemlər sırasındadır. Bu gün bu irsin öyrənilməsi istiqamətində əldə olunan nailiyyətlər Azərbaycan xalqının fərqli siyasi məkanlarda qorunan folklor dünyasına və mənəvi düşüncəsinə açılan bir qapıdır. Güman edirik ki, bu qapı hələ çox-çox ziyalı, alimləri qarşılayacaq və bəlli səbəblərdən diqqətdən kənarda qalan folklor irsimizin bir arada öyrənilməsində töhfə verəcəkdir.
AMEA Folklor İnstitutu bu problemləri müzakirə etmək, həmin istiqamətdə yeni perspektivlər müəyyənləşdirmək məqsədilə 17 noyabr 2023-cü il tarixində “Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır.
Sizi Güney Azərbaycan folklor mühitinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru
Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Lalə Bədirova – AMEA Folklor İnstitutunun elmi işçisi
MÜHÜM TARİXLƏR:
- Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 15 oktyabr 2023-cü il tarixinədək guneyfolkloru@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
- Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 01 noyabr 2023-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
- Konfrans 17 noyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.