Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyənləşdirilməsi məsələsi müzakirə olunub

Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyənləşdirilməsi məsələsi müzakirə olunub

27 May 2023, 10:16 / Konfranslar, İclaslar

26 may 2023-cü il tarixində AMEA Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyən edilməsi ilə bağlı müzakirə keçirilib. Müzakirədə Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Gədəbəy aşıqları – Aşıq Cahangir Quliyev, Aşıq Nəbi Nağıyev, Aşıq Nazim Quliyev və güney aşıq, "Dalğa" musiqi qrupunun yaradıcısı və rəhbəri Aşıq Çingiz Mehdipur iştirak ediblər.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov müzakirə olunan məsələ ilə bağlı bildirib ki, Azərbaycanın qədim tarixinin bir hissəsini məhz milli geyimlər təşkil edir. Bu geyimlərdə xalqımızın maddi və mənəvi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri əks olunur. Milli təfəkkür, adət-ənənələrə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz bu gün öz aktuallığını itirsə də, milliliyimizin təcəssümü olan bu geyimlər yaşadılmalıdır. Akademik vurğulayıb ki, xalqımızın qədim el sənəti – aşıq sənətinin özəl xüsusiyyətlərindən biri də məhz geyim formasıdır. Müasir dövrümüzdə aşıqların geyimi də təkmilləşdirilməli, daha çox milliliyə üstünlük verilməlidir.

Sonra tar.ü.f.d., dos. Gülzadə Abdulova Azərbaycan xalqının geyim mədəniyyətinin tarixi-etnoqrafik xüsusiyyətlərindən danışıb. O qeyd edib ki, xalqın milli xüsusiyyətləri, etnogenezi, təsərrüfat məşğuliyyətinin istiqaməti, məskunlaşdığı ərazinin təbii-coğrafi şəraiti, bədii yaradıcılığı və s. tarixən milli geyimlərdə öz əksini tapıb. Eyni zamanda şəxsin yaşı, sosial vəziyyətini də geyimi ilə təyin etmək mümkün olub.

G.Abdulova milli qadın və kişi geyimlərimizin nümunələri üzərində fikirlərini əsaslandıraraq, bildirib ki, XIX-XX əsrdə əsas qadın geyimlərimiz çəpkən, arxalıq, ləbbadə, eşmək, küləcə və s. ibarət olub. Çəpkən köynəyin üstündən geyilib. Astarlı olub və belə qədər bədənə biçimi kip olub. Çəpkən əsasən tirmə, məxmər və kəmxa parçalardan hazırlanıb. Arxalıq geniş yayılmış geyimlərdən hesab olunur. Formaca müxtəlif biçimlidir. Çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Beldən aşağı hissəsinə büzməli, yaxud qırçınlı ətək tikilib. Arxalıqlar məxmər, tirmə, zərxara və başqa bahalı ipək parçalardan tikilib. Sarıma, bafta, şəms, zəncirə, qaragöz bafta, zərbafta və başqa geyim bəzəkləri ilə bəzədilib. Ləbbadə sırıqlı və astarlı olur. Yaxası açıq, bel hissəsi isə bağ ilə bağlanır. Beldən bir qədər aşağı yan tərəfində qısa çapığı olur. Qolu dirsəyə qədər, qoltuq altı açıq biçilir. Əsasən tirmə, məxmər və müxtəlif zərli parçalardan hazırlanır. Yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla, əsasən şahpəsəndlə bəzədilir.

Kişi geyimlərimiz isə üst köynək, arxalıq, çuxa, baş geyimləri, ayaqqabı və şalvardan ibarət olub. G.Abdulova qeyd edib ki, xalq geyimlərinin geniş yayılmış bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan üçün səciyyəvi olub. Üst köynək: bu geyimin iki növ var. Yaxası qaytandan olan düymə və ilgək ilə düymələnib. Əsasən atlasdan və sətindən tikilib. Arxalıq isə beldən kəsik və bədənə kip biçilib. Ətəyi qırçın və büzməli, qolları düz, bilək hissəyə doğru daralır. Əsasən atlas, nazik mahud, sətin, lastik parçadan tikilir. Onun üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayıblar. Çuxa da kişi üst geyimlərindən biridir. Belə qədər kip və astarlı, ətəyi büzməli, yaxud qırçınlı tikilir. Kişi baş geyimləri müxtəlif biçimli olub. Əsasən dəridən hazırlanıb. Buxara və çərkəzi papaq və s.

Müzakirədə iştirak edən aşıqlar – Aşıq Cahangir Quliyev, Aşıq Nəbi Nağıyev, Aşıq Nazim Quliyev və güneyli aşıq Çingiz Mehdipur da mövzu ətrafında fikir mübadiləsi apararaq, müasir aşıqların geyimləri ilə bağlı öz fikirlərini bildiriblər. Vurğulayıblar ki, aşığın istedadı, ifa tərzi ilə geyim forması bir-birini tamamlamalıdır. Bu geyim elə olmalıdır ki, aşıq sazı rahat ifa etsin, özünü sərbəst hiss etsin və çevik hərəkətlər edə bilsin.