XƏBƏRLƏR
Ülvi Bünyadzadənin həyat və yaradıcılıq yolu
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar şəhidlərimizdən biri – gənc, istedadlı Ülvi Bünyadzədənin həyat və yaradıcılıq yoluna nəzər saldıqda onun necə qəhrəman olduğunu görürük.
Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır. 5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür.
12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları ilə “Daşkəsən” qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən “Qoşqar” Ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində ifa edə bilirdi.
1986-cı ildə sənədlərini ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunmuşdur.
Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir.
1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma “Dağlıq Qarabağ probleminin” xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur.
10 sentyabr 1989-cu ildə ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs “And”ını yazmışdı.
Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur.
Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı “Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq” deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır.
19 yanvar 1990-cı ildə gecə Bakıya girən sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.
Ülvi Bünyadzadə Bakıda Şəhidlər xiyabanında 40-cı qəbirdə dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən Anaşkin küçəsinə) “Ülvi Bünyadzadə küçəsi” adı verilib. Həmin evin (babasının evinin) divarına “Burada 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulmuşdur.
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə fəxri adı verilmişdir.
Qısa, lakin şərəfli bir ömür yaşamış şəhid Ülvi Bünyadzadənin şeirləri çox təsirlidir. Onun demək olar ki, bütün şeirlərində Vətənə məhəbbətini duyuruq.
Aman qardaş, doğrudurmu deyirlər
Gecə-gündüz qan tökülür yurdumda
Qarabağın tarixini danırlar
Məscid uçur, dam sökülür yurdumda
Qarabağdı mənim dinim, imanım
O torpağın nişanəsi, iziyəm
Məni belə aciz görmə qəbirdə
Qəbirdə də Qarabağın özüyəm.
O vaxt Qarabağda baş verən hadisələr gənc Ülvini çox narahat edirdi. Qələmə aldığı bu şeirlə yurduna olan sevgisini ifadə edirdi. Məscidlərin, evlərin uçurulmasını ürək yanğısı ilə qələmə alan gənc şair Qarabağın tarixini, Azərbaycan torpağı olduğunu, ermənilərin vəhşiliyini qələmə alır. Bu şeir “Ömür yolu” poemasında üçüncü ruhun dilindən verilir.
Dünyanın faniliyi, ikiüzlü olması haqqında poeziyamızda çoxlu nümunələr var. Dünyaya müraciətlə yazdığı şeirdə gənc şair bir üzü ağ, bir üzü qara olan dünyanın bir tərəfinin gül-çiçəkli, bir tərəfinin isə qanlı-qadalı olmasını qeyd edir. Şeirin son misraları da təsirlidir. Şair burada dünyada iki tip – uca və alçaq insan olduğunu qeyd edir:
Dünya, sənin iki üzün varıymış,
Biri qara, o biri ağ deyilmi?
Bir tərəfli güllü çəmən, bağça-bağ
Bir tərəfdə qanlı çanaq deyilmi?
Ömür neydi, yanğısını kim bilir
Ağrısını, acısını kim bilir?
İnsanlara həyat iki şey verir
Biri oraq, biri yaraq deyilmi?
Qohum küsər, küsə-küsə yad olar
Namərd gülər, şirinləşib dad olar
Ay Ülvi, dünyada iki adam var
Biri uca, biri alçaq deyilmi?
Gənc Ülvinin sevdiyi qıza müraciətlə yazdığı şeir insanı çox duyğulandırır. Xüsusən şeirin üçüncü bəndində sanki dünyadan nakam gedəcəyini bilirmiş kimi bu sətirləri yazır:
Dedim: “Sonam, getmə dayan”
Dedim: “Bəxtim yatma oyan”
Dedim: “Köçsəm bu dünyadan”
Köks ötürüb anasısan.
Ülvi “Bənövşə” şeirində aşiqlərin küsüşməsini bənövşəyə bənzədir. Həmçinin şeirdə 1941-1945-ci illər İkinci Dünya müharibəsində cəbhəyə yollanan nişanlısını gözləyən qızlar da bənövşəyə bənzədilir.
Bənövşə
Bahar nə şirin şeymiş
Ətri bənövşədəymiş
Ömrüm sənin eşqindi
Eşqin də bənövşəymiş.
Bənövşə özün öyər
Vaqifdən qoşma deyər
Qurbanidən, Vurğundan
Xatirələr söyləyər.
Bənövşə boynun əyir
Dərdin mənə söyləyir
41-45-dən gedən
Nişanlısın gözləyir.
Bənövşə dağ-döşündə,
Üşüyər şeh düşəndə
Bənövşəyə bənzəyər
Aşiqlər küsüşəndə.
Vaqifin, Qurbaninin, Vurğunun da “Bənövşə”lərini yada salan Ülvinin klassik ədəbiyyatımıza olan sevgisini görürük. Ülvi həm də dünya ədəbiyyatını çox sevirdi. Bu onun etdiyi tərcümələrdə də özünü göstərir.
T.Q.Bayron, P.B.Şelli, T.Hud, A.S.Puşkin, Ç.Kinqrli, S.P.Gilman, R.Kiplinq, İ.Mixayluçenko, Ç.Makeynin şeirlərini, M.Tven, O.Henri, B.Şou, O.Uayld, Moem və Merisvildin nəsr əsərlərini tərcümə etmişdir.
Bu il 55 yaşı tamam olan gənc şair Ülvi Bünyadzadənin əziz xatirəsi daim qəlbimizdədir. Ümid edirik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində biz Ülvinin doğulduğu Qərbi Azərbaycana – tarixi torpaqlarımıza qayıdacağıq.
XƏYALƏ AĞAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Folklor və yazılı ədəbiyyat şöbəsinin
aparıcı elmi işçisi