Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
15.12.2020


ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru

Osmanlı dövlətinin gerbi və Pakistanın türk sevgisi

Azərbaycanın Qarabağda apardığı ədalətli savaş gün üzünə çıxmayan, kiçik auditoriyaya bəlli olsa da publikaya aydın olmayan bir çox mətləbləri də aydınlaşdırdı. Ümumiyyətlə 44 günlük tarixdə çox böyük dərs çıxarılası məsələlər həllini tapdı. Bunlardan biri də təbiidir ki, cəmiyyət üçün bir qədər anlaşılmaz olanı Pakistanın birmənalı şəkildə Azərbaycana dəstək verməsi idi. Bəs bu hansı səbəbdən irəli gəlirdi? Geostrateji siyasi maraqlarmı, maddi mənfəətlərmi, yoxsa dost münasibətimi bu kimi addımların atılmasına rəvac vermişdi? Təbiidir ki, bu suallara cavab tapmaq cəmiyyət üçün çox maraqlıdır. Çünki hansı dövlətə arxa söykəyə biləcəyi hər bir millətin və ya ölkənin siyasi-ideoloji, maddi-ticari marağından daha dərində mənəvi-psixoloji təəssürat olaraq zərurət tələb edir. Türkiyənin əsrlərlə bizə qardaş olduğu ən ağır dövrlərdə sınaqdan keçmişdir. Bəs Pakistan nə üçün Azərbaycana bu qədər yaxınlıq göstərir ki, ölkəmizin hər yerində ölkə bayrağımızın yanında Türkiyə bayrağı ilə birlikdə Pakistan dövlətinin bayrağı da dalğalanır. Demək olar ki, əksər Azərbaycan vətəndaşları Pakistan bayrağını baş üstündə tutur, dalğalandırır və bununla qürur duyur. Aydındır ki, buna səbəb olan reallıq iki ayda meydana gəlməmişdir. Pakistanlılar və Pakistan dövləti həmişə Türkiyəyə və Azərbaycana böyük dəstək göstərmişlər. Elə XX əsrin sonunda Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyədən sonra Pakistan olmuşdur. Daha dəqiqi birinci Türkiyə, ikinci isə Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanımışdır. Bəzi mənbələrdə isə ikinci Ruminiya, üçüncü Pakistan göstərilir. Bir sözlə ölkəmizi müstəqil dövlət olaraq tanıyan ilk beş dövlət arasında ikinci, yaxud üçüncü olaraq məhz Pakistanın adı tariximizdə öz əksini tapır.
Pakistan dövlətinin Azərbaycana müsbət münasibəti və əməli fəaliyyəti bununla bitmir. Zaman-zaman Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini birinci şəxslər səviyyəsində həm öz ölkələrində, həm də beynəlxalq qurumlarda açıq şəkildə bəyan etməsi buna misaldır. Eyni zamanda Pakistan Respublikası Ermənistanla heç bir siyasi-iqtisadi və ticari əlaqələr saxlamır və buna səbəb kimi Türkiyənin mövqeyi ilə eyni mövqe sərgiləyərək Ermənistanın işğalçı olduğunu əsas göstərir.
Pakistan Respublikasının ilk müsəlman qadın baş naziri Benəzir Buhutto da Azərbaycana böyük sevgi bəsləyirdi. Bunu o da öz çıxışlarında və münasibətlərində bəyan edirdi. Bundan əlavə Pakistan respublikasının ilk qurucusu Muhamməd Əli Cinnahın da bütün türk respublikalarına, xüsusilə Türkiyəyə və Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkə məhəbbəti dillər əzbəri idi.
Pakistanda yoluxucu xəstəliklərin yayılması zamanı qarşısının alınmasında maddi dəstək göstərən Hacı Zeynəlabiddin Tağıyevin rolu əlbəttə inkar olunmazdır. Ancaq Pakistanın Azərbaycana dövlət və xalq sevgisi iki mühüm səbəbdən irəli gəlir.
1. Azərbaycan Respublikasının mütərəqqi müsliman respublikası olması;
2. Azərbaycan Respublikasının türk respublikası olması.
Tarixə qısaca nəzər salsaq bunu aydın görə bilirik. Birinci istər tarixən, istərsə də bu gün Pakistan dövləti adına uyğun olaraq islam adını öz mahiyyətində və siyasətində daşıyır. Yəni Pakistan İslam Respublikası islam ölkələri ilə səmimi dini münasibətlər qurur və dövlət siyasətində bunu əsas götürür. Eyni zamanda Türkiyə dövləti başda olmaqla bütün türk cümhuriyyətlərinə xalq sevgisi və dövlət siyasəti ilə bağlılığını nümayiş etdirir. Qeyd etdiyimiz kimi bunun iki mühüm səbəbi daha vardır:
1. Osmanlı dövləti;
2. Türkiyə Cümhuriyyəti.
Məlumdur ki, Osmanlı dövləti sözün həqiqi mənasında dünyaya 600 il ədalət yaymışdır. Bunun əsas səbəbi osmanlının islam ədaləti üzərində qurulan dövlətçiliyidir. Bu anlayış eyni zamanda Osmanlı dövlətindən əvvəl mövcud olmuş Səlcuq dövlətinə də aiddir. Elə bu dövlət də türk millətinə məxsus dövlət olaraq 200 il islam ədaləti əsasında ayaqda qalmışdır. Təsadüfi deyil ki, böyük mütəfəkkir Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində məhz Səlcuq dövrünə aid olaraq Səlcuqi hökmdarı Sultan Səncərə bir qarının açıq ittihamını bu şəkildə səciyyələndirir:
Şan-şöhrəti dünyaya sığımazdı türklərin,
Ölkəsi ədalətlə güllü yazdı türklərin.
Zalımlığın bəllidir, işin-peşən talandır,
Sən bir quldur hindusan, türk olmağın yalandır.
Böyük şəxsiyyət M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” adlı monumental monoqrafiyasında bu barədə yazır ki, “ Nizami qarının diliylə deyir ki, türk dövlətləri ədalətlə idarə olunub. Əgər sən türksənsə, ədaləti olmalısan. Əgər sən ədalətli deyilsənsə, o zaman türk deyilsən!”.
Məhz İslam ədalətinə söykənən, Allah inancını təməl əsaslarına çevirən Osmanlı dövləti də bu şəkildə idarə olunmuşdur. Pakistan Osmanlı dövlətinin tərkibində olmasa da heç bir inanc, dil, din və məzhəb ayrılığı güdmədən bütün millətlərə insan gözüylə baxan Osmanlı dövlətindən bu kimi insani həyat tərzini görmüşdür. Həm də o zaman Pakistan ərazisində yerləşən əyalətlər xilafətən osmanlı dövlətinə bağlı olmuşlar. Təsadüfi deyil ki, Osmanlı dövlətinin gerbinin üzərində iki bayraq diqqət çəkir. Bunlardan biri indi də Türkiyə Cümhuriyyətinin başı üzərində dalğalanan, 1844-cü ildən Osmanlı dövlətində mövcud olan qırmızı rəngli ulduzlu bayraq, ikincisi isə bu gün Pakistan Respublikasının başı üzərində dalğalanan yaşıl rəngli ulduzlu bayraqdır. İslam olduğunu ifadə edən ay isə ümumi rəmz olaraq gerbin yuxarı hissəsində qərar tutmuşdur. Əlbəttə burada yaşıl rəng islamı, qırmızı rəng mücadiləni simvollaşdırır. Lakin Pakistan bayrağının məhz bu rəngi öz bayrağında əsas olaraq götürməsi eyni zamanda Osmanlı dövlətinə xilafətən bağlılığının aydın təzahürüdür. Sultan Səlimdən başlanan İslam xəlifəliyi əsrlərlə osmanlı sultanlarına məxsus olmuş və bu əsasda islam ədalətinin Osmanlı dövlətində məqsədyönlü olaraq qüvvədə olması buradan irəli gəlmişdir. Eyni zamanda türk olmağın islam olmaq qavramı türklərə xüsusi sayğının bütün dünyada birmənalı olaraq formalaşmasına gətirib çıxarmışdır. Bu Fransa kimi bir sıra səlibçi anlayışını bu gün də daşıyan ölkələrdə mənfi, Pakistan kimi səmimi İslam ölkələrində isə müsbət təzahür olaraq meydana çıxmışdır. Elə bu səbəbdən də bu gün Pakistan dövləti və xalqı Türkiyəyə, Azərbaycana və s. türk dövlətlərinə böyük sevgi və sayğı nümayiş etdirir.
Pakistanın Osmanlıya olan sevgisi daha mühüm bir səbəbdən də irəli gəlir. XVII əsrdən ingilis istismarçılarının ədalətsizliyi və zülmü ilə üzləşən pakistanlılar bunun müqabilində xilafətən bağlı olduqları osmanlı ədalətinin necə dəyərli olduğunu ilkin olaraq aydın fikir kimi, daha sonra isə şüuraltı bilgilər səviyyəsində belə genetik olaraq daşımış və türklərə böyük sevgi duymuşlar.
Pakistanın Türkiyə Cümhuriyyəti ilə münasibətləri də hər zaman isti olmuşdur. Buna səbəb olan həm qeyd etdiyimiz səbəblər, həm də Türkiyə Cümhuriyyətinin banisi Atatürklə bağlıdır. Qeyd etdiyimiz kimi Muhamməd Əli Cinnah hər zaman Atatürkü yüksək sayğıyla anmış, ondan dərs götürmüşdür. Təsadüfi deyil ki, məşhur Çanaqqala savaşında pakistanlılar da Osmanlının yanında yer alaraq döyüşmüşlər. Əlbəttə bu onların İslam xəlifəsinə bağlı olduğu ilə izah oluna bilər. Çünki Osmanlı sultanı İslam xəlifəsi idi. Qəzada iştirak etmək hər bir müsliman üçün borc və əmrdir. Ancaq Atatürkün Çanaqqala hərbinin şöhrətli qəhrəmanı olması da hər kəsə bəllidir. Bu da Atatürkə olan sayğıda əhəmiyyətli rol oynamışdır. Bundan əlavə Pakistanın bütün dünyada müzakirə mövzusu olan Kəşmir problemində “Atatürk taboru”nun iştirak etməsi Mustafa Kamalın və silahdaşlarının Pakistanda oynadığı mühüm rolla bağlı olmuşdur ki, onun şərəfinə Kəşmirlilərin döyüşkən bir taboruna bu ad verilmişdir. Əlbəttə bu da Pakistanın türk sevgisini açıq şəkildə göstərir.
Biz Pakistan dövlətinin nə üçün türklərə sevgi bəsləməsini və bəlkə də diqqətdən kənarda qalan Osmanlı dövlətinin gerbində Pakistan bayrağının əksinə də nəzər yetirməyə çalışdıq ki, bir çox anlaşılmazlıqlar aydın olsun. Pakistanın bizə bir türk və müsəlman olaraq bəslədiyi mənəvi və siyasi münasibət bizə də aydın olmalıdır ki, bunun mənfəət marağından deyil, mənəvi bağlılıqdan irəli gəldiyini anlayaq və qarşılıqlı şəkildə biz də bu sevgi və sayğını onlara göstərək. Bu artıq şəxsi münasibət yox, strateji düşüncə tərzi olmalıdır. Dünyadakı qardaş, dost və düşmən dövlətləri bilmək millətin öz dövlətini daha yüksək səviyyədə şüuri şəkildə inkişaf etdirməsinə gətirib çıxaran ideoloji məfkurəyə çevrilə bilir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.