“Ana dilimizi sevək və qoruyaq” mövzusunda dəyirmi masa keçirilib
20 fevral 2021-ci il tarixində Sumqayıt Dövlət Universitetində “Ana dilimizi sevək və qoruyaq” mövzusunda dəyirmi masa keçirlib. Onlayn formada baş tutan dəyirmi masaya AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da qatılıb. O, tədbir iştirakçılarını salamlayaraq universitet rəhbərliyinə və bütün kollektivə dəvət üçün təşəkkürünü bildirib. Akademik “Ana dili mücadiləsi müstəqillik uğrunda mübarizənin tərkib hissəsi kimi” mövzusunda çıxış edərək deyib ki, uzun bir dövr ana dili uğrunda mücadilənin əsas hədəfi Azərbaycan türkcəsinin dövlət dili statusu qazanması olub. Akademik bildirib ki, XIII əsrdə İzzəddin Həsənoğludan, anadilli ədəbiyyatdan başlayan mücadilə müstəqil Azərbaycan Respublikasının yaranmasına qədər böyük bir yol qət edib. Bu mübarizənin ən şərəfli, ən ləyaqətli səhifələrindən birini Səfəvilərin Azərbaycan türkcəsinə geniş meydan verməsi təşkil edib. Azərbaycan türkcəsi uğrunda ən böyük mücadilələrdən birinin ərəb-fars dilləri ilə qarşılaşmada ortaya çıxan çətinliklər olduğunu vurğulayan akademik qeyd edib ki, anadilli ədəbiyyatımız barədə fəxrlə danışmağımızın kökündə öz dil varlığımızı həmin mücadilədə və qaşıdurmada təsdiq etməyimiz durub. Akademik müstəqil Azərbaycan dövlətinin mövcudluğunu dilimizin inkişafı tarixində ən böyük və ən ciddi mərhələlərindən biri kimi dəyərləndirib.
Tədbirdə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından elm adamları, ziyalılar, təhsil işçiləri iştirak ediblər.

|