XƏBƏRLƏR
“Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri çapdan çıxıb
AMEA Folklor İnstitutu ölkə Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycanla bağlı siyasətinə dəstək olaraq Qərbi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi istiqamətində müntəzəm işlər aparır. Bunun nəticəsi olaraq bugünlərdə İnstitutun Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri nəşr olunmuşdur. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli, I cilddəki folklor örnəklərini toplayanlar filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) və Məhsəti Süleymanova, tərtibçisi Ləman Vaqifqızı, II cildi toplayıb tərtib edən filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadədir.
Cildlər Şəki, Biləsuvar, Salyan, Sabirabad və Bərdə rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası və Bakı şəhərində məskunlaşmış Qərbi azərbaycanlılardan toplanmış folklor örnəkləri əsasında tərtib olunmuşdur. Kitabdakı materialların böyük əksəriyyəti 2023-cü ildə toplandığı üçün bölgə folklorunun müasir durumu, deportasiyanın bölgədəki folklor mühitlərinə vurduğu zərər haqqında aydın təsəvvür yaradır. Müxtəlif bölmələrdən ibarət olan hər iki cilddə Qərbi Azərbaycan sakinlərindən toplanmış mifoloji təsəvvürlər, əfsanə və rəvayətlər, nağıllar, lətifələr, inanclar, bayatılar, nəğmələr, uşaq oyunları yer almışdır. Folklor toplamaları zamanı məlum olmuşdur ki, keçən əsrin 50-ci illərində bölgədən deportasiya olunmuş sakinlərin əksəriyyəti bölgəni səthi xatırlayır, yalnız ata-anasından eşitdiyi məlumatları çatdırır. Amma 1988-1989-cu illərdə deportasiya olunmuş əhalidə bölgə haqqında xatirələr hələ də canlılığını qoruyub saxlayıb, onlardan bölgədəki məkan və yer adları, ziyarətgahlar haqqında maraqlı məlumatlar yazıya almaq mümkündür.
Qərbi Azərbaycandan deportasiya olunmuş əhalinin yalnız bir qismi kompakt şəkildə məskunlaşdırılmış, böyük əksəriyyəti müxtəlif kəndlərin ərazisində yerləşdirilmişdir. Kompakt düşən kəndlərin əhalisi ləhcələrini qoruyub saxladığı halda, yerli əhalinin yaşadığı kəndlərdə məskunlaşanların nitqində o bölgə üçün xarakterik ləhcə xüsusiyyətləri müşahidə olunur.
Oxucuya təqdim olunan bu kitab nağılçılıq ənənəsinin müasir durumu haqqında da aydın təsəvvür yaradır. Bölgə sakinlərindən toplanmış nağıllarda maraqlı qəhrəman tiplərinə rast gəlinməsi, bölgə üçün xarakterik kontaminasiyaların olması vaxtilə burada güclü nağılçılıq ənənəsinin olmasından xəbər verir. Təəssüflər olsun ki, ənənəvi nağıl məclislərinin dövriyyədən çıxması nağıllardan da yan keçməmişdir. Bu gün söyləyici vaxtilə eşitdiyi nağılların sadəcə quru məzmununu danışır, təsvir demək olar ki, yox dərəcəsindədir, ənənəvi formullardan istifadə olunmur. Üçləmə üzərində qurulan nağıllarda epizodlardan bir və ya ikisi unudulur, nəticədə nağıl natamam şəkildə çatdırılır. Təhriflərin bu qədər artması, mətnlərin naqis şəkildə çatdırılması, ənənəvi süjetlərin əksəriyyətinin dövriyyədən çıxması klassik folklorun durumunu göz önünə sərir. Müşahidələr göstərir ki, vaxtilə həm böyüklərin, həm də uşaqların maraqla dinlədiyi sehrli nağıllar artıq epik dövriyyədən çıxmışdır. Bunun əsas səbəbi sehrli nağılların auditoriyasını itirməsi, söyləyicinin sehrli nağılların məzmununu öz dövrü, zamanı ilə əlaqələndirə bilməməsidir. Sehrli nağıllardan fərqli olaraq, dini nağıllar auditoriyasını qoruyub saxlamış, bu gün də ifa olunduqları üçün mətn diri qalmışdır.
Folklor toplamaları göstərir ki, insanlar arasında savadlılıq artdıqca onlar mədəni ehtiyaclarını təkcə şifahi söz vasitəsi ilə deyil, həm də yazılı mənbələr vasitəsi ilə ödəyirlər. Bu hal təhsilli şəxslər arasında özünü daha qabarıq göstərir. Onlar özlərinin bədii maraqlarını kitab vasitəsi ilə təmin edir, kitabdan öyrəndikləri rəvayətləri yeri gəldikdə başqalarına da söyləyirlər. Nəticədə bu gün şifahi ənənə təkcə ağızdan-ağıza ötürülərək gələn nümunələr hesabına deyil, həm də yazılı mənbələr hesabına formalaşır, yazılı mənbələrdən alınmış mətnlərin şifahi ənənədə çəkisi günü-gündən artır. Kitab mənşəli mətnlər şifahi ənənəyə daxil olaraq onu zənginləşdirir, daha da çeşidləndirir. Əslində həmin süjetlərin özləri də vaxtilə şifahi ənənədən yazıya alınmışdır, təkrar epik dövriyyəyə qayıtmaqla onlar yenidən özlərinin şifahi həyatlarını yaşamağa başlayır. Bu baxımdan, oxuculara təqdim olunan bu kitab yazılı mədəniyyətin şifahi ənənəyə təsirini öyrənmək üçün zəngin material verir.
Kitabın müsbət tərəflərindən biri odur ki, kiçik janrlara dair bir çox nümunələr işləndiyi kontekst daxilində verilib. Mətnin kontekstinin qeyd olunması, onun başa düşülməsinə, anlaşılmasına xidmət edən amillərdən biridir. Ona görə də kitabda şifahi ənənədən yazıya alınmış bəzi atalar sözləri, bayatılar və inanclar işləndiyi kontekst daxilində verilib. Bu prinsip iri janrlarda da gözlənilib, əgər mətn müəyyən kontekst daxilində ifa olunubsa, həmin kontekstlə bağlı məlumatlar da mətnə əlavə edilib.
Bundan başqa, kitabda şifahi ənənədən yazıya alınmış yuxular və fal mətnləri də yer almışdır. İndiyə qədər belə mətnlər toplanılmadığı üçün Azərbaycan folklorşünaslığında kimsə yuxugörmələrdən bir folklor janrı kimi bəhs etməmişdir. Amma yuxugörmə mətnləri üzərində müşahidələr göstərir ki, burada istifadə olunan simvolika sırf folklor simvolikasıdır, folkloru bilmədən onları izah etmək mümkün deyildir. Bunu nəzərə alaraq kitaba şifahi ənənədən yazıya alınmış bir neçə yuxu və fal mətni də daxil edilmiş və onlar ayrıca yarımbaşlıq altında təqdim olunmuşdur.
Beləliklə, Qərbi Azərbaycan folkloruna dair yuxarıda qeyd olunan məsələlər, həm də bölgənin etnoqrafik həyatı, Qərbi Azərbaycandakı toponimlər, nəsillər və tayfalar, onların tarixi, deportasiya zamanı çəkdiyi müsibətlər, ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr haqqında daha ətraflı məlumat əldə etmək üçün AMEA Folklor İnstitutunun oxuculara təqdim etdiyi bu kitab zəngin material verir.