Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
03.12.2020

Ceyhun bəy Hacıbəyli və Qarabağ folkloru

I yazı

Azərbaycan mühacirət folklorşünaslığının Şərq və Qərb ölkələrində yayılmasının öyrənilməsinə maraq son illərdə daha da artıb. Bu işə diqqət xüsusən XIX yüzilliyin əvvəllərindən başlayaraq geniş vüsət alıb, sahə ilə bağlı müvafiq tədqiqatların meydana çıxması üçün zəmin yaradıb. "Koroğlu" eposunun polyak əsilli şair-tərcüməçi, şərqşünas Aleksandr Xodzko tərəfindən Londonda ingilis dilində nəşri (1842-ci il), ayrı-ayrı ünlü simalar tərəfindən dastanın alman, fransız, macar dillərindəki nəşrlərini də Azərbaycan mühacirət folklorşünaslığının tərkib hissəsi kimi dəyərləndirmək mümkündür. "Koroğlu" eposu da Avropada mühacirət həyatı keçirib və mənəvi irsimizin tərkib hissəsi kimi qəbul edilib.
Danılmaz faktdır ki, bizim ziyalıların önəmli bir dəstəsi bəzi ictimai-siyasi amillər ucbatından Avropanın qabaqcıl ölkələrində təhsil almaqla yanaşı, həm də qürbət həyatı keçiriblər. Belə bir həyat tərzi yaşamaq Ceyhun bəy Hacıbəylinin taleyinə də nəsib olub.
Ümumiyyətlə, ədəbiyyat tariximizdə elə simalar var ki, onlar barədə ötəri bəhs etmək qeyri-mümkündür. Həm yazıçı, publisist, salnaməçi, həm jurnalist, redaktor, eləcə də tərcüməçi kimi tanınan C.Hacıbəyli bu qəbildən olan parlaq simalardandır. Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Y.V.Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyov kimi şəxsiyyətlər yetişdirib Azərbaycanın əzəli-əbədi torpaqlarından ─ Qarabağdan olan Ceyhun bəy Hacıbəyli kimi bir ziyalının üzə çıxması heç də təəccüblü deyil. Üstəlik, burada ailə faktorunun da böyük rolu var. Fakt göz qabağındadır: Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyli. Üç qardaş və üç istedad sahibi. Təbii ki, Üzeyir Hacıbəyov miqyasında olmasa da Zülfüqar Hacıbəyov və Ceyhun bəy Hacıbəyli də öz zamanlarında elə işlər görmüşdülər ki, onları daim xatırladacaq bu zəngin irs nəticədə müasir dövrədək gəlib çıxıb, əbədi yaddaşlara həkk edib.
Ceyhun bəy Hacıbəyli (1891-1962) Şuşada anadan olub, ilk təhsilini elə orada alıb, daha sonra Bakıya gəlib, şəhərdəki "Rus-Tatar" məktəbini bitirib. Bakı həm də onun həyatında bir dönüş nöqtəsi olub. Belə ki, məşhur milyonçu Murtuza Muxtarov istedadını duyaraq ona maddi dəstək göstərib, C.Hacıbəyli də bu dəstəyi doğruldub və uğurla imtahan verərək təhsilini Sankt-Peterburq Universitetinin hüquq fakültəsində, bir qədər sonra isə Parisin Sarbon Universitetində siyasi biliklər fakültəsində davam etdirib.
Ceyhun bəy Hacıbəyli 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Versal Sülh Konqresinin iştirakçısı olub və müşavir təyin olunub. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılması məqsədi ilə təşkil olunmuş bu konqres əslində nailiyyət əldə edə bilib. Artıq Antanta Azərbaycan Respublikasının istiqlaliyyətini tanımışdı. Təbii ki, bu addım Sovet Rusiyasının böyük etirazına və qəzəbinə səbəb olmuş, bolşeviklərin işğalından sonra məlum səbəblər üzündən Ceyhun bəy Vətəninə dönə bilməmişdi. O, Parisdə 43 ilə yaxın mühacir həyatı keçirib. Qürbət həyatı onu bir gün belə yaradıcılıqdan ayırmamış, əksinə ona doğru yönəltmişdi. Bu müddət ərzində C.Hacıbəyli Azərbaycanın tarixi, etnoqrafiyası, folkloru, ədəbiyyatı, dilinə və musiqisinə dair araşdırmaların müəllifi olmaqla yanaşı, bədii yaradıcılıqdan da uzaq qalmamışdı. Bu illərdə onun povestləri, hekayələri, felyetonları işıq üzü görüb. Onun həm ictimai-siyasi, həm ədəbi-publisistik fəaliyyəti araşdırıcıların daim diqqət mərkəzində olub. Ş.Qurbanov, V.Quliyev, Ş.Vəliyev, B.Ağayev, M.Qasımlı, A.Tahirli, V.Sultanlı, N.Muradəliyeva, M.Teymur, N.Allahverdiyeva, F.Hicran (Vəliyeva), A.Həsənqızı, F.Xəlilzadə və digərləri onun cazibəsindən kənarda qala bilməyiblər. C.Hacıbəylinin bir özəlliyi də ondadır ki, o, doğulduğu Şuşaya − Qarabağın iç dünyasına, folkloruna ruhən bağlı bir insan idi. Qarabağın təkrarsız, zəngin və əsrarəngiz folkloru onu özünə cəlb etmişdi. O, məzuniyyətlərini, tətillərini doğma yurdunda qarış-qarış, oba-oba gəzərək folklor materialı toplamaqla keçirmişdi. Onun folklora dair yalnız bir əsəri məlumdur: cəmi 48 səhifədən və 33 bölmədən ibarət olan "Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)" əsəri. Əsər məşhur türkoloq V.Radlovun planlaşdırdığı "Türk-tatar dialektlərinin kolleksiyası" adlı xüsusi nəşr üçün yazılıb. Lakin kitabın materialları hələ inqilabdan xeyli əvvəl yığılmışdı. "Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)" əsəri C.Hacıbəylinin yaradıcılığında xüsusi elmi dəyər kəsb edib, 1933-cü ildə Parisdə "Asiya jurnalı"nda çap olunub. Əslində C.Hacıbəyli bu əsəri rus dilində yazmış, parisli oxuculara Qarabağın mənəvi dünyasını göstərmək üçün onu yenidən işləmiş və fransız dilinə tərcümə etmişdi. Məhz C.Hacıbəylinin sayəsində fransız oxucusu Azərbaycanın ayrılmaz parçası olan Qarabağla yaxından tanış olmaq imkanı əldə etmişdi. Bizim isə bu kitabla tanış olmaq imkanımız əsərin fransız dilindən Azərbaycan dilinə tərcüməsini və nəşrə hazırlanmasını öz üzərinə götürmüş, tədqiqatçı B.Ağayev və kitabın elmi redaktoru fil.ü.e.d. prof. M.Qasımlının səyi nəticəsində mümkün olub. Yalnız 1994-cü ildə, 61 ildən sonra Azərbaycan oxucusu "Ozan" nəşriyyatında çapdan çıxmış bu əsərlə yaxından tanış olmaq imkanı əldə etdi. Ümumiyyətlə, C.Hacıbəylinin irsi ilə tanışlıqda böyük zəhməti olan bir şəxs də var. 1990-cı ildə diplomat Ramiz Abutalıbov şəxsi təşəbbüs göstərərək C.Hacıbəylinin 150 kiloluq, 20 qovluqdan, 500 sənəddən ibarət arxivini Bakıya gətirməyə nail olub və onu təmənnasız olaraq Respublika Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təqdim edib.
"Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)" əsərində Qarabağdan toplanmış folklorun bir çox janrlarına dair örnəklər və bəzən də onlara verilən şərhlər, izahlar yer alır. Qarabağın bayatı dünyası, alqışı-qarğışı, andı, oxşaması, laylası, zarafatı, məzəli deyimi maraqlı nümunələrlə təqdim olunur. Ceyhun bəy Hacıbəylinin Avropa oxucularına təqdim etdiyi, geniş planda əsərində özünə yer almış çoxsaylı folklor örnəkləri və dialekt sözlər həqiqətən də Qarabağ folklorunun ötən əsrin əvvəllərindəki abu-havasını bizə təqdim edən əvəzsiz bir məxəzdir.
C.Hacıbəyli özü də bu əsərin dəyərini duyaraq "Sözönü"ndə yazırdı: "Oxucu bu tədqiqatla lap kiçik yaşlarından azəri dilində danışan bir adamın türk folkloruna töhfəsini görəcək". Və yaxud da müəllif əsərin "Giriş" hissəsində Qarabağ dialektinin səslənməsinə görə zəngin, formasına görə cazibədarlığını qeyd edərək yazırdı ki, "Azərbaycan üçün Qarabağ dialekti, Fransa üçün Cənub dialekti, daha doğrusu, tələffüzü kimidir. Bu kiçik ölkədə tələffüz bir rayondan başqasına keçdikcə dəyişir". Ceyhun bəy Hacıbəyli bu əsərində Qarabağın dialektini olduğu kimi saxlayıb. Folklor toplamağın ən vacib şərtlərindən biri də bu idi. Təqdim olunan nümunələr də Qarabağın şirin, xoşagələn dialektində təqdim olunmuşdu ki, bu da toplanmış folklor nümunələrinin olduğu kimi, orijinallığı və yazıldığı kimi çap olunması baxımından seçilirdi. Əsərdə müəllifin özü tərəfindən toplanmış 30 tapmaca yer alıb. Əsərdə verilən bəzi tapmacalara C.Hacıbəyli bəzən özünün şərhlərini verir. Oxlov haqqında olan "Uzun qız ob əzər" (oxlov)" nümunəsi haqqında qeyd verir: "Haqqında danışdığımız oxlov uzun və nazik olur".
Qeyd olunan əsərdə müəllif yanıltmaclara da yer ayırır və onlar "alliterasiya" başlığı altında təqdim olunur. Müəllif bu janrın Qarabağ əhalisi arasında geniş yayıldığını, həm çaşdırıcı, həm zarafat məqsədilə işləndiyini vurğulayır və ən əsası, cümlənin cəld təkrar edilməsini vacib şərt sayır.
Əsərin "Qafiyəli xalq deyimləri" bölməsində həm yeni evlənənləri tənbeh etmək məqsədi daşıyan deyimlər, həm cavan qızlarla bağlı xalq deyimləri, eləcə də müxtəlif mövzulu deyimlər təqdim olunur.
"Qaladan gəldim assız
Bir alma kəsdim dassız
Kafir oğlu imansız
Nejə atarsan mənsiz".
- nümunəsində müəllif "qala" sözünün hansı anlamda işləndiyini qeyd edir və məlum olur ki, istehkam, möhkəmləndirilmiş yer mənasını verən "qala" sözü burada Xanlar dövründə Qala olmuş Şuşa şəhərini ehtiva edir.
O dövrün Şuşa cəmiyyətinin bəzi bəyləri, bəy xanımları, işvəli xanımları, eləcə də keçəllər barəsində el arasında bir çox xalq məzhəkələri dolaşırdı ki, C.Hacıbəyli məlum əsərində bu örnəkləri də tədqiqata cəlb etməkdən çəkinmir. Məsələn:
"Hasan bəyin arvadı
Göydə uçan durnadı"
Eləcə də yerli bəylərdən Həsən bəy haqqında xalq arasında dolaşan
"Həsən bəyin nəyi var?
Göyə çıxan atı var.
Həsən bəyin nəyi var?
Göy muncuxlu iti var"
-kimi nümunələr əsəri daha da oxunaqlı edir.
Qarabağda bayatılar hələ əski çağlardan folklor janrları içərisində ən işlək janr olub. Molla Vəli Vidadinin XVIII əsrdə qələmə aldığı
"Külli-Qarabağın abi-həyatı,
Nərmü-nazik bayatıdır bayatı
- misraları Qarabağ folklor çevrəsində bayatının tutduğu yeri öz-özlüyündə müəyyənləşdirir. Üstəlik, Sarı Aşıq və Lələ kimi məşhur bayatı ustadlarının da Qarabağdan çıxması bizə imkan verir ki, Qarabağı bayatının "beşiyi" adlandıraq. Bu baxımdan Qarabağın folklor xəritəsində, elat dünyasında, məişətində özünə yer edən bayatılar saysız-hesabsızdır. Ceyhun bəy Hacıbəyli də illər uzunu köksündə gəzdirdiyi dərdi, nisgili bayatılarla oxucalara çatdırmaqla rahatlıq tapır, bayatı onun karına gəlir:
"Qarabağda talan var,
Zilfin üzə salan var
Mən burda çox əyləndim
Gözü yolda qalan var".
Onun bayatılarla bağlı fikirləri maraq doğurur: "Musiqi baxımından bunlar çöllü, köçəri mahnıları olub, sonluqlarını müğənni səsinin ən yüksək zirvəsi ilə oxuyur. Bayatılar açıq havada, xüsusilə gecələr oxunur". Müəllifin özü tərəfindən toplanmış Qarabağın regional lətifələrinə bu əsərdə xüsusi yer ayrılıb. Ərazi ilə bağlı dialekt sözlərin, o sıradan da folklor örnəklərinin regional səciyyə daşıdıqları barədə söz açan C.Hacıbəyli yazırdı: "Əgər hər hansı bir qarabağlının bəzi sözləri tələffüz etmək tərzi bir bakılıda gülüş doğurursa, bu sonuncunun da ləhcəsi birincidə qəhqəhə doğura bilər". Əksər folklor örnəklərində, o cümlədən də lətifələrdə qorunan regional özəlliklər həqiqətən də C.Hacıbəylinin vurğuladığı kimi bu materialların mətnindən aparıcı bir xətt kimi keçir. Qeyd olunan kitabın "Yerli şəxslər haqqında məzəli və ya baməzə lətifələr" bölməsinə daxil edilən lətifə örnəkləri Əbdürrəhim bəy, Murtuza bəy, Mayor Səfi bəy, Murtuza bəyin oğlu Hüseyn bəy, Mustafa bəy Behbudov kimi Şuşanın tanınmış ziyalı və bəyləri ─ və başqalarının başlarına gələn əhvalatlar əsasında formalaşmış gülüş doğuran lakonik lətifələrdir. Bölgədə satira-yumor yaradıcıları kimi tanınmış bu tarixi şəxsiyyətlər hər şeydən öncə, iki funksiyanı yerinə yetiriblər: həm düzüb-qoşduqları gülməcələrin mahir söyləyicisi ifaçısı kimi çıxış edib, həm də öz repertuarlarında sələfləri tərəfindən yaradılmış satirik örnəklərin daşıyıcısı kimi fəaliyyət göstəriblər.




Sönməz Abbaslı
Folklor İnstitutu “Klassik Folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.