“Azərbaycan cəmiyyətinin modernləşməsində folklorun rolu” adlı elmi seminar keçirildi 29 yanvar 2010-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Azərbaycan cəmiyyətinin modernləşməsində folklorun rolu” mövzusunda elmi seminar keçirildi. Məruzəçi fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov fəlsəfi təhlillər əsasında müasir cəmiyyətdə gedən prosesləri şərh etdi.
Qeyd etmək lazımdır ki, artıq Folklor İnstitutunda Hüseyn İsmayılovun rəhbərliyi ilə yeni bir istiqamət başlanılmışdır. Belə ki, ayrı-ayrı regionlardan folklor nümunələrinin toplanılması, tərtibi və nəşri sahəsində görülmüş işlər və müxtəlif istiqamətlərdə aparılmış tədqiqatlar davam etdirilməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, folklor yaddaşında kodlaşmış mentalitetin milli ideologiyanın hazırlanmasındakı roluna da böyük əhəmiyyət verilir. Təsadüfi deyildir ki, professor Hüseyn İsmayılov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Elm strategiyası qarşısında qoyulmuş tələbləri əsas götürərək institutun fəaliyyətində bu yönə xüsusi diqqət yetirməkdədir. Artıq Folklor İnstitutunda Hüseyn İsmayılovu təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanmışdır. Bu sənəd folklor nümunələrinin hüquqi qorunmasının konkret formalarını təqdim etməklə bərabər, bu sahədə görüləcək işlərin sistemli xarakter almasına da yardım edəcəkdir.
Təşkil olunmuş bu seminar da yuxarıda sadalanan işlərdən olub qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması sahəsindəki perspektivləri göz önünə gətirməyə xidmət edir. Çıxışçı fəls.e.d. Füzuli Qurbanov əvvəlcə bəşəriyyətin keçdiyi ümumi inkişaf yoluna nəzər salaraq ayrı-ayrı zamanlarda və cəmiyyətlərdə izlənilən inkişaf və tənəzzül xətlərini diqqət mərkəzinə gətirdi. Rus alimi Budanovun “kaskad ritmlər” adlanan bu yöndəki tədqiqat nümunəsini misal olaraq gətirən alim xalqların həyatında baş verən dəyişikliklərin periodik xarakter daşıdığı nəticəsinə gəlindiyini qeyd etdi. Həmçinin müxtəlif psixoloq, sosioloq və filosofların bu yöndə olan tədqiqatlarına nəzər salan filosof-alim modern cəmiyyətlərdə mənəvi dəyərlərin deformasiyaya uğraması səbəblərini də aydınlaşdırdı.
Alimin fikrinə görə, dünyada baş verən bu proseslərin zərərli nəticələrindən yan keçməyin çıxış yolu milli mentalitetin və folklor yaddaşının qorunması və şüurlarda yenidən aktivləşdirilməsidir. “Elitar”, “Populyar” və “Folklor” mədəniyyəti anlayışlarına xüsusi nəzər salaraq burada folklor mədəniyyətinin rolunun vacibliyindən bəhs edən alim ənənədə yaşayan dəyərlərin müasirliklə kəsişən cəhətlərinin tapılması və cəmiyyətə təqdim olunması yolundan danışdı.
Seminar sual və qarşılıqlı fikir mübadiləsi şəklində keçdi. Ayrı-ayrı alim və tədqiqatçıların məsələyə münasibəti bir nöqtədə - milli-mənəvi dəyərlərin qorunması işində folklorun əhəmiyyətində birləşdi.
Qeyd etmək gərəkli olar ki, Folklor İnstitutunda milli ideologiyanın hazırlanması, mental dəyərlərin mühafizəsi sahəsində mühüm işlər davam etdirilməkdədir.
AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev |