AFAQ XÜRRƏM QIZI RAMAZANOVA

AFAQ XÜRRƏM QIZI RAMAZANOVA

12 may 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-1991-ci illərdə Bakı şəhəri 1saylı orta məktəbdə təhsil almış, 1992-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1997-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək Buraxılış komissiyasının tövsiyəsi və göndərişi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olmuş, həmin il İnstitutda əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Folklor sarayı” Elmi-Mədəni Mərkəzində elmi işçi kimi fəaliyyətini davam etdirmiş, mərkəz Folklor İnstitutuna çevriləndən sonra aparıcı elmi işçi və “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri vəzifələrinə qədər yüksəlmişdir.


2006-cı ildə o dövr üçün yenilik sayılan folklorda gender münasibətlərinin tədqiqinə həsr olunmuş “Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, hal-hazırda “Türk epik ənənəsində “Arzu-Qəmbər” dastanı” mövzusunda doktorluq işi üzərində çalışır.


2011-ci ildə dosent elmi adını almışdır.
2004-cü ildən 2013-cü ilədək Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Humanitar və İctimai Elmlər bölməsinin Folklorşünaslıq istiqaməti üzrə Problem Şurasının elmi katibi olmuşdur.
2012-ci ildən bu günədək AMEA Folklor İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibidir.


AMEA Folklor İnstitutunun ictimai həyatında da yaxından iştirak etmiş, 2003-cü ildən mütəmadi olaraq keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Uluslararası Folklor Simpoziumun (7 beynəlxalq simpozium) baş katibi, simpozium kitabının tərtibçisi olmuşdur.


Folklorun aktual problemlərinə dair 80-ə yaxın elmi məqalənin, “Azərbaycan mərasim folkloru” (2002) monoqrafiyasının, AMEA Folklor İnstitutunda müntəzəm nəşr olunan “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından “Mirzə Abbaszadə. Arvad ağısı” (2004), “Bayatılar və manilər” (2005), “Hənəfi Zeynallı. Azərbaycan atalar sözü” (2012), “Vəli Xuluflu. El aşıqları” (2013), “Hənəfi Zeynallı. Azərbaycan tapmacaları” (2013), “Vəli Xuluflu. Tapmacalar” (2013), “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri” (2013), “Hüseynqulu Sarabskinin şəxsi fondundan folklor mətnləri” (2021) kitablarının, “SMOMPK: Azərbaycan folkloru materialları” dördcildliyinin tərtibçilərindən biri və ön sözlərinin müəllifidir. İnstitutun xarici əlaqələrinin yaradılmasında da əhəmiyyətli fəaliyyət göstərmiş, İnstitutu xarici ölkələrdə - Polşa (2012, 2013), Hollanda (2013), Hindistan (2014), İtaliya (2015), Fransa (2016), Makedoniya (2018), Litva (2019), Rusiya, Qazaxıstan və b. keçirilən beynəlxalq tədbirlərdə uğurla təmsil etmişdir.


2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə AMEA Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2021-ci ilin dekabr ayından AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavinidir.


Ailəlidir, 2 övladı var.