Seyfəddin Rzasoyun ”Müasir Azərbaycan folklorşünaslığı” adlı yeni kitabı çap olunub

AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun Azərbaycan folklorşünaslığına həsr olunmuş ”Müasir Azərbaycan folklorşünaslığı” 2cilddə - II cild (Sənətkar, mətn və mühit məsələləri) adlı yeni kitabı işıq üzü görüb.
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxan bu kitab 308 səhifədən ibarətdir. S.Rzasoyun adı keçən bu kitabının redaktoru və “Ön söz” ün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur.
Kitabda müəllifin müasir Azərbaycan folklorşünaslığında sənətkar, mətn və mühit məsələlərinə dair aparılmış tədqiqatlar haqqındakı resenziyaları toplanmış-dır. Zəngin resenziya yaradıcılığına malik olan müəllifin sənətkar, mətn və mühit məsələləri də daxil olmaqla, ümumən, folklorşünaslığa və ədəbiyyatşünaslığa dair 60-dan yuxarı resenziyası vardır. Ayrıca məqalələr, yaxud kitablara yazılmış müqəddimələrdən ibarət olan folklorşünaslıq resenziyalarının hamısını bir neçə əsas xüsusiyyət birləşdirir. Birincisi, bu yazıların hamısı müəllifin müstəqillik dövrü Azərbaycan folklorşünaslığı üzərində apardığı ardıcıl müşahidələrini əks etdirir. İkincisi, bu resenziyalar hansı formada (məqalə, yaxud müqəddimə) yazılmağından asılı olmayaraq, onlarda təqdim olunan kitablar, həsr olunduğu problemin tarixi və bu günü baxımından qiymətləndirilmişdir. Üçüncüsü, müəllif bu resenziyalarda təqdim etdiyi əsərlərin probleminə öz fərdi elmi baxışlarını da gerçəkləşdirmişdir. Bu da öz növbəsində buradakı resenziyaları Azərbaycan folklorşünaslığının müasir inkişaf dinamikasını əks etdirən vahid baxış sistemi kimi bir kitabda birləşdirməyə imkan vermişdir.
Xatırladaq ki, Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” 2 cilddə, I cild adlı kitabı 2013-cü ildə işıq üzü görmüşdür.