Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

05 fevral 2021-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclası giriş sözü ilə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, gündəlikdəki məsələlərin AMEA Folklor İnstitutunun strukturunda dəyişiklik edilməsi, AMEA Folklor İnstitutu Elmi Şurasının tərkibində dəyişiklik edilməsi, AMEA Folklor İnstitutunun nomenklatura işçilərinin attestasiyasının təşkili, cari məsələ kimi isə Qumru Şəhriyarın “Qalalı məhəlləsi” kitabının Elmi Şuranın qərarı ilə nəşri olduğunu bildirib. Akademik ilk məsələ ilə bağlı bildirib ki, AMEA Rəyasət Heyətinin qərarına əsasən gələcək perspektivdə akademiyanın institutlarında müavin ştatları ləğv edilərək, icraçı director vəzifəsi təsis ediləcək. Buna adekvat olaraq AMEA-nın Nizamnaməsində, eləcə də institutların Nizamnamələrində müvafiq dəyişikliklər edilməlidir. Sonra strukturla bağlı məsələlərdən bəhs edən M.Kazımoğlu-İmanov, AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli 1/2 №-li qərarına əsasən, institutun strukturunun təkmilləşdirilməsi istiqamətində bəzi dəyişikliklər edilməsinin məqsədəuyğunluğundan danışıb. Şura sədri Qazax-Borçalı və Şəki bölmələrinin ləğvini təklif edib. Qısa müzakirədən sonra Elmi şura üzvləri adıçəkilən bölmələrin ləğvinə səs veriblər.

Gündəlikdəki ikinci məsələ institutun Elmi Şurasının tərkibində dəyişiklik edilməsi barədə olub. Elmi Şura AMEA-nın müxbir üzvü Kamran Əliyevin vəfatı və fil.ü.f.d.,dos. Fidan Qasımovanın Təhsil şöbəsinin müdiri təyin edilməsi ilə əlaqədar tərkibdə dəyişilik edilməsi barədə qərar verib. Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dos.Fidan Qasımova Elmi Şuraya üzv qəbul edilib.
Şuranın iclasında həmçinin fil.ü.f.d.,dos. Sönməz Abbaslının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs təyin edilməsi barədə məlumat verilib.
Sonra AMEA Folklor İnstitutunun nomenklatura işçilərinin attestasiyasının təşkili məsələsinə baxılıb. Şura üzvləri məsələ ilə bağlı yaranacaq komissiyanın attestasiya prosesində şöbə müdirləri ilə birgə əməkdaşlığını tövsiyə ediblər.
İclasın sonunda cari məsələ kimi institutun Türk xalqları folkloru şöbəsinin elmi işçisi Qumru Şəhriyarın “Qalalı məhəlləsi” kitabının Elmi Şuranın qərarı ilə nəşri barədə qərar qəbul edilib.