XƏBƏRLƏR
Folklor İnstitutunun dosenti Beynəlxalq Radioya müsahibə verib
Dekabrın 5-də AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Beynəlxalq Radionun “Azərbaycanın səsi” proqramına müsahibə verib. Müsahibədə bir neçə gün əvvəl Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulunun BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasından bəhs olunub. Bildirilib ki, bu, əlamətdar bir hadisədir. Sözügedən məsələ təkcə Azərbaycanın maddi mədəniyyət məsələsi deyil, bu, ilk növbədə xalqımızın qədimliyindən, oturaq mədəniyyətindən, xalqlar içərisində özünəməxsusluğundan və dövlətçilik ənənələrinin qədimliyindən xəbər verir. Çörəkbişirmə bir xalqın tarix səhnəsində özünəməxsus yer tutmasının ifadəsidir.
Azərbaycanın müxtəlif bölgələrində təndirin qoyulması üsullarından da bəhs edən əməkdaşımız vurğulayıb ki, çörəkbişirmə mədəniyyətini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim mənəvi borclarımızdan biridir.
Qeyd edək ki, 4 dekabr 2024-cü il tarixində Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə mədəniyyəti” nominasiyası uğurla Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Bununla da Azərbaycanın UNESCO-nun sözügedən siyahısındakı mədəni irs nümunələrinin sayı 24-ə çatıb.