ZƏNGİLANDA YER ADLARI (TOPONİMLƏRİ)
Səadət Mustafayeva
AMEA Folklor İnstitutunun böyük elmi işcisi
seadet.mustafayeva@rambler.ru
Xülasə
Məqalədə Azərbaycanın bir parçası olan Zəngilanın yaranma tarixindən və ərazini səciyyələndirən toponimdən bəhs olunur. Toponimin tarixi açılışına diqqət çəkilmiş, digər paralelləri ilə müqayisələr aparılmışdır.
Açar sözlər: Zəngilan, Zəngiyan, Pirçivan, Tiri, toponim
НАЗВАНИЕ МЕСТНОСТЕЙ ЗАНГЕЛАНА (ТОПОНИМИКА)
Резюме
В статье исследуется история зарождения и топонимика характеризующая Зангелан, которая является неотъемлемой частью Азербайджана. Также привлекается внимание на историю этой территории и проводится сравнение с другими параллелями.
Ключевые слова: Зангелан, Зангиян, Пирчиван, Тири, топонимика
THE NAMES OF PLACES IN ZANGILAN (TOPONYMS)
Summary
The names of places in Zangilan. In the article it is said about the creation history and toponyms characterizing the area of Zangilan. The historical opening is drawn attraction,the other parallels are compared.
Key words: Zangilan, Zangiyan, Pirchivan, Tiri, toponym
Məsələnin qoyuluşu: Odlar diyarı Azərbaycan çox qədim tarixə malikdir. Burada tapılan arxeoloji qazıntılar olkəmizin uzaq keçmişindən, hətta eramızın əvvəlki dövrlərindən xəbər verir. Tarixi mənbələrdə qədim və orta əsr Azərbaycan şəhərlərinin meydana gəlmə dövrünə aid məlumatlara çox nadir hallarda rast gəlinir. Bu baxımdan, toponimlər həmin dövrlər haqqında məlumat verən maraqlı, həm də əhəmiyyətli mənbədir. Biz toponimlərdə qədim tayfa, yer, şəxs adlarının izlərinin daşındığını müşahidə edə bilirik. Məhz bu əlamətlər də tarixdə bir sıra qaranlıq qalmış mətləbləri aydınlatmağa imkan verir. Bu baxımdan, Zəngilan toponimi ilə bağlı deyilənlərə diqqət çəkək:1976-cı il iyunun 15-də Mikayıl Heydərovun qələmə aldığı “Zəngilan şəhərinin tarixinə dair bir necə söz” məqaləsində yazılır: “Bu cəhətdən “bəxti” gətirmiş şəhərlər sırasında Zəngilanın adını çəkmək olar. Əvvəlcədən qeyd edək ki, əlimizdə olan mənbələrdə (bax: Həmdullah Qəzvininin “Hüzhət əl-qulub” əsəri, Tehran, hicrin 1336-cı ili, səh. 101) şəhərin adı Zəngilan yox, Zəngiyan verilmişdir. Orta əsrlərdə İran Azərbaycanında mövcud olmuş şəhər indi də əvvəlki adını daşımaqdadır. İndi də Zəngiyanın nə demək oldugunu aydınlaşdıraq. “Zəngi” və ya “zənci” indiki mənada “qara adam”, “qara qul” mənasını daşıyır. Buradakı “van”, “an” isə qədim fars, pəhləvi dilində cəm bildirən şəkilçidir. Məsələn, Şirvan, Naxçıvan, Mincivan və s. Beləliklə,ehtimalla “Zəngiyan” və ya “Zənciyan” sözləri ərəbcə olub, (burada “g” “c”-ya keçə bilir) “qara adamların”, “qulların” məskən saldığı yer, şəhər demək olduğu anlamına gəlir. Burada “qara” sözü yalnız dərinin rənginə yox, birinci növbədə məskən salanların ictimai vəziyyətinə, onların aşağı təbəqədən olmasına işarədir.
Yuxarıda deyilənləri müstəqim və dolayısı ilə təsdiq edən başqa tarixi faktlar da gətirmək olardı. Lakin bununla məsələnin tam həllini vermək qeyri-mümkündür. Toponimik-coğrafi adların əmələ gəlmə qanunlarını öyrənən elm kimi, coğrafi adların semantikasını (istilahi mənasını) müəyyənləşdirmədə çox nadir hallarda, həm də dəqiq tarixi sənədlər mövcud olduqda, şübhəsiz nəticələr əldə edilə bilər. Ona görə yuxarıda deyilənlər hələlik bir fərziyyə olaraq qalır.
Bəs Zəngilan şəhəri nə vaxt meydana gəlmişdir? XIX əsrin birinci yarısında yaşamış məşhur coğrafiyaşünas Həmdullah Qəzvini (göstərilən əsəri, səh.101) yazır ki, Zəngiyan şəhəri Araz çayı üzərində salınmış Xudafərin körpüsü tərəflərdədir. Bu şəhərin əsası Hicri tarixi ilə 15-ci ildə,( deməli miladi tarixi ilə 636-637-ci illərə düşür) xəlifə Əbubəkir tərəfindən qoyulmuşdur.
Bu məlumatın özündə müəyyən ziddiyyət vardır: Məsələ burasındadır ki, Xəlifə Əbubəkir 634- cü ildə ölmuşdur. Əgər Azərbaycanda ərəb işğalı 639-cu ildən başlayırsa, o halda, onun 636-cı ildə Zəngiyanın əsasını qoya bilməsi ağlasıgan deyil. Bununla belə, bu məlumat öz-özlüyündə çox qiymətlidir. Çünki, həmin məlumat şəhərin tarixini eramızın VII əsrinin əvvəllərinə aparıb çıxarır. Görünür, Həmdullah Qəzvininin bu məlumatı özündən çox-çox qabaqlarda yaşamış ərəb tarixçilərinin əsərlərindən götürülmüşdür. Elə ona görə də, bu fakt şəhərin yaranma tarixinin daha qədim olduğunu güman etməyə əsas verir. Iş orasındadır ki, ərəb mənbələri bir qayda olaraq, ərəb sərkərdələrinin və zadəganlarının təmir etdirdikləri və ya genişləndirdikləri şəhərlərin (məsələn;Təbriz, Şamaxın) meydana gəlməsini öz adları ilə bağlayırlar. Halbuki bu şəhərlərin adlarına çox-çox qədim mənbələrdə rast gəlinir. Zəngilan (Zəngiyan) şəhərinin adına qədim mənbələrdə rast gəlməsək də, güman etmək olar ki, onun yaranması daha qədimə aiddir.
Əlverişli təbii şəraiti hələ ibtidai dövrlərdən buranın məskunlaşmasına imkan vermişdir. İlk feodal cəmiyyəti dövründə ticarət yollarına, qədim mədəniyyət mərkəzi olan Naxçıvana, qədim mis mərkəzlərindən Qafana və Əcanana yaxın olması buranın şəhər həyatının inkişafı üçün mühüm rol oynamışdır.
Zəngilan (Zəngiyan) şəhərinin əmələ gəlmə dövrünü müəyyənləşdirməkdə köhnə şəhərin ərazisində və ya Şərifanda aparılacaq arxeoloji qazıntılar çox şey verə bilər. Tarixi sənədlər orta əsr şəhərlərinin dönə-dönə öz yerlərinin dəyişdirildiyinə dair tutarlı dəlillər verir.
Zəngilan toponiminin coğrafi adına gəlincə, bizcə o sonradan əmələ gəlmiş şifahi xalq dilinə-indiki Azərbaycan dilinə uyğunlaşdırılmış bir istilahdır. Ona görə şəhərin tarixi adının ara söhbətlərində deyildiyi “Zəng-i ilanla” heç bir əlaqəsi olmamış və yoxdur” (1, 4).
1992-ci il mayın 28-də Rəşid Təhməzoğlunun yazdığı “Pirçivan-Pirçəvan” adlı məqaləsində, Zəngilan bölgəsinin Qıraq Müşlan kənd sakini Həsəncan kişinin söylədiyi fikirləri aşağıda olduğu kimi qeyd edirik. İnfarmator deyir: “Saqqız ağacının yaşı çoxdur. Onun gödərək olmasına baxma. Bu yerlərdə təkdən bir gözə dəyir. Bunlar üçdür. Görürsənmi?-Əli ilə Oxçu çayının o tayını-İçəri Müşlan kəndinin üstündəki təpədə görünən tənha ağacı göstərir.-Bizim kənddə biri də var. Bu ağaclara üçqardaş pirlər deyərlər. Bir zaman adamlar bura ziyarətə gələr, çıraq yandırar, qurban kəsərdilər. Neçə vaxtdır bu adət unudulub.
-Bəlkə, adamlar daha pirlərə inanmırlar?
-Yox, inananlar var, olmasaydı, ağacları inam yeri kimi qorumazdılar...
Marağım daha da artır. Ağaca yaxın gəlib, onun torpaqdan möhkəm yapışan quş caynaqlarına bənzər əyri köklərinə, cadar-cadar olmuş gövdəsinə diqqətlə baxıram. Axtardığını tapmış adamlar kimi ürəyimdə rahatlıq hiss edirəm. Neçə vaxtdır, “Pirçivan” sözünün etimoloğiyası barədə düşünürəm. Indi onu torpağın özündə tapmışam. “Pirçivan” Zəngilan qəsəbəsinin köhnə adıdır.
Kəndlərin adındakı qədimilik məni tarixin dərin qatlarına aparır. Deməli Müşülan-yəni Muğilan, yaxud Muğilan, bəlkə də, Maqilan-muğların (mağların) yaşayış yeri, məskəni deməkdir. Güman ki, vaxtilə İçəri Müşülan-İç Muğilan, Qıraq Müşülan isə Taş Muğilan adlanmışdır. Saqqız ağacları da atəşpərəst muğların etiqad yerləri-pirləri olmuşdur...
Xəyalən Oxçu çayı vadisi boyu Zəngiur (Zəngəzur) torpaqlarını, bir zaman soydaşlarımın məskən saldıqları doğma el-obaları dolaşıram. Bu kəndlərin çoxunda əsrlərdən üzü bəri etiqad yeri olan pirlər (həm ağac, həm daş) qalmaqdadır. Bir neçəsinin adı yadıma düşür: Üçqardaş Dağdağan, fındıq ağacı pirləri (Gomaran kəndi), Üçqardaş Dağdağan pir (Şəhərcik kəndi), Üçqardaş kəkilli Palıd pir (Gilətağ kəndi)... Dağdağan pir (Seyidlər kəndi). Dağdağan , pir (Davburd qalası), Çinar pirlər (Ohdar kəndləri) və s.
Onu da deyim ki, başqa yerlərə nisbətən, Zəngəzur ərazisində pirlər daha çox qorunub saxlanmışdır. Bu inam məkanları haqqında yaranan müxtəlif əfsanələr də öz yerində. Tarixi və müasir yazılı mənbələrdə bu barədə qeydlər az deyildir; VII əsrin tarixçisi M. Kalankatlının “Ağban ölkəsinin tarixi” kitabında hun tayfalarının “Müqəddəs palıd” ağacının xristian yepiskonunun təhriki ilə kəsilməsindən söhbət açılır. Filologiya elmləri doktoru M. Seyidov “Qızıl döyüşçünün taleyi” (1984) kitabında yazır: “Ağaca-Dünya ağacına inam bütün türkdilli xalqlarda varmış və bu inamın ya özü, ya da izləri bu və ya başqa şəkildə son vaxtlara qədər yaşamışdır...” filologiya elmləri doktoru K.Vəliyevin “Elin yaddaşı, dilin yaddaşı” (1988) kitabında da təxminən eyni fikrə rast gəlirəm: “Türkdilli xalqlar arasında Ağac kultu geniş yayılmışdır. Onlar ağacı tanrı və ya tanrıdan ayrılmış bir parça hesab edirlər”.
Bütün bunlar isə ana abidəmiz “Kitabi-Dədəm-Qorqud” da Basatın Təpəgözə söylədiyi “Anam adın sorar olsa,-Qaba Ağac!” cavabı ilə səsləşir.
Deməli, Zəngilan ərazisində ağac pirlərin qədimiliyini sübuta ehtiyac yoxdur. “Pirçivan” toponiminin də həmin pirlərlə bağlı yaranması onun kimi.
Mən yerli sakinlərdən çox soruşmuşam. Həmişə də eyni cavabı almışam: “Pirçivan”-Pircavan deməkdir, yəni “cavan pir”. Əvvəla, “pir” məfhumu özü “qocalıq” mənasını ifadə edir. Hər ikisi fars mənşəlidir. Pirin “qocası”, “cavanı” ola bilmədiyindən Pirçivan toponiminin də “pir” və “cavan” komponentlərinə ayırmaq doğru sayılmazdı. Bəzən həmin ərazidə yerləşən Mincivan-toponiminiə də bu cür yanaşır, “min” və “cavan” etnonimlərindən yarandığını söyləyirlər. Bu, düzgün deyildir.
Bəs “Pirçivan” sözünü necə açıqlamaq lazımdır? Mənə elə gəlir ki, bu toponimin ilk yaranma şəkli “Pirçivan” olmuşdur. Bu da “Piryeri”, “pir məkanı”, “pirlər olan torpaq” mənasını ifadə edir. Bəzi mənbələrlə (məs. T. Əhmədovun “El-obamızın adları”. 1984) kitabında bu ad “Pircahan” kimi qeyd edilir. Bu da adicə dil hadisəsidir (saat-sahat, Pirsaat-Pirsahat, camaat-camahat, və s.) Məlumdur ki, türk dillərində, o cümlədən Azərbaycan dilində saitlə bitən sözlərlə saitlə başlanan şəkliçi əlavə etdikdə tələffüzdə bunların arasına “b”, “v”, “y” və “h” samitləri artırılır. Doğrudur, sözün ikinci komponenti olan “an” şəkilçisi tarixən həm cəm, həm də məkan mənalarında işlənmişdir. Ancaq “an” şəkilçisinə “v” samiti artıran kimi, söz cəmlikdən çox, yer, məkan mənasını bildirir (məs. Mu-an toponim olsada, “muğlar” cəmliyini də ifadə edir. Amma Muğ-van, yaxud Muğanvan deyilən kimi, daha burada cəmlikdən söhbət gedə bilməz).
“Pirçivan” toponiminin “Pirçivan” variantına da, fikrimcə, bu baxımdan yanaşmaq lazımdır. Qeyd etməliyəm ki, “van” şəkilçisi erməni dilində daha çox işləndiyinə görə, bəziləri onun həmin dilə məxsus olduğunu söyləmişlər. Bu fikirlə razılaşmaq olmaz.
Təbii bir sual meydana çıxır: əgər “pir” və “van” komponentləri varsa, bu toponim “Pirvan”, yaxud “Pirevan” kimi tələffüz olunmalı deyildimi? Onda “cə”, “ca” şəkilçiləri nəyə lazımmış? Məsələ burasındadır ki, bu şəkilçilər tarixən çox fəal olubdur . Bunlar kiçiltmə və əzizləmə mənalarını yaratdıqları kimi, məkan, yer bildirən adlara da qoşulmuşdur. Qapanın (Qafanın) Gilətag kəndinin dağında bir qaya pir var., adına Oğlanıca deyirlər (yanındakı kiçik Şişqayanı oğlu hesab ediblər və onun ətrafına dolanar, daşları öpər və çıraq yandırıb, qurban kəsərdilər). Pirdən bir az aralıdakı yaylağa isə Yellicə adı veriblər. Göründüyü kimi, hər iki şəkilçi məkan bildirən sözlərə əlavə edilibdir” (3, 3).
Zəngəzur ərazisindəki bu yol ilə yaranan toponimlərdən xeyli misal gətirmək olar. Deməli, həmin yol ilə meydana çıxan və coğrafi şəraiti özündə əks etdirən toponimlər həmin yerlər üçün səciyyəvidir. “Pircəvan” adıda bu sıradandır. Ahəng qanuna uyğun olaraq “cə”-“ca” kimi tələffüz olunmuşdur .
1992-cu il fevralın 26-da Çapar Kazımovun qələmə aldığı “Tiri” adlı məqaləsində yazılır: “Zəngilan rayonun Araz boyu kəndlərindən biri də Tiridir. Tiri sözünün mənası nədir? Nə üçün ulu babalarımız kəndə Tiri adı veriblər? Bəlkə də bu sualların cavabları çoxlarına aydın deyil. Halbuki yer adlarında-toponimlərdə dilimizin, tariximizin, mədəniyyətimizin qədim izləri mühafizə edilir, gələcək nəsillərə çatdırılır.
Tiri toponimi Diri sözünün qədim formasıdır. “Azərbaycan dilinin izahlı lüğətində Diri sözü barədə belə bir qeyd var: Diri sifətdir, canı olan, canı saz, yaşayan-ölümə zidd mənasında (səh 114) Axtarışlar nəticəsində türk dilli xalqların ən qədim abidəsi olan “Orxan-Yenisey”də “Tiri” sözünə “Tirik” formasında rast gəldik. Abidədə belə bir cümlə. “Üçin Külik Tirik benə, yəni “Şöhrəti Diri mənəm”. Belə bir təbii sual ortaya çıxır: “Tirik”- “Diri” sözləri arasında necə əlaqə ola bilər? əvəlla, “Tirik” sözünün sonunda “k” samitinin düşməsi prosesi türk dillərinin oğuz qrupunda qədim bir əlamətdir. Bu proses Azərbaycan dilində XIII-XIV əsrlərdən etibarən başlanır. Onu qeyd edək ki, bu dövrdə “Tirik” sözü kimi bir sıra sözlərdə “k” samitinin düşməsi hadisəsi müşahidə edilir: ölük-ölü, suçik-suçi, çölq-çöl və s. İkinci bir tərəfdən “Tiri”-“Diri” sözləri arasında arasında t-d səs əvəzlənməsi mövcuddur. Türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi-müqyisəli fonetikası sübut edir ki, bu dillərin, eləcə də qədim Azərbaycan dilinin səs sistemində əvvəlcə kar samitlər formalaşıb, sonra cinğiltili: t-kar, d-cingiltilidi. Onu da qeyd edək ki, Cəbrayıl rayonun cənub –qərb hissəsində yerləşən Diri dağı öz qədim adını- Tirini qoruyub saxlaya bilməmişdir. XVII əsrdə Azərbaycana gəlmiş səyyah və alimlərdən Adam Omari, Korielus de Bruin öz əsərlərində doğru olaraq “Diri” sözünü “Tiri” şəklində vermişlər. Ehtimal ki, XVII əsrin sonuna kimi Cəbrayıl royonun ərazisində yerləşən Diri dağının adı “Tiri” formasında olmuşdur.
Cəbrayıl rayonundakı Diri dağının qoynunda Diri kəndi yerləşir. Kəndin xarabalıqları indi də qalmaqdadır. Zəngilan rayonun Tiri kəndinin əhalisi XVI əsrin 50-ci illərindən sonra Diri kəndini (Cəbrayıl ərazisindəki) tərk etməli olmuşlar. Tərk etmənin səbəbi elmi baxımdan məlum olmasa da xalq arasında belə bir rəvayət ğəzir ki, ğuya aşıq şerimizin yaradıcısı, babası, tanrısı hesab etdiyimiz Aşıq Dirilik Qurbanini ilan çalandan sonra sonra yerli əhali belə qərara gəlir ki, bu yerlərdə qalmaq olmaz. Dağda zəhərli ilanlarların çoxluğu nəticəsində əhalinin bir hissəsi güney Azərbaycanına (burada da Tiri kəndi var ). üz tutmuş, bir hissəsi isə Zəngilan rayonunun indiki Tiri ərazisində məskunlaşmalı olmuşlar. Yerli əhali Tiri toponimini atmamış əksinə özləri ilə aparmış, məskən saldıqları əraziyə həmin adı vermişlər.
Diri sözünün etimologiyası haqqında xalq arasında belə bir yozma da mövcuddur. Guya bir kişi ömrü boyu xəstə imiş. Nə qədər dəvə-dərman, təbib kişini sağalda bilmir. Kişi ömrünün son anlarını yaşayırmış. Bir gün bir yolçu xəstənin qonagı olur. Onun dərdindən xəbərdar olur. Yolçu xəstəyə həmin dağa –Diriyə getməyi məsləhət görür. Bura gəlirlər. Dağı bir qədər gəzib dolanırlar. Buranın təbiətinin gözəlliyi onları valeh edir. Təbib dağda bitən gül-çiçəkdən dərman hazırlayır. Bir müddətdən sonra xəstə yaxşılaşır və təbibi yanına çağırıb deyir:-Mən həmişəlik burada qalacam. Çünki bura ölümcül vəziyyətdə gəlmişdim. Buranın təbiəti mənə şəfa verdi. Ona görə də bu yerlər də məskən salıram və bu dağa Diri adını verirəm.
Bu əfsanə olsa da burada müəyyən mənada, həqiqət də vardır. Çünki dağ deyəndə dədə-babalarımız təbiətcə saf, təmiz, xəstəyə şəfa verən yerləri nəzərdə tutmuşlar. “Tiri”-“Diri” dağının adı da bu yerlərin təbiətinin gözəl və zəngin olması ilə əlaqədardır. Hazırda olmağada vaxtilə burada hər cür heyvanlar və quşlar yaşayırmış. Gözəl bulaqları, zəngin meşələri varmış. Bura lap qədimdən “Dirilik Yurdu” imiş. Güman etmək olar ki, “Tiri”- “Diri” adı da buradan-bu təbii şəraitin nəticəsində əmələ gəlmişdir (2, 3).
Toponimlər xalqımızın əvəzedilməz mənəvi sərvətidir. Zəngilan ərazisində elə yer-kənd, dağ, düzənlik adları vardır ki, onların da tarixi-coğrafi xüsusiyyətləri, əmələgəlmə yolları araşdırmalıdır. Beləliklə, toponimlər xalqımızın keçmişini canlandırdığı üçün bu məhfumlar daima diqqətdə saxlanılmalıdır. Çünki biz keçmişimizi bilməsək, tariximiz də bizim üçün qaranlıq qalacaq!
Ədəbiyyat
1. Heydərov M. Zəngilan şəhərinn tarixinə dair bir neçə söz // ”Kənd həyatı” qəzeti (Zəngilan), 15 iyun 1976
2. Kazımov Ç. Tiri sözünün sorağında // “Kənd həyatı” qəzeti (Zəngilan), 26 fevral 1992
3. Təhməzoğlu R. Pirçivan-Pirçəvan // “Kənd həyatı” qəzeti (Zəngilan), 28 may 1992