Əməkdaşlarımız “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransında iştirak ediblər

Əməkdaşlarımız “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransında iştirak ediblər

20 May 2024, 18:00 / Konfranslar, İclaslar

Mayın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, qonaqları akademiyanın kitabxanasında görməkdən məmnun olduğunu ifadə edib. Artıq üçüncü dəfədir ki, MEK-in iştirakı ilə kitabxana işinin aktual məsələlərinə həsr olunmuş konfransın keçirildiyini vurğulayan akademik burada AR Milli Məclisi tərəfindən bəyan olunmuş, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş kitabxanalar haqqında qanunların, elektron sənədlərin icrasında müasir dövrün çağırışlarına uyğun olaraq aparılan işlərin geniş şəkildə müzakirə olunduğunu, bu istiqamətdə ölkənin təcrübəsinin öyrənildiyini və lazımlı addımların atıldığını nəzərə çatdırıb. “Azərbaycanı XX əsrin böhranından çıxaran Ümummili Lider, böyük siyasətçi Heydər Əliyev yeni inkişafın böyük təməllərini qoydu. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan dünyanın ən mühüm ölkələri sırasında olmağı bacardı. Ona görə də müasir kitabxana zamanla ayaqlaşmalı, inkişaf etmiş Azərbaycanı dünyaya göstərməlidir”,  – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Daha sonra plenar iclasın məruzələri dinlənilib.

Sözügedən konfransda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Qadınlar Təşkilatının sədri, fil.ü.f.d. Xəyalə Ağayeva konfransın “Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” adlı bölmə iclasında “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda məruzə ilə çıxış edib. Əməkdaşımız bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda hakimiyyətdə olduğu illərdə elmin və mədəniyyətin inkişafı istiqamətində xeyli işlər görüb. “Kitabi-Dədə Qorqud” dastanı  haqqında fikirlərində Heydər Əliyev dastanı həm də xalqımızın etika kitabı, əxlaq kodeksi kimi dəyərləndirib, eposda olan milli-mənəvi dəyərlər, stereotiplər, rituallar sistemini varlığımızın ayrılmaz hissəsi hesab edib.  “Ulu Öndərin “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı imzaladığı fərmana əsasən alimlərimiz bu sahadə müxtəlif tədqiqat əsərləri ortaya qoyublar”, – deyə X.Ağayeva vurğulayıb.

İnstitutun Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Vüsal Səfiyeva isə konfransın “Dəyişən sosial mühitdə kitabxanaların rolu” adlı bölmə iclasında “Dəyişən sosial mühitdə kitabxanaların funksional cəhətləri” mövzusunda məruzəsini təqdim edib. Məruzədə dəyişən sosial mühitdə kitabxanaların funksional cəhətləri araşdırılaraq, istər mütaliə mədəniyyəti etibarilə, istər canlı ünsiyyət formasında, istərsə də kommunikativ-texnoloji reallıq baxımından kitabxanaların mühüm rolu və fəaliyyət imkanları dəyərləndirilib.