Folklor İnstitutunda “Elmi-mədəni və ictimai-siyasi həyatda qadınların rolu” mövzusunda tədbir keçirilib

Bu gün AMEA Folklor İnstitutunda “Elmi-mədəni və ictimai-siyasi həyatda qadınların rolu” mövzusunda onlayn tədbir keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbir Folklor İnstitutunun Gənc Alimlər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. İnstitutun Gənc Alimlər Şurasının sədri, fil.ü.f.d. Nail Qurbanov tədbiri açaraq görüş iştirakçılarını salamlayıb və bildirib ki, həqiqətən də Azərbaycan qadını bugünkü gündə elmi-mədəni həyatda, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında aktiv rol oynamaqdadır. Cəmiyyətin bütün sferalarında, bütün müstəvilərində qadınlarımız kişilərlə çiyin-çiyinə çalışmaqdadır. Elə bir sahə yoxdur ki, orada qadınların hüquqları aşağı pillədə olsun. Bu hal təbii ki, Azərbaycan dövlətçiliyinin yaratdığı zəmin əsasında mümkün olmuşdur. Daha sonra N.Qurbanov qeyd edib ki, bizim klassik ədəbiyyatımızda və folklorumuzda daim qadına diqqət, hörmət və qayğı tərənnüm olunub. Gənc Alimlər Şurasının sədri çıxışının sonunda həm institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun adından, həm də öz adından bütün qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra institutun Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Tahir Orucov çıxış edərək bildirib ki, sivilizasiya tarixində cəmiyyətin elə bir sahəsi olmayıb ki, qadınlar orada uğurlu fəaliyyət göstərməsinlər. Lakin tarixin müəyyən mərhələlərində sosial münasibətdən asılı olaraq cəmiyyətdə qadının rolu da müxtəlif olmuşdur. Qadın hərəkatının inkişaf etməsi, qadınların cəmiyyətdə böyük gücə çevrilməsi XX əsrin II yarısına təsadüf edib. Tarix boyu Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçilib. Çıxışının sonunda T.Orucov institutun bütün qadın heyətini qarşıdan gələn əlamətdar gün münasibətilə ürəkdən təbrik edib və onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi diləyib.
Daha sonra söz alan institutun Qadınlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Məleykə Məmmədova çıxışçılara təbrik üçün təşəkkür edərək bildirib ki, savadlı ana cəmiyyət üçün daha yaxşı övlad yetişdirə bilər. O, cəmiyyətimizdə, əsasən, təhsil sferasında qadınların üstünlük təkil etdiyini diqqətə çatdırıb və təmsil etdiyi təşkilatın adından institut rəhbərliyinə və tədbir təşkilatçılarına dərin təşəkkürünü bildirib.
İnstitutun Qadınlar Təşkilatının üzvlərindən fil.ü.f.d., dos. Nigar Həsənova və Nigar İmaməliyeva da çıxış edərək institutun bütün qadınlarına elmi nailiyyətlərini ortaya qoyaraq daha da irəliləməyi arzu ediblər.