“Nəsillərə əmanət – 2” kitabı çapdan çıxıb

“Nəsillərə əmanət – 2” kitabı çapdan çıxıb

21 Noyabr 2023, 15:36 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Azərbaycan mətbuatı və folklorşünaslıq elminin inkişafına dəyərli töhfələr vermiş tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Sənubər Kərimovanın “Nəsillərə əmanət” seriyasından  2-ci kitabı nəşr olunub. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda müəllifin dövri mətbuatda çap etdirdiyi Azərbaycan folkloru örnəkləri, o cümlədən XIX əsrin sonu-XX əsrin əvvəllərində Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən buraxılan SMOMPK (Сборник материалов для описания местностей племени Кавказа) toplusunda rus dilində və ərəb qrafikası (əski əlifba) ilə, Azərbaycanda ərəb əlifbası ilə nəşr edilən məcmuələrdə dərc olunmuş folklor nümunələrindən transliterasiya etdiyi mətnlər, Üzeyir Hacıbəylinin, Əhməd Cavadın arxivlərindən əldə etdiyi materiallar, qorqudşünaslıqla bağlı müxtəlif yazılar, o cümlədən “Dədə Qorqud” xeyir-duası” ssenarisi, xalq adət-ənənələrindən örnəklər, müəllifin şeirləri, Azərbaycanın azadlığı və inkişafı tarixinə qızıl səhifələr yazmış qadınlar haqqında oçerklər, xatirələr, günümüzlə səsləşən “... Yoxsa dünya məhv olar!!!” memuarından bir parça və s. materiallar təqdim olunub.

Kitabın elmi redaktoru və “Ön söz” müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanovdur.