Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
06.01.2021

Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qafqaz qaş səhləbi – Xarıbülbül

Uzun illər öncə “Qaçqın düşən Xarıbülbül” adlı bir yazı yazmışdım. O yazını yazmağa məni vadar edən səbəb Qarabağdan qaçqın gələndən uzun zaman Bərdədən mənə gətirilmiş Xarıbülbül olmuşdu. Elə hiss etmişdim ki, gül də bizə qoşulub o yerləri tərk edib.
Sonradan öyrəndim ki, sən demə, Xarıbülbülə Şuşada, Cəbrayılda, Samur-Dəvəçidə, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlarda, Kür düzənliyində, Bərdədə, Abşeronda, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Və bu ecazkar gül Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir bitkidir.
Xarıbülbülün elmi ədəbiyyatlarda adı “Qafqaz qaş səhləbi” mənasını verən “ophrys caucasica” və ya “ophrys mammosa” adlanır və bu bitkinin əllidən çox növü var. İkinci Qarabağ müharibəsində bu gözəl gül şəhidlərimizin müqəddəs ruhuna ehtiramla yanaşı, əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu simvolizə edir.
Xarıbülbüllə bağlı çoxlu sayda rəvayətlər mövcuddur. Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq idi. Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırdı. O əsəndə, hərəkətə gələndə, aləmi toz-torpağa bürüyəndə bütün canlılar onun qarşısında əyərlərdi. Müqavimət göstərmək istəyənlərin isə qol-qanadını qırıb yerlə-yeksan edərdi.
Bir gün külək yenə var gücü ilə əsir. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında baş əyirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmur. Bunu görən külək heyrətə gəlir:
– Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi:
– Məhəbbətimdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
– Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü… – Külək bu sözləri deyib kükrədi.
Elə bu vaxt bulbul sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş iri gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son gücünü toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı.
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərk uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı, yəni tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarıbülbül qalır. Gül xarlı, yəni tikanlı bülbül görkəmində güllər açır.
Başqa bir rəvayətdə isə deyilir ki, günlərin bir günü bülbül bir gülə aşiq olur. O, gülü sevir, başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Bir gün təsadüfən arı gülü görür və onun şirəsindən dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçduğunu görüb sinəsini qabağa verir, arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Bülbül ölmür, onun sevgisi və cəsarəti onu arı ilə birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir.
Digər bir rəvayətə görə, bir zamanlar bütün bitkilər insanlar kimi danışır, hətta sevib, sevinib, gülə bilirmişlər. Bülbül o zamanlar gülü sevirdi. Bütün gül-çiçəklər də bu məhəbbəti alqışlayırlar. Hər gün sübh tezdən bülbül gülün üstünə qonub ona məhəbbət mahnısı oxuyur, gül-çiçəklər də bu nəğmənin təranələri altında rəqs edir, şənlənirdilər. Xar isə belə şadyanaqlığa, sevincə, sevgiyə, məhəbbətə dözə bilmir, qısqanır, paxıllıqdan az qalır bağrı çatlasın. Gülü bülbüldən ayırmaq üçün gəlib ona öz ürəyini açır, sevgisini bildirir. Gül xarı rədd edir. Acıqlanan xar gülün saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə gülü yeməkdə davam edir, onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın, amma güllə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Onların ah-naləsi qəbul edilir. Hamısı sadəcə bitkiyə çevrilir. Gül, bülbül və xar üçlükdə bir çiçəyə çevrilirlər. Gül-çiçəklər fədakarlıq edib canlarını bülbüllə gülün eşqinə qurban verəndə Xarıbülbül də söz verir ki, bu fədakarlığa cavab olaraq yalnız onların bitkiyə çevrildikləri yerdə bitəcək. Belə də olur. Xarıbülbülə güllərin bitkiyə çevrildiyi Şuşa torpağından başqa, dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Hətta ən məharətli bağbanlar da bu gülü başqa torpaqda yetişdirə bilmirlər.
Bu rəvayətlər arasında ən çox yayılanı və hər kəs tərəfindən sevə-sevə danışılanı Ağabəyim ağa ilə bağlıdır. Ağabəyim ağa Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisidir. İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar...
İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır.
Çox böyük cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür. İran Şahlığında saray əhli bu izdivaca qısqanclıqla yanaşır. Qarabağdan gələn və yenicə həddi-buluğa çatmış Ağabəyim ağanı ilk gündən Fətəli şahın gözündən salmaq üçün yollar axtarırlar. Xidmətçilər Fətəli şahın öz anasını çox sevdiyini, ona tayı-bərabəri olmayan gözəl, bahalı paltarlar tikdiyini bilirdilər. Deyilənə görə, onlar bundan istifadə edərək toy gecəsi Ağabəyim ağaya Fətəli şahın anasının paltarını geyindirirlər. Fətəli şah məyus olaraq o gündən onunla ər-arvad münasibətində olmur.
O, ömrünün sonuna qədər Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Deyirlər ki, Qarabağdan gəlib Tehranda yaşamaq məcburiyyətində qalan Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha deyirlər ki, qarabağlı bu “qızcığaz” Tehranda oturub buranı bəyənmir:
Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır, niyə belə dediyini soruşur. Ağabəyim ağa deyir ki:
– Mən elə deməmişəm! Sizə başqa cür çatdırıblar, mən demişəm ki:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür,
Yaddan çıxır Qarabağ.
Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir:
– Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.
Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:
– Şah sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl etməkdən boyun qaçırasınız.
Fətəli şah bir qədər də təkəbbürlənir:
– Nə vaxtsa mənim sözümü geri götürdüyüm, ya sənin sözünün yerə düşdüyü olubmu?
– Elə isə, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.
Fətəli şahın təəccübü marağa çevrilir:
– Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir? Bütün İran məmləkətinin var-dövləti sənin əlinin altında olduğu halda, atanın sənə verdiyi cehizi satmaq nəyinə lazımdır?
Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:
– Şahım, mən sizin sarayınızda yaşayıram, geyindiyim paltar da sizindir, yediyim çörək də. Bəs onda bəzək-düzəyim niyə atam evindən gətirdiyim olsun? Bəs sizin mənə bağışladığınız daş-qaşlarla nə vaxt bəzənəcəyəm? Sizin mənə bəxş etdiyiniz daş-qaşlar atamın verdiyindən həm çoxdur, həm də gözəldir. Hər dəfə üstümdəki bəzəklərə baxanda sizin yadınıza köhnə ədavət, mənim də yadıma mərhum atam, Vətənim Qarabağ düşür. Mənim, keçmişi xatırlamağım sizi sıxdığı kimi, sizin də keçmişi xatırlamağınız məni sıxır. Bu sıxıntıdan birdəfəlik qurtarmaq yaxşı olmazdımı?!
Fətəli şah fikrə gedir, bu ağıllı sözlər qarşısında deməyə söz tapmır, bilmir ki, nə cavab versin, razılaşmağa məcbur olur, amma bir şey onu yenə narahat edir:
– Bəs sənin daş-qaşlarını satdığını bilsələr, mənə nə deyərlər? Məni xalq içində rüsvay etmək istəyirsən?
– Arxayın olun! Siz məndən nankorluq görməmisiniz, ölənəcən də görməyəcəksiniz. Bu sirri yerdə ikimiz, göydə isə Allah biləcək.
Lakin Fətəli şah yenə tərəddüd edir:
– Axı pul sənin nəyinə gərəkdir? Nəyin çatmır? Sənə nə lazımdırsa, nə qədər pul istəyirsənsə, mən verə bilərəm. Bütün xəzinəm həmişə sənin üzünə açıqdır!
Ağabəyim ağa bu sözlərdən şahın yumşaldığını duyur, tez cavab verir:
– Elədir! Siz sabahdan bütün saraya elan edərsiniz ki, xəzinəni mənim üzümə açırsınız. Mən isə xəzinə əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm, buna özüm üçün bir bağ salmaq istəyirəm. Elə bir bağ ki, orda ancaq mən gəzim. Bu bağ ancaq mənə məxsus olsun, bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümlə əkilsin, buyurun ki, heç kəs mənim işimə qarışmasın.
Fətəli şah razılığını bildirir, səhəri gün elan edir ki, şah xəzinəsini Ağabəyim ağanın üzünə açıbdır. Dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: “Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada da bitsin!”
İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ hazır olur. Ağabəyim ağanın arzusuna əməl edərək bağın adını “Vətən bağı” qoyurlar. Hər şey hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə çıxır. Bağ, doğrudan da gözəl idi. Məharətli bağban əlləri gül-çiçəklə bərabər, sanki Şuşanın dağ-dərəsinin havasını da, ətrini də bura gətirmişdi.
Ağabəyim ağa bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər axtarırsa, bağda Xarıbülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır. Bağbanlar yenidən ikiqat səylə işə başlayırlar, lakin nə qədər edirlərsə, Xarıbülbül “Vətən bağı”nda bitmir ki, bitmir. Bağbanların zəhməti hədər gedir... Xarıbülbül Şuşadan Tehrana “Vətən bağı”na köçmür ki, köçmür... O zaman o, aşağıdakı byatını nisgillə dilə gətirir:
“Vətən bağı” əl-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı qandı, bülbül?!

“Vətən bağı” al-əlvandır.
Yox içində Xarıbülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Qürbət həyatı yaşayan Ağabəyim ağa ömrünü nisgil içində, Vətən, Qarabağ həsrəti çəkə-çəkə Tehranda başa vurur.
Otuz ildir Xarıbülbülün rəvayəti ya əsirlik idi, ya da qaçqınlıq. İndi onun taleyi şəhid məzarlarını bəzəmək, yaxud sinələrə yaxa gülü kimi taxılmaqdır. Və indi o da Qarabağın sakinləri kimi yurd-yuvasına geri dönəcək, öz məhəbbət hekayəsini başdan yazacaq.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.