Beynəlxalq simpoziumda ermənilərin balabana iddialarının əsassızlığından danışılıb

Beynəlxalq simpoziumda ermənilərin balabana iddialarının əsassızlığından danışılıb

Türkiyənin Mersin şəhərində onlayn şəkildə “IV Beynəlxalq Ağdəniz Simpoziumu” keçirilib. Mersin Univeristeti və Mersin Akademiya Müşavirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirə Türkiyə, Azərbaycan, Rusiya, Moldova, Çin, İraq, Serbiya, İsveçrə, Qazaxıstan, Türkmənistan, Pakistan və b. ölkələrdən alim və tədqiqatçılar qatılıb.


Simpoziumda AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu “Azərbaycan balaban sənəti: ənənə necə yaşadılır?” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan aşıq sənətində sazla birlikdə balabanın ayrıca yeri vurğulanıb, Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış Əli Kərimovun (Kalvalı Əli Dədənin) Azərbaycan musiqisinin, aşıq sənətinin inkişafındakı xidmətləri, havacatlarının sənətkarlıq keyfiyyəti incələnib, Türk Dünyasında aşıq sənətinin, xalq musiqisinin inkişafı, folklor ruhunun davamlı ömürləşməsi üçün bu kimi sənətkarların yaratdıqlarının ardıcıl öyrənilməsinin gərəkliyi bildirilib.


Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni”, “Dağ çiçəyi”... O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir.


E.Qaliboğlu çıxışında xüsusən son onillərdə balabandan ermənilərin şəxsində zorakı bəhrələnmənin-özününküləşdirmənin, yəni açıq oğurluğun davamlı şəkil aldığını bildirib: “Utanmadan demək ki, balaban da erməninindir; üstəlik balabanda Azərbaycanın xalq havacatlarını “şirin-şirin” çalmaq, özününkü deyə təqdim etmək; bütün bunlar erməni sifətinin necəliyini aydınca göstərir.


Zurna-balaban həmişə yanaşı təsəvvür edilən, mahiyyətcə bir-birindən ayrılmayan musiqi alətləridir. Zurna alətindən Şərqdə həmişə geniş istifadə edilib, ancaq bu alətin gerçəkdən ən yaxşı ifaçıları xalqımızın nümayəndələri olub. Balaban “bala səs” anlamındadır. Deməli, alət, üstəlik əsas ifalar da bizimkidir”.


Daha bir məqam: “Ekspress” qəzeti (3-5 may, 2008-ci il, “Moskvada “Heyvagülü” davası”) yazır: “Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: “10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən “Erməni xalq rəqsi “Hayvakuran”: ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı” elan olundu. İfa edilən isə bizim doğma “Heyvagülü” idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində qondarma “Dağlıq Qarabağın bayrağı”nı tutub yelləyir, “Qarabağ bizimdir” bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü, hətta təpik də atdı. Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulka və daş atmağa başladılar” - deyə S.Məsimov söylədi”.


Məruzədə bunun artıq tarixin arxa qatında qalmış daha bir erməni həyasızlığı olduğu, yenilərinin də gözlənildiyi vurğulanıb: “Erməninin bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus bəşəri bir dəyəri yoxdur. Onun öz əliylə yazdığı qəsbkarlıq, qatillik dastanı var”.