Nizami Tağısoyun yeni monoqrafiyasının təqdimat mərasimi keçirilib

Qazaxıstanın Azərbaycandakı səfirliyində Bakı Slavyan Universitetinin professoru, türkoloq, filologiya elmləri doktoru Nizami Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdukərimov açıb. Səfir çıxışında professor Nizami Tağısoyun sözügedən araşdırmasının Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafına mühüm təsirindən danışıb.

Təqdimatda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibəyli qazax yazıçı Muxtar Auezov yaradıcılığının Azərbaycanda populyarlığını, qazax ədəbiyyatının flaqmanına və onun rəngarəng bədii nümunələrinə verilən dəyərlərdən söz açıb. Akademik Nizami Tağısoyun qazax, türk xalqları ədəbiyyatı o cümlədən türkologiya sahəsində apardığı tədqiqatları yüksək qiymətləndirib.

Daha sonra söz Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanova verilib. Muxtar İmanov professor N.Tağısoyun Azərbaycan ədəbiyyatşünaslığı və türk xalqları ədəbiyyatlarındakı davamlı və konsepsiyalaşdırılmış tədqiqatlarından, monoqrafik araşdırmalarının keyfiyyətindən və aktuallığından danışıb. Akademik onun məhsuldar və məsuliyyətli alim olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə professorlar Yaqub Babayev və Firuzə Ağayeva, dosentlər Heydər Cəfərov və Fərrux Məmmədov, Heydər Əliyev adına Azərbaycan–Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın və başqaları Nizami Tağısoyun ədəbiyyatşünaslıqda qazandığı uğurlardan danışıblar. 
Təqdimat zamanı Muxtar Auezovun oğlu, professor Murad Auezovun Almatıdan etdiyi videomüraciət nümayiş olunub. Murad Auezov Azərbaycan-qazax ədəbi əlaqələrindən, atası Muxtar Auezovun Azərbaycanın Xalq şairi Səməd Vurğunla olan dostluq münasibətlərindən söhbət açıb. O ,kitabın müəllifi professor Nizami Tağısoya uğurlar diləyib.
Tədbirin sonunda tədbirin təşkilatçısı, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdukərimov çıxış edənlərə minnətdarlığını bildirib, professor Nizami Tağısoya “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafik araşdırmasına görə təşəkkür edib.
|