Professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”un struktur-semantik özəllikləri və dünya epos ənənəsində yeri” mövzusunda mühazirəsi dinlənilib

Professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”un struktur-semantik özəllikləri və dünya epos ənənəsində yeri” mövzusunda mühazirəsi dinlənilib

03 Aprel 2024, 23:25 / Konfranslar, İclaslar

3 aprel 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı institutda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlara “Kitabi-Dədə Qorqud”un struktur-semantik özəllikləri və dünya epos ənənəsində yeri” mövzusunda mühazirə deyib. Mühazirədə bildirilib ki, “Dədə Qorqud” oğuz türklərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər nümunəsidir ki, onda əcdadlarımızın ilkin dünyagörüşündən başlamış orta çağların tarixi hadisələrinə qədər əksər sosial institutların izləri əks olunur, daha dəqiq desək, türkün milli xarakteri, psixologiyası, adət-ənənələri, dini-fəlsəfi baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə münasibətləri, şifahi və yazılı dilinin tarixi öz əksini tapır.

“Dünya xalqlarının yazılı epos və ədəbi abidələri ilə bağlı bir cəhət maraqlıdır ki, məsələn, “Beovulf” dastanı və “Robin Qud” xalq balladası Britaniya adalarının sərhədlərindən kənara çıxmadığı halda, türk epik təfəkkürünün məhsulu olan “Dədə Qorqud” eposunun yayılma arealı çox genişdir”, – deyə alim vurğulayıb.

“Kitabi-Dədə Qorqud”un yaranması, strukturu, dil və üslub xüsusiyyətlərindən bəhs edən professor eposun nəşr və tədqiq tarixindən də söz açıb.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.