“Turan sevdalısı” kitabı çapdan çıxıb

“Turan sevdalısı” kitabı çapdan çıxıb

25 Dekabr 2023, 15:10 / Nəşrlər

Bugünlərdə AMEA Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, folklor, ədəbiyyatşünaslıq, publisistika, türkologiya ilə bağlı dəyərli tədqiqatları ilə tanınan Əli Şamilin yaradıcılığına həsr edilən “Turan sevdalısı” adlı məqalələr toplusu çap olunub. Azərnəşrdə işıq üzü görən 256 səhifəlik kitabın elmi redaktoru və tərtibçisi filologiya elmləri doktoru, professor Almaz Həsənqızı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Sürəyya Sultanovadır.

Kitaba Bədirxan Əhmədlinin “Əli Şamilin elmi yaradıcılığı çağdaş ədəbiyyatşünaslıq mərhələsinin faktı kimi”, Ramiz Əsgərin “Türk dünyasına bələdçilik edən çağdaş məxəz”, Almaz Həsənqızının “Azərbaycan türklərinin ədəbiyyat tarixi”: əlyazmadan kitaba”, Ülkər Nəbiyevanın “Koroğlu” dastanı: versiyaları, variantları və nəşrləri”, Vüsalə Musalının “Çağdaş türk ədəbiyyatlarının öyrənilməmiş mövzuları Əli Şamilin araşdırmalarında”, Səadət Kəriminin “Azərbaycan xalqının sevimli ziyalısı – Əli Şamil”, Ənvər Uzunun “Türk dünyasının ağsaqqalı”, Pərvanə Məmmədlinin “Türk xalqları sevdalısı”, Sürəyya Sultanovanın “Yaşam tarixçəsi”, Samirə Məmmədlinin “Solovkidə gördüklərim” Əli Şamilin təqdimində”, Zəhra Nur Betül Altunun “Əli Şamilin kitabları üzərinə açıqlamalı biblioqrafiya dənəməsi”, Məhəmməd Məmmədlinin “Türk ədəbiyyatı və folklorunun tanınmış araşdırıcısı”, Səbahattin Şimşirin “21-ci yüzildə yaşayan Dədə Qorqud: Əli Şamil”, Sönməz Abbaslının “Əli Şamilin tanıtdığı Albaniya və albanlar”, Atif İslamzadənin “Əli Şamilin bütöv Türküstan idealı”, Aynurə Səfərovanın “Parçalanmış Türküstanı gəzib tanıdıq”, Maral Poladovanın “Türk xalqlarına məhəbbətin təcəssümü”, Qulu Kəngərlinin “Məni yuxularımın şəhərinə qovuşduran dost”, Bakıtgül Gülcanovanın “Түркіні түгендеген тұлғa”   məqalələri daxil edilib.

Qeyd etmək lazımdır ki, Əli Şamil öz azad düşüncəsi, xeyirxahlığı və övladı olduğu əcdadına sonsuz sevgisi ilə yalnız Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən araşdırmaçılardan biridir. Belə ki, o, türk xalqlarının yaşadığı əraziləri qarış-qarış gəzərək materiallar toplayıb, bu da onun tədqiqatlarının məzmununa ciddi təsir göstərib.

Kitaba “Turan yolçusu” adlı “Ön söz” yazan, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı Əli Şamilin yaradıcılığını belə qiymətləndirir: “Tarixin və taleyin axarında dünyaya səpələnmiş Türk toplumunun yurd saldığı elə bir yer yoxdur ki, Əli Şamil ora baş çəkməsin. Getdiyi, gəzdiyi, qonaq olduğu yerləri Böyük Vətənin bir hücrəsi kimi sevdiyi, bağlandığı və tanıtdığından araşdırmaları elmi yönü ilə yanaşı, milli mahiyyət daşıyır. Bu səpkili yazılarının ən mühüm özəlliyi isə uzun illər yad güclərin əlilə ayrı salınmış, müxtəlif adlarla parçalanmış, bir-birinə qarşı qoyulmuş Türk xalqlarını Türk Dünyasının ayrılmaz bir parçası kimi təqdim etməyə çalışmasıdır”.

Doğrudan da, təkcə tədqiqatlarının kiçik bir qisminin adlarına nəzər salmaqla – “Türkçülüyün qurbanları”, “Uygur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”,  “Colan türkmanları”, “Qaşqaylar və onların folkloru”, “Parçalanmış Türküstanı gəzərkən”, “Qırım sevgisi”  – Əli Şamil yaradıcılığının istiqamətləri haqqında təsəvvür yaratmaq mümkündür.

Şübhə yoxdur ki, “Turan sevdalısı” kitabı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında maraqla qarşılanacaqdır.