Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
Hüseyn İsmayılov,

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor


Azərbaycan folklorşünaslığı: reallıqlar və perspektivlər

 

Folklor – xalqın yaddışıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və
xalq yaddaşı...
Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur...
Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur...
Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir...
Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir...
Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır...
Azərbaycan folklorşünaslığının müasir durumunu obyektiv şəkildə səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə
müqayisə etmək lazım gəlir.
Son yüz ildə, daha konkret desək, XX əsrdə Azərbaycan folklorşünaslığının nəzəri-praktiki nəticələrini belə yekunlaşdırmaq
mümkündür:

- Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda
millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. «Yoxdur millətimin xətti bu imzalar içində» məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar
etmək üçün hər cür çətinliyə sinə gərdilər. Çoxsaylı folklor mətnləri toplandı və çap edildi.
- 1920-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri baxımdan
inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan istiqamət verdilər.
- 1930-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı.
- Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına
uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi.
- Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi.
- XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş «avtoritetlərin» sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi.

- Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında
dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən
işıqlı yolun əsasını qoydu.
Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının
qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur.
Qısa müddətdə Folklor İnstitutu tərəfindən «İlkin folklor nəşrləri» seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 1930-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xuluflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır.
XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşünaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqisliklərinin inkarçısıdır.
AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Biz onlara qısa
şəkildə toxunmamışdan qabaq sonuncu nəhəng işimizdən söhbət açmaq istəyirik.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu milli hədəflər naminə, millətin hədəfləri naminə, bizi bir fərd kimi millətləşdirən hədəflər naminə Uca Tanrının adını çağıraraq Azərbaycan elminin miladın
III minlilliyində qarşısında duran ən uca hədəflərindən biri olan «Azərbaycan Folkloru Külliyyatı»nın nəşrinə başlamış və ilk on cildi artıq çapdan buraxmışdır.
«Azərbaycan Folkloru Külliyyatı» öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoyulmuüşdur. Elə bir etibarlı bünövrə başlanmışdır ki, millətin mənəviyyatı dünya durduqca onun üzərində dura bilsin...
Beləliklə, «Azərbaycan Folkloru Külliyyatı» milli mədəniyyətin folklor kodunun total mətn korpusu kimi mükəmməl, sistemli, müasir dünya nəzəri-intellektual səviyyəsinə uyarlı folklorşünaslıq baxışlarını özündə əks
etdirən proyekt olaraq reallaşdırılmağa başlımışdır. Proyektlə aşağıdakı məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1. İlk növbədə Azərbaycan xalqının folklor yaradıcılığının indiyə qədər əldə edilən bütün mətn fondunun çap edilib yazılı mətnə keçirilməsi. Ona görə də «Azərbaycan Folkloru Külliyyatı» kəmiyyət vahidi ilə – rəqəmlə (50 cildlik, 100 cildlik və s.) ölçülməyən nəşr kimi planlaşdırılmışdır. Bu, təkcə Azərbaycan folklorunun təcrübəsində deyil, eləcə də dünya təcrübəsində
analoqu olmayan açıq nəşr sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, AMEA-nın Folklor İnstitutunun hazırkı kollektivi, proyektin redaksiya heyəti sadəcə olaraq bu işi başlamağı, milli folklorumuzu kəmiyyət həddi qoymadan çap etməyi qərara almışdır. Proyektin neçə cilddən ibarət olacağını zaman müəyyənləşdirəcək: bu fundamental layihə Azərbaycan xalqının yeni əsr və minillikdəki milli-mənəvi ehtiyacının ifadəsi olaraq yarandığı kimi, onun nə vaxt və neçənci cildlə tamamlanacağını yenə də milli-mənəvi tələbat, zamanın konkret tələbləri müəyyənləşdirəcək.

2. «Azərbaycan Folkloru Külliyyatı»nın nə vaxtsa poliqrafik-fiziki baxımdan tamamlanması mümkündür. Lakin xalqımızın mənəvi-milli həyatının ən böyük hadisələrindən biri olacaq bu proyektin fəlsəfi baxımdan tamamlanması mümkünsüzdür: Azərbaycan xalqının folklor yaradıcılığı bitməz-təkənməzdir.

3. «Külliyyat»da Azərbaycan folklorunun sistemli təqdimi nəzərdə tutulmuşdur. Həmin nəşr sistemi aşağıdakı göstəriciləri nəzər tutur:
– Azərbaycan folklorunun onun bütün mətn növləri və janrları üzrə
nəşr edilməsi;
– Azərbaycan folklorunun bütün tarixi mətn fondunun çap edilməsi;
– Azərbaycan folklorunun variant və versiyalar sistemi üzrə çap
edilməsi;
– Tarixi Azərbaycan folklorunun çap edilməsi işinin həyata keçirilməsi;
– Azərbaycan folklorunun dil-dialekt koloritinin saxlanılmaqla çap
edilməsi;
– Azərbaycan folklorunun mətn təhriflərindən və saxtalaşdırılmalardan
təmizlənməsi və s.

4. Azərbaycan folklorunun bütün mətn növləri və janrları üzrə çap edilməsi «folklor mətni» anlayışının bütün struktur səviyyələrini əhatə edəcəkdir. XX əsr Azərbaycan folklorşünaslığındakı «folklorun növ və janrları» anlayışının yalnız yazılı ədəbiyyatın kateqorial sistemi səviyyəsində qəbul edilməsi praktikasına «Külliyyat»da son veriləcək və «növ-janr-
forma-şəkil» kateqorial sisteminin folklor mətninindəki poetik spesifikası əsas götürüləcəkdir. Bu, folkloru yalnız «şifahi xalq ədəbiyyatı» (yaxud «ağız ədəbiyyatı») olmaq statusundan çıxarıb, söz-hərəkət-sənət sisteminə müncər olunan gerçək mahiyyəti səviyyəsində təqdim etməyə imkan verəcəkdir. Bu halda folklorumuz bütün mətn növləri, tipləri, janrları, forma və şəkilləri səviyyəsində çap olunacaqdır. Folklorumuzun gerçək mahiyyəti və bədii-estetik möhtəşəmliyinin üzə çıxarılması onun «janr» səviyyəsində məkəmməl çapını hava və su kimi tələb edir. Azərbaycan
folklorşünaslığının bu sahədə mövcud olan ənənəvi janrları təqdim etmək təcrübəsi folklorumuzun neçə-neçə janrını onların gerçək poetik təbiəti səviyyəsində təqdim etməyə imkan verməmiş, bir çox paremioloji janrlar, ümumiyyətlə, nəşrdən qıraqda qalmışdır. «Azərbaycan Folkloru Külliyyatı» mətnlərin janrlar üzrə çapı zamanı bu sahədəki meyarların maksimum
səviyyədə tətbiqini nəzərdə tutmuşdur.

5. Azərbaycan folklorunun tarixi mətn fondunun çap edilməsi «Külliyyat»ın qarşısına qoyduğu əsas məqsədlərdəndir.
Azərbaycan folklorunun variant və versiyalar üzrə çap olunması «Külliyyat»ın qarşısında duran ən mühüm vəzifələrdəndir və s.
İndi isə AMEA Folklor İnstitutunun yarandığı gündən gördüyü işlər barəsində qısaca məlumat vermək istərdim.
AMEA Folklor İnstitutu respublikamızda folklorun toplanması, nəşri və öyrənilməsi ilə bağlı rəsmi dövlət qurumu, Milli Elmlər Akademiyasının müstəqil institutudur. Ölkədə aparılan folklorşünaslıq işlərinin hamısı bu institutda koordinasiya olunur. Bu baxımdan, Azərbaycan folklorşünaslıq
elminin müasir simasını bütün səviyyələr üzrə bizim institutumuz təşkil edir.
İnstitutda artıq onlarla sanballı tədqiqat işləri müdafiə olunmuşdur. Bu baxımdan, AMEA Folklor İnstitutu Azərbaycanda
folklorşünas kadrların hazırlandığı mərkəzdir.
İnstitut yarandığı gündən coşğun şəkildə Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işi ilə məşğuldur. İnstitutda çox zəngin folklor arxivi yaradılmışdır.
AMEA Folklor İnstitutu folklor mətnlərini çapını iki əsas nəşrlə həyata keçirir:

1. «Azərbaycan folkloru antologiyası»

Bu, regional-məhəlli folklor antologiyasıdır. Artıq çoxsaylı cildləri çapdan çıxmışdır. Burada Azərbaycanın Göyçə, Şirvan, Naxçıvan, Şəki, Qaraqoyunlu, Gəncəbasar və s. bölgələrinin folkloru həmin folklor
mühitləri üçün xarakterik olan bütün janrlar səviyyəsində təqdim olunur.

2. «Azərbaycan Folkloru Külliyyatı».

Bu nəhəng nəşr haqqında yuxarıda kifayət qədər məlumat verdik.
AMEA Folklor İnstitutu respublikada folklora dair aparılmış tədqiatları iki nəşrlə gerçəkləşdirir:

1. «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər».

Bu məcmuə keçən əsrin 60-cı illərinin əvvəlində fəaliyyətə başlamışdır.
Sovet dönəmində cəmi 7 sayı çapdan çıxmışdır. AMEA Folklor
İnstitutu yaradıldıqdan sonra artıq məcmuənin 28 cildi çap olunmuşdur.
Bu, Azərbaycanda folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşrdir.
Burada çap olunan tədqiqat işləri Azərbaycan folklorşünaslıq elminin
simasını təşkil edir.

2. «Dədə Qorqud» dərgisi.

Dərgi yeni əsrin əvvəlindən nəşrə başlamışdır. Burada folklorşünaslıq
tədqiqatları, folklor mətnləri çap olunur. Jurnal həm də Azərbaycan və türk
dünyasının folklor həyatını işılandırır.
Xüsusi şəkildə qeyd etmək istəyirik ki, institutumuz hər il müntəzəm olaraq «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı beynəlxalq folklor konfransı (simpoziumu) keçirir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Konfransın materialları dərhal çap olunaraq oxucuların ixtiyarına verilir. Folklor İnstitutu bu konfransla dünya folklorşünaslarını bir araya gətirir və ümumtüurk folklorşünaslığının inkişafına böyük təkan verir.
Qarşıda böyük vəzifələr durur. Azərbaycan Respublikasının dövlət müsətəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də durmadan inkişaf edəcəkdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.