Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
15.03.2021

Səadət Mustafayeva
AMEA Folklor İnstitutunun böyük elmi işçisi


Məhəmməd bəy Zəngilani haqqında bir neçə söz


Məhəmməd bəy Aşiq Zəngilani xalq ruhunda yazan Azərbaycan şairlərindən biridir. Onun qoşma, gəraylı, təcnisləri xalqın könül duyğularını ən incə bir formada təqlid edir. Onun poeziyasının əsas xəttini gözəl və gözələ münasibət təşkil edir. Lirik şeirlərlə yanaşı onun təbiət şeirləri də diqqəti cəlb edir. Əsasən Zəngilanın əsrarəngiz təbiəti poetik bir formada, cilalı formada təqdir edilir.
Demək olar ki, Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolunu təşkil edən Zəngilan folkloru çox zəngin və rəngarəngdir. Çünki bu bölgə başdan-ayağa ənənəvi mədəniyyət ocaqları ilə zəngindir. Digər zəngin folklor mühitləri kimi Zəngilan folkloru da aşıq poeziyası ilə aparıcı mövqeyə malikdir. Zəngilan folkloru xəritəsində oz izləri ilə seçilən şairlərimiz sırasında Məhəmməd bəy Aşiq Zəngilani, Şıx Məhəmməd Bağban, Əbdülsəməd bəy Zəngilani xüsusi yer tutur.
Zəngilanın “Kənd həyatı” qəzetinin əməkdaşı Azad Qaradərəlinin “Məhəmməd bəy Aşiq Zəngilani” məqaləsində, şairin Qasım bəy Zakir, Aşıq Pəri kimi görkəmli poeziya nümayəndələrinə həsr edilmiş şerlərindən bəhs olunur: “Zəngilanın ədəbi həyatında mühüm rol oynayan görkəmli simalardan biri də Məhəmməd bəy Aşiq Zəngilani olmuşdur. Vaqif ənənələrini davam etdirən Məhəmməd bəy hələlik bizə bəlli olan ilk Zəngilan şairidir. Sonra Şıx Məhəmməd Bağban, Əbdülsəməd bəy Aşiq (Məhəmməd bəy Aşiqin oğlu) kimi görkəmli şairlər onun yolunu davam etdirmişlər.
Zakirdən sonra Qarabağda Vaqif üslubunu davam etdirən şairlər içərisində əsas yeri Məhəmməd bəy Aşiq tutur. O, 1776-cı ildə Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Cavanşir nəslindəndir. Buna görə də bəzi mənbələrdə o, Məhəmməd bəy Cavanşir Zəngilani ləqəbi ilə qeyd olunur.
Zəngilanın Görkəmli simalarından olan Məhəmməd bəy Aşiq Qasım bəy Zakirin, Aşıq Pəri və Mirzəcan Mədətovun yaxın dostu və müasiri olmuşdur. Ona “əzizə”, “Zəngilanın sahibi” deyə müraciət edən Zakir Məhəmməd bəyi özünün “pənahı”, şeirlərini isə “nəzmi-şəkərbar” adlandırırdı:
Nəzmi-şəkərbarın
Gəldi, yetişdi,
Ay Qasımın püştü,
pənahı Məmməd!
Əcəb tanıyıbsan
çərki-bədkarı,
Pir olasan görüm,
Vallahı Məmməd!
Mükəmməl təhsil görmüş, güclü ədəbi istedada malik olan şair müasiri Aşıq Pəriyə yazdığı şeirdə onun şeirlərinə ciddi irad tutur:
Qafiyə gərəkdir
ola dilpəsənd,
Nə ki, belə məxşuş
ola dərdmənd.
Bilmirəm ki, sənə
eyləyim rəşxənd
Yoxsa onu yazan
mollaya, Pəri?
Şair aşıq şeri üslubunda yazdığı qoşma və gəraylılarında saf, təmiz eşqi tərənnüm edir. Gozəllərin təsvirinə həsr olunmuş şeirləri xüsusi diqqətəlayiqdir. Aşıq Pərinin vəsfinə həsr etdiyi qoşmalarda isə incə yumorla bahəm, dərin lirizm və böyük səmimiyyət də özünü göstərir.
Onun məhəbbət mövzulu şeirlərində sevən aşiqin əqidə bütövlüyü və dönməzliyi xüsusi yer tutur.
Aşiq, yamandır zəmanə,
Etibar olmaz xübanə.
Qoymuşam mərdi mərdanə
Bu başı meydana gəldim.
Şeirlərində güclü həyat eşqi duyulsa da dövranın haqsızlıqları, zəmanənin sitəmləri şairin ictima motivli şeirlərində öz izini saxlamışdır. “Mat qalmışam bu dövranın işinə” deyən şair dövranın ziddiyyətlərini belə təsvir edir:
Görürsən ki, gahı acı
tox eylər,
Məhvəşlər zülfü tək azı
cox eylər.
Bir ağız ucuya varı
yox eylər...
Məhəmməd bəy Aşiqin şeirləri sənətkarlıq baxımından maraqlıdır. Son dərəcə sadə dildə yazan şair sözlərin cinas düzümündən məharətlə istifadə etmişdir.
Qarşıda yaxşı pəri,
Tərlanın yaxşı pəri,
Mən Aşıqdan yaxşıyam,
Yaxşıdan yaxşı Pəri.
Bu balaca bayatıda gözəl omonimlik-cinaslıq yaradan şair (birinci pəri-gözəl, ikinci pəri-qanad, üçüncü isə qızın adı mənasında) həm də ədəbiyyat tariximizdə görkəmli yer tutan Sarı Aşıq və onun sevgilisi Yaxşını da yad etmişdir.
Şairin şeirlərində xalq deyim tərzi çoxluq təşkil edir: “Salıbdı canına bir qara qayğı”, “Könüldən könülə yollar görünür”, “Səni tarı, məndən olma mükəddər” və s. Məhəmməd bəy Aşiqin şeirlərində nikbinlik, həyat eşqi güclüdür. Oxucunu yaratmağa, yaşamağa səsləyən bu zərif duyğulu şairin həyatı təəssüf ki, özü demiş “Zülmü sitəmin” təsirindən əzab-əziyyətə düçar olmuş, doğma elindən didərgin düşmüşdü. Belə ki, Qarabağ Rusiyanın tərkibinə keçdikdən sonra şair hökumətin nəzərində siyasi cəhətdən şübhəli göründüyü üçün həmişəlik Ordubad şəhərinə sürgün edilmişdir. Bu vaxtlar onun şeirlərində dövrandan narazılıq motivləri daha da güclənir:
Daim şadü xürrəm
gördüyün könlüm,
İndi dərd əlindən
viran olubdur.
Görünür, ömrünün son çağlarında qələmə aldığı “Tövbənamə”sində şairin dini baxışları və etirafları əks olunmuşdur. Təəssüf ki, bu əsərlə bərabər şairin bir çox əlyazmaları da itib-batmışdır.” (1, 4).
R.Təhməzov Zəngilanın “Kənd həyatı” qəzətində “Məhəmməd Bəy Aşiq Zəngilani” adlı məqaləsində yazır: “Məhəmməd bəy Aşiq yaradıcılığına təxminən 20-22 yaşlarından başlamışdır. Şair “Aşiq” təxəllüsü ilə o dövr üçün səciyyəvi olan qəzəl, müxəmməs, müstəzal, tərcibənd, qoşma və satirik şeirlər yazmışdır. Bu şeirlərin çoxunun üzü köçürülüb xalq arasında yayılmışdır.
Şairin qəzəllərində və qoşmalarında özünün ovçu oldugundan, təbiəti sevməsindən və lirik şeirlər yazdığından bəhs edilir. İndi şairin əldə əlliyə yaxın, qəzəli,qoşması və şeiri vardır. Bunlardan aydın olur ki, şairin şeirlərində dil sadə və fikir aydındır, bədii ifadə vasitələrindən düzgün və yerli-yerində istifadə edilmişdir”. (3, 4).
Məhəmməd bəy Aşiq öz poetik irsində xalq ruhuna yaxın olan əsərləri yaratmışdır. Onun qoşma və gəraylıları haqq aşiqlərinin vəhdəti-vücüd fəlsfəsinə söykənir.
Məhəmməd bəy Aşiq haqqında tədqiqatçı Azad Qaradərəli “Qasım bəy Zakirin dostu olmuş ordubadlı şair” adlı məqalədə yazır: “... Bu vaxtlar Azərbaycanın Ordubad deylən bir şəhərində qoca bir şair üzü dədə yurdu Qarabağda, gözləri Zəngilan deyilən ana torpağına dikili halda qədim xalq mahnısını zümzümə edirdi:
Ay ana, ana,
Qal yana-yana.
Gedirəm axı Zəngilana...
Elə bu misraları təzəcə zümzümə eləyib qurtarmışdı ki, nə vaxtdan bəri başladığı yeni əsərini tamamlamaq üçün sanki kökləndiyini hiss elədi. Yox, bu əsər şairin sevgi və məhəbbət dolu qəzəllərindən, qoşma və gəraylılarından biri deyildi. Bu qoca şairin ömrünün son çağında qələmə aldığı “Tövbənamə”siydi. Sonralar Firudin bəy yazacaq: “Mərhum Məhəmməd bəyin bu “Tövbənamə”si onun bərgüzidə əsərlərindən birisidir”.
Tövbə, ya rəbb, bu qədər bəd əməlimdən tövbə,
Məsiyyət rahinə həm get və gəlimdən tövbə!
Hər xilaf olmuş isə sınmış əlimdən tövbə!
Dəxi onundan sonra məkrü dəğəlimdən tövbə!
Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə!
Hər xəta çıxmış isə bir də dilimdən tövbə!
Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,

Məhəmməd bəy Aşiqin ədəbi irsi ilə tanışlıq bir daha sübut edir ki, bu şairin istər yazılı ədəbiyyatda, istərsə də şifahi ədəbiyyatda özünəməxsus mövqeyi vardır.

Ədəbiyyat
1. Qaradərəli A. Məhəmməd bəy Aşiq Zəngilani // ”Kənd həyatı” qəzəti,
(Zəngilan) 7 mart 1980
2. Qaradərəli A. Qasım bəy Zakin dostu olmuş ordubadlı şair //http:
kulis.az.
3. Təhməzov R. Məhəmməd bəy Aşiq Zəngilani // “Kənd həyatı” qəzeti,
(Zəngilan) 5 iyun 1984

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.