“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimat mərasimi keçirilib

“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimat mərasimi keçirilib

06 Dekabr 2023, 12:24 / Konfranslar, İclaslar

5 dekabr 2023-cü il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının yaradıcılığının və “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzasoy elmi redaktoru olduğu sözügedən kitab haqqında məlumat verib. “Professor Ramazan Qafarlının yaradıcılığında “Nizami və milli tale” diskursu” mövzusunda çıxış edən alim qeyd edib ki, müasir Azərbaycan filoloji-humanitar fikrinin, nizamişünaslığın görkəmli nümayəndəsi, çoxsaylı kitabların, problematik və aktual elmi paradiqmaların müəllifi prof. Ramazan Qafarlı milli folklorumuzun tədqiqi sahəsində də əvəzolunmaz xidmətlər göstərərək, Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verib. Mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olan alim, həmçinin Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı kimi tanınır. Professor  vurğulayıb ki, bu monoqrafiya müəllifin, sadəcə, növbəti əsərlərindən biri olmayıb, onun bütün yaradıcı ömrünün mahiyyətini, intellektual əyarını, Azərbaycan filoloji fikir məkanında məhz ona məxsus olan düşüncə paradiqmasının ədəbi-estetik, poetik-idraki özünəməxsusluqlarını əks etdirən “tale” kitabıdır. Kitabda müəllif Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkir, türklük, türk milli kimliyi onun Nizamiyə yanaşmasında daim mövcud olan təhlil aspektləridir.

Sonra ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru, fil.e.d. Təyyar Salamoğlu “Ramazan Qafarlı və Bəxtiyar Vahabzadə yaradıcılığı” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin 12 cildliyinin tərtibçisi, elmi redaktoru olan prof. Ramazan Qafarlı, həm də bu cildlərin hər birindəki “Ön söz”ün müəllifidir. Elmi-publisistik xarakter daşıyan bu “Ön söz”lərdə müəllif B.Vahabzadənin yaradıcılığının əsas prinsiplərini şərh etməyi qarşısına məqsəd qoymur, daha çox şairin yaradıcılığının və fəaliyyətinin görünməyən, oxucu üçün bəlli olmayan, hətta tənqid və ədəbiyyatşünaslıq üçün uzun illər sirr qalan tərəflərini açıb ortalığa qoyur, B.Vahabzadəni bir insan kimi, vətəndaş-şair kimi xarakterizə edir, – deyə prof. Təyyar Salamoğlu qeyd edib.

Daha sonra Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Qalib Sayılovun “Nizamişünaslıqda trafaretlərdən və taftaloji stereotiplərdən kənar yeni sərgi” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, prof. Ramazan Qafarlı indiyə kimi heç kimin toxunmadığı maraqlı mətləblərə toxunaraq nizamişünaslığı dünyanın yüksək elmi doktrinlərinə təqdim edir, Nizamini idrak edərək əsərlərini taftaloji deyil, elmi və fəhmi ilə aydınlatmağa nail olur.

Tədbirdə Odlar Yurdu Universitetinin professoru, fil.e.d. Rüstəm Kamal, Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu, AMEA Rəyasət Heyətinin elmi katibləri – fil.ü.f.d., dos. Səfa Qarayev və fil.ü.f.d., dos. Hikmət Quliyev, ADPU-nun Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva və Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Qiymət Məhərrəmli də çıxış edərək, prof. Ramazan Qafarlı yaradıcılığı, alimin yeni çap olunan kitabı haqqında fikirlərini bölüşüb, müəllifə cansağlığı, elmi fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çıxış edən müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, məruzəçilərə və tədbirin bütün iştirakçılarına dərin təşəkkürünü bildirib.