Akademik Muxtar İmanovun məqaləsi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalda işıq üzü görüb

Akademik Muxtar İmanovun məqaləsi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalda işıq üzü görüb

01 Dekabr 2023, 17:14 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun ingiliscə “Eposda tarixilik problemi: arxetip düşüncə və epik yaradıcılıq” (“The Problem of Historicity in the Epic: Archetypal Thinking And Epic Creativity”) adlı məqaləsi nüfuzlu elmi bazalarda indeksləşən “Uluslararası Halkbilimi Araştırmaları Dergisi”ndə (UHAD) işıq üzü görüb.

Folklor sahəsində aparılan müasir tədqiqatların nəşr olunduğu jurnal ULAKBİM DergiPark, ERIHPLUS, EBSCO kimi beynəlxalq bazalarda indeksləşir.

Müəllif məqalədə folklorun tarixi gerçəkliyə münasibətini epos düşüncəsi kontekstində təhlilə cəlb edir və problemlə bağlı mövcud olan elmi-nəzəri yanaşmalar çərçivəsində folklorda tarixiliyin sadə təsvir səviyyəsində əks olunmadığını vurğulayır. Bu müstəvidə müəllif bildirir ki, folklorda tarixilik arxetip düşüncənin tərkib hissəsidir və kollektiv yaradıcılığın ənənəvi münasibəti kontekstində özünəməxsus interpretasiya məzmunu əldə edir. Odur ki, nə folklorda təsvir olunan hadisələrə, nə də obrazlara sadə tarixilik kontekstində yanaşma özünü doğrultmur. Məsələlərin mahiyyətini açmaq üçün daha çox arxetip düşüncə və mənalar kontekstində tarixiliyə yanaşmaq lazımdır. Bu kontekstdə akademik Muxtar İmanov qeyd edir ki, istər folklor düşüncəsində mövcud olan tarixilik, istərsə də real tarixin folklorda inikası bütün hallarda yaradıcılıq hadisəsinin bir hissəsidir. Bu mənada tarixi hadisələri və tarixi şəxsiyyətləri əks etdirməkdən daha çox xalq təsəvvüründəki arxetipləri əks etdirmək eposla yanaşı, bütövlükdə folklorun səciyyəvi xüsusiyyətlərindən biri kimi özünü göstərir. Həmçinin müəllif məqalədə göstərir ki, folklorda tarixilik anlayışına yanaşma, ayrı-ayrı janrların poetik xüsusiyyətləri baxımdan da müəyyən spesifikaya malikdir. Bu mənada folklorda tarixilik nə sadə bioqrafik təsvir, nə də real hadisələrin sadə təsviri kimi yox, eposun daxili poetik sistemi çərçivəsində ortaya çıxır.

Məqalədə, həmçinin “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq eposları ilə yanaşı, “Qurbani”, “Abbas-Gülgəz” və başqa məhəbbət dastanları da araşdırmaya cəlb olunaraq folklor və tarix münasibətlərinin müxtəlif aspektlərinə aydınlıq gətirilib.