AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

19 mart 2021-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası institutun direktoru, akademik Muxtar İmanov açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda müzakirə edilən ilk məsələ “Nizami Gəncəvinin 880, Aşıq Ələsgərin 200 illik yubileylərinin qeyd edilməsi ilə bağlı institutun tədbirlər planı barədə” olub. Akademik Muxtar İmanov Azərbaycan Respublikasının Prezidenti cənəb İlham Əliyevin “2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” 4 fevral 2021-ci il tarixli və “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamlarının əhəmiyyətindən danışıb, sərəncamların icrası ilə bağlı İnstitutun görəcəyi tədbirlər barədə məlumat verib.

Sonra işğaldan azad edilmiş ərazilərin folklorunun öyrənilməsi ilə bağlı institutun tədbirləri barədə İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov çıxış edib. O, builki plan işi mövzularının müzakirəsi zamanı sözügedən məsələnin diqqətdə saxlanıldığını, institutun 2021-ci il üçün elmi-tədqiqat planına Qarabağ folkloru ilə bağlı beş mövzunun daxil edildiyini bildirib. AMEA-nın təsdiq etdiyi Tədbirlər planında isə Folklor İnstitutuna Memarlıq və İncəsənət İnstitutu ilə birgə “Qarabağda xalq ədəbiyyatı və musiqi folkloru” kitabının nəşrə hazırlanması həvalə edilib.
Məsələnin müzakirəsindən sonra şöbələrə müvafiq mövzularda yazılar hazırlayaraq, iki ay müddətində elmi katibə təqdim etmək tapşırılıb.

Elmi Şurada AMEA Folklor İnstitutunun dissertanturasına və doktoranturasına qəbulun nəticələri də müzakirə edilib. Məsələ barədə institutun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d. Fidan Qasımova məlumat verib. Müsabiqənin nəticələrinə əsasən, iddiaçılar Osmanova Gülnar Zakir qızı və Qəsəbova İlhamə Cəlal qızının elmlər doktoru hazırlığı üzrə doktoranturaya, Məmmədhüseynova Zülfiyyə Xası qızı ilə Oruczadə Günay Tahir qızının fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, Rüstəmzadə İlkin Fariz oğlu, Cəlilova Aynur Elman qızı və İslamzadə Atif İslam oğlunun elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul edilməsi məqsədəuyğun sayılıb.

Sonra AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə seçki keçirilib. Bu vakant yerə sənəd təqdim etmiş fil.e.d., professor Cəlal Əbil oğlu Qasımov seçkinin nəticələrinə əsasən, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə seçilmiş hesab edilib.
İclasın sonunda fil.ü.f.d. Atəş Əhmədliyə və sən.ü.f.d. Bənövşə Rzayevaya dosent elmi adının verilməsi barədə məsələyə baxılıb və müsbət qərar verilib.


