Folklorşünaslar Hikmət Quliyev və Səfa Qarayevin növbəti məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

Folklorşünaslar Hikmət Quliyev və Səfa Qarayevin növbəti məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

08 Yanvar 2024, 09:51 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Folklorda kişilik idiokulturasının təcəssümü: Azərbaycanda qadınlardan sirr saxlama (real və virtual sosial mühit kontekstində)” məqaləsi (“Embodiment of the Manhood in Folklore: Keeping Secret From Women in Azerbaijan (in the context of a real and virtual social environment)” “Web of Science” bazasına daxil olan nüfuzlu “Issues in Ethnology and Anthropology” jurnalında dərc edilib.

Məqalə hazırda dünya folklorşünaslığının aktual elmi paradiqmalarından biri hesab olunan sosial-antropoloji yanaşma əsasında yazılmışdır. Araşdırmada ilk dəfə olaraq, sosial-psixoloji komplekslərin real və virtual sosial-mədəni mühitdəki metaforik-simvolik ifadəsi tədqiqata cəlb olunmuşdur. Sosial-antropoloji yanaşma əsasında müəyyənləşdirilmişdir ki, Azərbaycan sosio-mədəni mühitində sosial mövqe, status və yanaşmaların müəyyənləşməsində kişi mövqeyi aparıcı rola malikdir. Bu aspektdən yaradılan folklor nümunələri kişi sosial qruplarının maraqlarını idealizə edərək həmin qrupa aid olan informasiyanın qorunması, ötürülməsi və təbliği üçün bir sıra folklor resurslarını ortaya çıxarır.

Görkəmli Amerika folklorşünası Alan Dundesin yanaşmasına əsaslanaraq məqalədə diqqətə çatdırılır ki, folklor müsbət təcrübələrin ötürülmə vasitəsi kimi çıxış etməklə yanaşı, bəzən neqativ davranış və ənənələrin də yayılmasına dəstək verə bilir. Alimin yanaşmasına görə, neqativ təcrübənin aradan qaldırılmasının yolu qeyri-şüuri şəkildə yaradılan və ötürülən folklora rasional yanaşma sərgiləməklə mümkündür. Bu halda folklor vasitəsilə ötürülən neqativ davranış və stereotiplərə rasional metodlarla şüurlu yanaşma sanki qaranlığa işıq salınması effektini doğurur. Başqa sözlə, rasional baxış qeyri-şüuri neqativ stereotiplərin aradan qaldırılması üçün münbit şərait yaradır.

Sosial-antropoloji yanaşma işığında Azərbaycan mühitində kişi sosial qruplarının qadınlardan “sirr saxlamaqla” bağlı stereotip düşüncəsini diqqət mərkəzinə gətirən müəlliflər məqalədə göstərirlər ki, Azərbaycan cəmiyyətində kişi mövqeyi bu gün də həlledici əhəmiyyətə malikdir. Bu baxımdan cəmiyyətdə kultlaşdırılan dəyərlərin çoxu kişi kollektivinin maraqlarını təcəssüm etdirir. Sosial həyatın bir çox sferalarında kişilərin üstünlüyünü təsdiqləyən bu mövqe folklorda, həm birbaşa, həm də simvolik şəkildə ifadə olunur. Yaradılış miflərində kişilərin qadınlardan üstünlüyü Tanrı tərəfindən yaradılan norma kimi diqqətə çatdırılırsa, gündəlik həyatda tez-tez işlənən atalar sözləri və inanclar həmin münasibəti davam etdirir.

Təhlillər nəticəsində məlum olur ki, kişi kollektivində sirr saxlamaq qabiliyyəti xüsusi ilə yüksək dəyərləndirilir və bu kişiliyin əsas şərtlərindən biri hesab edilir. Azərbaycan cəmiyyətində kişilərin yanaşmasına görə, qadınlar sirr saxlamaq qabiliyyətindən məhrumdurlar. Bu isə qadınlara natamam varlıq kimi yanaşılmasından qaynaqlanır. Kişi kollektivinin qadınlara sirr verilməməsi ilə bağlı stereotipləri onları “kişi işlərindən” kənarda qoymaq istəyindən irəli gəlir. Belə ki, bugünün özündə belə kişilərin müxtəlif işlərinə müdaxilə etmək istəyən qadınlara zarafatla “sən kişi işinə qarışma” ifadəsi ilə münasibət bildirilir. Qadınları “sirlərdən uzaq saxlamaq” stereotipi bu gender qrupunu informasiya blokadasında saxlamaqla kişilərin özlərinin üstün mövqelərinin təsdiq edilməsinə xidmət edir. Kişilərin qadınlardan sirr saxlamaqla bağlı stereotipləri atalar sözləri və inanclarda hökm şəklində diqqətə çatdırılırsa, epik folklor nümunələrində bu yanaşma kişi və qadın arasındakı ayrı-ayrı konfliktlərlə əsaslandırılır.

Kişilərin qadınlardan sirr saxlamaqla bağlı olan stereotipləri yeni yaranan İnternet folklorunda da spesifik şəkildə əks olunmuşdur. Lokal və qlobal ənənələrin çulğalaşması, yeni trend və tendensiyaların ortaya çıxması ilə xarakterizə olunan İnternet folklorunda ənənəyə və onu yaşadan stereotiplərə münasibət fərqli məzmun daşıyır. Əsasən yeniyetmə və gənclərdən təşkil olunan İnternet mühitinin idiokulturoloji trendləri həmin sosial qrupun sosio-psixoloji dinamikləri əsasında müəyyənləşdirir.

Təhlillər onu göstərir ki, Azərbaycandilli virtual sosial mühitdə kişilərin qadınlarla bağlı mənfi stereotipləri ənənədən fərqli olaraq, gülüş və ironiya ilə müşayiət olunur. Başqa sözlə desək, ənənəvi düşüncədəki sərt, kəskin baxışlar elitar mədəniyyətin, sivil və humanitar dəyərlərin təsiri ilə öz kəskin təzyiqini azaltmağa doğru gedir. Odur ki, virtual sosial mühitdə kişilik stereotiplərinə, xüsusən də, “sirr” konseptinə olan ironik münasibətin əsasında bir sıra faktorlarla yanaşı, İnternetin, sosial şəbəkələrin liberal və demokratik prinsiplər üzərində qurulması dayanır. Təsadüfi deyildir ki, ənənəvi mədəni mühitdə, lokal və real sosial çərçivədə dəstəklənən və təbliğ olunan kişiliklə bağlı bəzi stereotiplər İnternet mühitində yeniyetmə və gənclər tərəfindən ironik interpretasiyaya məruz qalırlar.

Kişilərin qadınlardan sirr saxlamaları ilə bağlı konsept İnternet folklorunda fərdi və ya şəxsi məlumatlara olan həssaslıqda da özünü aydın şəkildə büruzə verir. Virtual sosial şəbəkələrdə kişilərin qadınlardan və ərlərin arvadlarından gizli saxladığı məlumatlar barədə folklorik faktların  təhlili onu göstərir ki, kişilər sirrə, məxfi məlumatlara çox həssasdırlar. Lakin ənənəvi folklordan fərqli olaraq, İnternet folklorunda kişilərin qadınlardan sirr saxlaması gülüş və ironik münasibətlə müşayiət olunur. Eyni zamanda ənənəvi mühitdə hökm və tabularla, qadağa və cəza ilə tənzimlənən “sirr” konseptinə virtual mühitdə münasibət stereotiplərin təzyiqindən və təsirindən xilas olma, ənənəyə alternativlər yaratma şəklində də özünü göstərir.

Bütövlükdə istər real, istərsə də virtual sosial mühitdən qeydə alınmış folklor faktlarının təhlili onu göstərir ki, Azərbaycan cəmiyyətində kişiliklə, xüsusən qadınlardan sirr saxlama ilə bağlı stereotiplər bu gün də yaşamaqda, cinslərarası münasibətlərin formalaşmasında mühüm rol oynamaqdadır.