Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
20.03.2021

Ramazan QAFARLI,
filologiya üzrə elmlər doktoru, professor

NOVRUZ – həyatın və təbiətin Yeni günü

Ulu babalarımız təbiətlə bağlı olan xüsusi günlərə böyük önəm verər, onları bayram kimi qeyd edərdilər. Qədim inanclara görə, ilk olaraq işığın (istinin, xeyrin) mənbəyi saydıqları Günəşə, Aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda həm fiziki, həm də mənəvi mənada üzlərini göylərə tutmuş, ümidlərini göylərə bağlamış, təsəllilərini göylərdən almışlar. İşıq, istilik, canlılıq -- Xeyrin, qaranlıq, soyuq, ölüm isə Şərin əlamətləri sayılmışdır. Onların əsas tapındıqları təbiət və onun başlıca elementləri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyirlə Şərin təzahürləri kimi yozulmuşdur. Beləcə, qoca zamanı da ikiləşdirmişdilər: Xeyirin zamanı və Şərin zamanı. Yazın gəlişi Xeyir zamanının başlanmasının əsas əlaməti kimi götürülür.

Göydən düşən işığın, nurun insan oğlunun həyatının, ömrünün əzəlindən onun şüurunda, təfəkküründə, ilkin dünyagörüşündə açdığı izlər o qədər təsirli və dərin olmuşdur ki, minilliklər, uzun əsrlər ötüb-keçsə də, unudulmamış, adət-ənənələrin, mədəniyyət amillərinin mayasına hopmuş, sakral məzmun qazanmışdır. Lap başlanğıcdan bu yanaşma odun kəşfi ilə əbədiləşdirilmiş və mərasimləşərək tonqal nümunəsində rəmzləşdirilmişdir. Göyə məxsus işığın, istiliyin yerdə nişanəsi əvvəl mağaralardakı, sonralar isə alaçıq və otaqlardakı ocaq idi. İnsanların ocaq başına toplaşması dünyanın əbədi işığından yurd yerinə hərarət, nur çəkməyə bərabər tutulurdu. Və bəşər oğlunun dünyabaxışı, əqidəsi dəyişdikcə, həmin işığın da məğzi, məna tutumu genişlənmiş, nəhayət, Vahid Yaradanın Nuruna qovuşmaq şəklində kodlaşmışdır. İlahi işığın rəmzləşdirilməsi Novruz bayramının təməli kimi insanın təbiətə tapınmasında qoyulsa da, ocağın vətənləşməsi, yurdlaşması, nəsillə əlaqələndirilməsi sonralar əcdad kultunun əsas amili kimi yaddaşlara hopması ilə nəticələnmişdir. Əski Türk təqviminin ilk ayının adının “Ocaq” adlandırılması da məhz bu inamla bağlıdır.
Tarixi mənşəyinin müəyyənləşdirilməsi baxımdan elmdə Novruz bayramı ilə bağlı müxtəlif qənaətlər mövcuddur:

Türklərin ən qədim təbiət bayramı

Çin mənbələrində yeni eradan yüz illər öncə hunların yazın başlanğıcında bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir Novruz adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi rituallarının təsviri əks olunmuşdur. Türklərin yazın gəlişini elliklə bayram etmələrinin kökü və məzmunu qədim “Ərgənəkon” dastanında bütün genişliyi ilə öz əksini tapmışdır. Burada əsarət altında məşəqqətli gün keçirən türk qövmünün öz əski yurduna dönüşü yazın ilk günü ilə bağlanılır və üç min il əvvəl bünövrəsi qoyulmuş adət -- kürədə qızdırılmış dəmiri döymə törəni bu gün də ən yüksək ənənə statusunda icra olunur. Bu gün də müxtəlif coğrafiyalarda yaşayan, fərqli inanclara və tarixi-mədəni ənənələrə malik olan müasir türk xalqlarının, demək olar ki, hamısında yazın gəlişi rəngarəng bayram mərasimləri ilə qeyd olunur.
Novruzun qeyd edilməsinin ən qədim qaynaqlarda mühafizə olunmuş nişanələri birmənalı şəkildə təsdiq edir ki, o, ilk növbədə qədim əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, Günəşi çağırış, Qodu ilə qapıları döymək, savaşı saxlamaq, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq və döyüşdürmək, yeddi növ nemətdən xonça tutmaq, ev-eşiyi, həyət-bacanı yuyub-təmizləmək, bayram axşamı ocaqda mütləq qazan qaynatmaq, qapıya papaq (yaylıq) atmaq, bacadan xurcun sallamaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması təzahürləridir. Onların heç bir dinlə xüsusi bağlılığı yoxdur, əksinə, tarixin müxtəlif dönəmlərində Novruz rituallarından bütün dinlər faydalanmışdır.

Novruz mərasimlərində tonqal

İlin axır çərşənbəsində qalanan tonqalın əcdad kultuna bağlanan bir yozumu mövcuddur. Ulu əcdadlarımız hesab edirdilər ki, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar çoxlu odun, çır-çırpı toplayır, böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər onlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər.
Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülürdü. Doğrudan da, dünya xalqlarının çoxunda özünə yer almış tonqal ətrafında ayinlər keçirmək bütün hallarda ötən günlərin, keçmiş nəsillərin yad edilməsi ilə bağlanır.

Yumurta boyama

Yumurta – törənişin, təbiətin oyanmasının, həyatın təzələnməsinin, cansızın canlanmasının simvoludur. Yumurtaları boyamaq və onları döyüşdürmək ənənəsi çox əski çağlardan qalmışdır. Adətən, yumurtaların boyanmasında və Novruz xonçasının hazırlanmasında yeddi rəngdən istifadə edirdilər. Bu rənglərin hər birinin türk simvolikasında öz mənası və yeri vardır. Əski türklərdə dünyanın dörd istiqamətinin hər biri ayrıca rənglə ifadə edilmişdir: Quzey (şimal) -- qara, güney (cənub) – qızıl (qırmızı), doğu (şərq) -- göy, batı (qərb) -- ağ. Coğrafi adlarda da rəng simvolikasına rast gəlirik: Qara dəniz, Ağ dəniz, Qısıl dəniz, Göy göl, Göycə gölü, Qaradağ, Qarabağ. Eləcə də türk soylarının adında rənglərdən istifadə edilirdi: Ağ hunlar, Boz hunlar, Göy türklər, Ağ Orda, Qızıl Orda, Ağqoyunlu, Qaraqoyunlu. Ümumiyyətlə, türklərin önəm verdikləri rənglər bunlardır: ağ, qara, boz, qızıl (qırmızı, al), göy (mavi), yaşıl, sarı. Novruz xonçasına yeddi löyün nemətlər və yeddi rəngli yumurtalar düzülür.
Ey türk milləti, torpağına sahib çıx!
Bu çağırış qədim türk dastanı “Ərgənəkon”dan götürülmüşdür. Ulu əcdadlarımızın dili ilə söyləndiyinə görə, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenilərək böyük itki verib doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və keçilməz dağlarla əhatələnmiş bir ovalığa sığınmışdılar. Həmin ərazidə axar sular, ovlaqlar, bulaqlar, dadlı meyvələr vardı. Belə yeri görüncə, onlar Allaha şükür etdilər. Qışda heyvanların ətini yedilər, dərisini geyindilər, yazda südünü içdilər. Bu ölkəyə Ərgənəkon dedilər.
Zaman keçdi, illər ötdü, türk nəsilləri o qədər artdı ki, Ərgənəkona sığmadılar. Dörd yüz ildən sonra çarə tapmaq üçün qurultay topladılar. Dedilər: “Atalarımızdan eşitdik, Ərgənəkonun dışında geniş ormanlar, gözəl ölkələr var. Bizim yurdumuz da əskidən o yerlər imiş. Dağların arasını araşdırıb yol tapaq, köçüb gedək. Ərgənəkondan kənarda kim bizə dost olsa, biz də onunla dost olaq, kim bizə düşmən olsa, biz də ona düşmən olaq.”
Türklər qurultayın qərarına əsasən Ərgənəkondan çıxmaq üçün yol aradılar, tapmadılar. O zaman bir dəmirçi dedi ki: “Dağda bir dəmir mədəni var. Dəmiri əritsək, dağ bizə keçid verər.”
Gedib dəmir mədənini tapdılar. Dağın geniş yerinə bir qat odun, bir qat kömür dizdilər. Dağın altını, üstünü, yanını, yönünü odun-kömürlə doldurdular. Yetmiş dəridən yetmiş böyük körük düzəldib yetmiş yerə qoydular. Odun-kömürü odlayıb körüklədilər. Tanrının yardımıyla nəhəng tonqal dəmir dağı əritdi, yol açıldı. Bir yüklü dəvə çıxacaq qədər keçid əmələ gəldi. Sonra göy yellikli bir Boz qurd çıxdı ortaya; haradan gəldiyi bilinmədi. Boz qurd türkün önündə dikəlib durdu. Hər kəs anladı ki, yolu o göstərəcək. Boz qurd yürüdü; ardından da türk milləti irəlilədi. Və türklər onun öndərliyi ilə ilin müqəddəs günündə – Ocaq ayının 21-də – Novruz günündə Ərgənəkondan çıxıb xilas oldular.
Türklər o günü əbədi yadda saxladılar. Bu müqəddəs gün türklərin bayramına çevrildi. Hər il o gün böyük törən düzəltdilər. Bir parça dəmiri atəşdə qızdırdılar. Bu dəmiri öncə türk xaqanı qısqacla tutub zindana qoyur, çəkiclə döyürdü. Sonra şöhrətli türk bəyləri bir-bir gəlib çəkici bir yerə vuraraq eyni işi yerinə yetirir, təntənəni davam etdirirdilər. Bu törən zamanımızadək yaşadılıb və 2007-ci ilin noyabrın 17-də Bakıda, “Gülüstan” sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bir daha baş tutub. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çəkiclə dəmiri döyəcləyib.
Ərgənəkondan çıxdıqları zaman türklərin xaqanı Kayı xan soyundan gələn Börtəçin (Boz qurd) idi. Börtəçin bütün ellərə elçilər göndərdi. Onlara türklərin Ərgənəkonu tərk edib əski yurda döndüklərini bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olaraq Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və isıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur.”
Novruz – törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və türkün yenilməzliyini, birliyini, işığa, xeyirə bağlılığını bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir. Neçə illərdi ki, insanlarımız -- “Gün o gün olsun, gələn bayramı Qarabağda keçirək!” -- arzusu ilə yaşayırdılar. Gün o gün oldu! “Ərgənəkon”da rəvayət kimi ifadə olunmuş “yurda dönüş” ideyasını biz real dünyada gerçəklik kimi həyata keçirdik. Xalqımızın birliyi, cəsur əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına, Ali Baş Komandanımız cənab İlham Əliyevin mətinliyi, polad iradəsi sayəsində yağı tapdağında olan torpaqlarımız düşməndən azad edildi. Builki bayramı xalqımız daha böyük sevinc və fərəhlə, qələbə ovqatı ilə qeyd edir. Bu Novruzda yurdumuza qədəm qoyan yeni gün tariximizin yeni bir mərhələsinin ilk bayramıdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.