Ölümü ilə əbədilik qazanan Ülvi Bünyadzadə

Ölümü ilə əbədilik qazanan Ülvi Bünyadzadə

20 Yanvar 2024, 09:13 / Mühüm hadisələr

Bilirik ki, şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucadır. Bu ucalığa çatmaq hamıya nəsib olmur. Vətəni naminə ali amallar uğrunda vuruşan, xalqı, torpağı yolunda canını qurban etməkdən çəkinməyən mərd, qorxmaz insanlar ucala bilərlər bu uca zirvəyə. Təbii ki, şəhidlik zirvəsinə yüksələn insanlar ölmürlər, əksinə əbədi bir həyat qazanırlar. Ülvi Bünyadzadə kimi Vətən uğrunda şəhid olub əbədiyyətə qovuşmaq Vətənin tarixində, xalqın hafizəsində yaşamaqdan, unudulmamaqdan ibarətdir. Şəhid olduğu 20 Yanvar gecəsində Ülvi Bünyadzadə iyirmi bir yaşı varmış. O gecə Ülvinin simasında Vətən üçün təkcə azadlıq, müstəqillik fədaisi deyil, həm də sabahın istedadlı bir şairi, publisisti, ləyaqətli vətəndaşı qətlə yetirildi.

Ülvi Bünyadzadənin “Qarabağ” haqqında belə bir şeiri də var. Şeirin bir bəndinə diqqət yetirək:   

Qarabağdı mənim dinim-imanım,

O torpağın nişanəsi, iziyəm.

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə də Qarabağın özüyəm.

“Qarabağ” sanki bu gün üçün və ya ümumən şəhidlərimiz üçün yazılmış bir şeirdir. Şeiri oxuyanda məndə də belə bir sual yarandı ki, gənc şair bu şeiri  yaşının hansı zamanında uzaqgörənliklə yazıb, görəsən? Ülvü Bünyadzadənin bu şeirinə olan münasibətimi yazdığım misralarla bildirmək istəyirəm:

Vətən deyib qayasından yapışdıq,                                             

Yorulmadıq gecə-gündüz çarpışdıq

Tüstüsüz, ocaqsız, odsuz alışdıq,

Qızıldı torpağın, daşın Qarabağ!

İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq Ülvi Bünyadzadənin parlaq siması  bir qəhrəmanlıq obrazı kimi gələcək nəsillərə yadigar qalacaq. Onun şəxsiyyəti, qısa ömrü ərzində yazıb-yaratdığı əsərləri, ədəbi  fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə o qədər qaynayıb-qarışıb ki, ondan söhbət açarkən əslində xalqın tarixindən, ədəbiyyatından danışmış oluruq.

Gözlərindən qəm yaşını sil, yaşa.                                                                        

Yaşa Vətən, milyon-milyon il yaşa.                                                  

Yaşamağın mənasını bil, yaşa.                                                                  

Mən qorxmuram uzaq yola çıxmaqdan,                                                     

Bu yolun şaxtasından, soyuğundan                                                            

Mən qorxmuram,                                                                                      

Bu yolun acısından, ağrısından ,                                                           

“Ölüm” adlı yuxusundan                                                                                    

Mən qorxmuram

Bu şeirin müəllifi, əlbəttə ki, Ülvidir.

İllər ötsə də, şəhidlər heç vaxt unudulmur, hər zaman dərin ehtiramla yad edilir. Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid verən xalq, əlbəttə ki, xəşbəxtdir. Buna görə də xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə mənəvi haqqı var. Bu müqəddəs amalla yaşayan insanlar 20 Yanvar gecəsində düşmən qarşısından geri çəkilmədilər, görünməmiş bir mübarizlik göstərdilər. Bu gün vətənimizin hər yerində şəhidlərin xatirəsinin ehtiramla yad edildiyinin şahidi oluruq. Bakının ən uca yerində Şəhidlər xiyabanı salınıb və bura xalqımızın ziyarət etdiyi müqəddəs məkana çevrilib. Bununla bahəm ölkəmizin digər böyük şəhərlərində də Şəhidlər xiyabanı vardır. Eləcə də çox sayda məktəblərə, parklara küçələrə şəhidlərin adı verilib. Bütün bunlar da şəhidlərin ruhuna ehtiramın həssas nümunəsidir. Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim” kitabında yazılır: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”.                                                       

1990-cı ilin yanvar gecəsində öz müstəqilliyi uğrunda mübarizəyə qalxan xalqa divan tutulmuşdur. Bakı şəhəri dəhşətli anlar yaşadı o gecə. Küçələr dağılır, evlər gülləbaran edilir, körpələr diksinir, igidlər şəhid oldu, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı. Şəhidlik ölümlərin ən şərəflisidir.   Buna görə şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum olar. Şəhidi olmayan xalqın mənliyi, kimliyi, azadlığı da bilinməz. Əbədiyyətə qovuşan, öz qanları, canları hesabına zəncirləri qırıb işıqlı sabaha, xoşbəxt gələcəyə imza atan şəhidlər bu gün Allahın dərgahında müqəddəsdirlər.

Hər birimizin qəlbində müqəddəs bir hiss var – Vətənə, torpağa, yurda, millətinə məhəbbət hissi. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk addımlarını da  vətən torpağında atır və vətənə, torpağa sevgi də deyə bilərik ki, elə bu zamanlar yaranır. Bu sevgi zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan şəhidləri yad etmək, xatirəsini əziz tutmaq hər birimizin borcudur. Qeyd etdiyimiz kimi, qürur yerimiz olan şəhidlərimizi tanımaq, övladlarımızı vətənpərvərlik ruhunda böyütmək, torpağına, xalqına hörmət, sevgi hissi ilə tərbiyə etmək, şəhidlərimizi onlara tanıtmaq hər birimizin ən ümdə vəzifəmizdir.

 

SEVİNC ƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Folklor və yazılı ədəbiyyat şöbəsinin

aparıcı elmi işçisi