Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
01.12.2020

Tahir ORUCOV
AMEA Folklor İnstitutu,
Filogiya üzrə fəlsəfə doktoru, dosent
email: tahiroruclu@gmail.com

Qarabağda xalq oyunları

Azərbaycan folklorunun tarixi çox qədimlərə, Azərbaycanın müxtəlif ərazilərində-Qarabağda (Azıx, Tağlar), Naxçıvanda (Qazma), Kəlbəcərdə(Zar), Qazaxda (Daşsalahlı, Aveydağ, Damcılı) və s. ilk insan məskənlərinin meydana çıxması ilə eyni vaxta təsadüf edir.(1, 19) Bu anlamda Azərbaycan dünyanın ən zəngin folklor məkanlarından birinə malikdir.
Folklorun, başqa sözlə xalq ədəbiyyatı nümunələrinin yaranmasında bütün xalq iştirak edir. Belə ki, hər bir məsəl, lətifə, nağıl, mahnı, bayatı, xalq oyunu, xalq tamaşası xalqın gündəlik həyatının məhsuludur və folklorşünaslıq elminin predmetidir. “Humanitar elmlər içərisində folklorşünaslıq elmi xüsusi əhəmiyyətə malikdir. Bu elm sahəsinin tədqiqat obyekti birbaşa xalqın şifahi yaradıcılığıdır. Obyektinin mürəkkəbliyi ilə əlaqədar elmin özü də bir sıra sahələrin kontaminasiyasını labüd edir. Çünki folklor mətnlərində xalqın dünyagörüşünün reallaşma səviyyəsi müxtəlif formalarda təzahür edə bilir. Məhz bu təzahür iki aspektdə özünü göstərir:
1. Xalq düşüncəsinin dominantlığı;
2. Ayrı-ayrı sahələrin fərdi keyfiyyətlərinin ümumfolklor kontekstində çarpaz-laşması.
Birinci aspektdə xalq təfəkkürünün bədii düşüncədə reallaşma vasitələrindən asılı olmayaraq, ümumxalq düşüncəsinin dominantlığı öndədir, ikinci aspektdə ayrı-ayrı sahələrin fərdi keyfiyyətləri əsas göstərici funksiyasındadır. Məsələn, sözlə ifadə olunan bədii yaradıcılıqla eyni təfəkkürün məhsulu olan, ritmik hərəkətlərin vəhdətindən ibarət ayinlər arasında təfəkkürdən gələn bir ümumilik olsa da, hər birinin fərqli ifa formaları vardır. Bu isə söz və hərəkətin reallaşma prosesindəki özünəməxsusluqları ilə səciyyələnir.”(2, 3)
Bu baxımdan aparılan tədqiqatlar sübut etmişdir ki, Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, o cümlədən folklorunun inkişafında və təkamülündə doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın folklor mühiti əvəzsiz və böyük rolu oynamışdır.
Qarabağ folklorunu dərindən öyrənmək üçün əvvəlcə bu regionun tarixi ərazilərini, hüdudlarını müəyyənləşdirmək vacibdir. Çünki bunu aydınlaşdırmadan burada baş verən ədəbi-mədəni hadisələri də tam şəkildə təsəvvürə gətirmək mümkün deyil. Azərbaycan Sovet Ensiklopediyasının III cildində oxuyuruq: “Qarabağ-Azərbaycanda tarixi vilayətdir. Kiçik Qafqaz dağlarından başlamış, Kür və Araz çayları arasındakı ərazini əhatə edir. “Qarabağ” adı mənbələrdə XII əsrdən başlayaraq çəkilir. SSRİ ərazisində ən qədim insan məskənlərindən biri Qarabağda aşkar olunmuşdur. Şərqi Zaqafqaziyada geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinin zəngin abidələri də ilk dəfə Qarabağda tapılmışdır.
Qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ Qafqaz Albaniyasına daxil idi. Qarabağda alban tayfaları (utilər və qarqarlar) yaşayırdılar. Qarabağ uzun müddət Sasani əsarətinə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. IV əsrdə Qarabağın dağlıq hissəsində xristianlıq yayılmağa başladı. Ərəb işğalından sonra Qarabağın düzənlik hissəsində və şəhərlərdə yaşayan əhali islam dinini qəbul etdi. Qarabağın dağlıq hissəsi-Arsaxda yaşayan əhali isə xristianlığı saxladı. Bu vəziyyət Qarabağ əhalisinin etnik tərkibinin formalaşmasının iki istiqamətdə getməsinə mühüm təsir göstərdi. Qarabağ X əsrdən Şədaddilərin, XI əsrin ortalarından isə Səlcuqilərin, hakimiyyətinə keçdi. XII əsrin ikinci yarısından etibarən Qarabağ Eldəgəzlər dövlətinin tərkibində idi. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Xaçın feodal knyazlığı yarandı. Sonrakı əsrlərdə bu knyazlıq Xəmsə adlanan beş məlikliyi birləşdirirdi. ”(3, 45)
Göründüyü kimi, Qarabağ ərazisi tarixi hadisələrin gedişatından asılı olaraq zaman-zaman dəyişsə də, genişlənib sıxılsa da, tarixçilərimiz qədim mənbələrdən sübut etmişlər ki, Qarabağ ərazisi Araz və Kür qovuşandan (İki çayarası) Xuan qalasınadək, indiki Qırmızı körpü civarlarında (Borçalı qəzasının əhatə etdiyi torpaqlar da nəzərə alınmaqla) bir tərəfi isə Cermuxa qədər, Göyçə gölü sərhədlərində, o biri yandan isə Sisakan, Gorus, Mehri-Zəngəzur dağ silsiləsi boyunca Qarabağa daxil olmuş, qədim Aran-Arsaq ərazilərini əhatə etmişdir. Bu ərazi Qarabağın həm aran, həm də dağlıq hissələrini təşkil edir.Tədqiqatçı Q.Qeybullayev bu münasibətlə yazır: “Eramızın birinci əsrində Alban çarı Aran Arazdan Xuan qalasınadək Alban ovalığı və dağlarını irsən aldı... Qarabağ, o cümlədən indiki Dağlıq Qarabağ son iki min il ərzində Azərbaycanın tərkib hissəsi olmuşdur. (4, 13)
Azərbaycanın hər yerində olduğu kimi, Qarabağ ərazisində də ilk ədəbi nümunələri el şairləri yaratmış və bu da öz əksini folklorda tapmışdır. Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, daha çox Qarabağ regionu ilə bağlıdır. Azərbaycanın əvəzsiz sənət nümunəsi olan “Dədə Qorqud” dastanına diqqət yetirdikdə açıq-aydın görünür ki, boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş vermiş və dastanda adı çəkilən yer adlarının - toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olmuşdur.” (5, 23)
Qarabağ folklor mühiti öz mövzu əhatəsinə, məzmun müxtəlifliyinə, özünəməxsus xüsusiyyətlərinə görə seçilmiş, hər zaman zənginliyi ilə tanınmışdır. Bu tükənməz söz xəzinəsinin toplanması, sistemləşdirilməsi, tədqiqi və öyrənilməsi həmişə folklorçuların, tədqiqatçıların, alimlərin, dilçilərin, ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Qarabağdan toplanan folklor nümunələrində regionun coğrafi mənzərəsi, orada yaşamış əcdadlarımızn ilkin həyat və məişəti, adət-ənənələri öz əksini tapmışdır.
Qarabağın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Xalq oyunlarının tarixi çox qədimlərə getməklə yanaşı, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşatmışdır. Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamla-rının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə təsadüf edilir.(6, 10-11)
Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bə-növşə bənövşə” və s. oyunları indi də uşaqlar, həm də gənclər həvəslə oynayırlar. Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan xalq oyunlarında kişilərlə bərabər, bəzən qadınlar da iştirak etmişlər. Bu barədə Nizaminin “Xəmsə”sində müəyyən məlumatlar verilir. Qadınların kişilərlə yanaşı “Çövkən” və digər xalq oyunlarında iştirakını XVI əsr miniatürlərindən də aydın görmək olur.Azərbaycanda geniş yayılmış bu oyunlar Qətran Təbrizinin, Xaqani Şirvaninin və bu kimi digər klassik şairlərimizin əsərlərində də öz əksini tapmışdır.
Qarabağda geniş yayılmış milli xalq oyunlarından biri də “Çövkən”dir. Buna bəzən “Çovqan” və ya “çövkən” də deyilmişdir. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində, Azərbaycan,Orta Asiya, İran, Türkiyə, İraq və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdad, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçiril-diyi göstərirlər.
Çovqan Azərbaycanın qədim və milli oyunudur. Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. “Kitabi-Dədə Qorqud” boylarından və Nizami Gəncəvinin “Xsrov və Şirin” və “Şərəfnamə” əsərlərindən məlum olur ki, Azər-baycanda çovqanın tarixi, hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Nizami tarixi sənədlər əsasında yazdığı “Şərəfnamə” əsərində çövkan oyunu haqqında məlumat verir. Çövkan oyununun adı oyunda işlədilən alətin adı ilə ad-landırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkan adlandırılan alətdir. Oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. (7, 57) Azərbaycanda çövkan oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin çövkan meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Əsərdə Şirin ilə bərabər oynayan qızlar da təsvir edilmişdir.
Qarabağda geniş yayılan xalq oyunlarından biri də “Dirədöymə” oyunudur. Bu oyunun oynanılması qaydası isə belədir:Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə(püşk) atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.(6, 197)
“Çilingağac” oyunu isə Qarabağda, əsasən, yazqabağı, bayramqabağı günlər-də uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biridir. Çilingağac oyunu əsas hallarda iki üsulla oynanılır:
Birinci üsul:
Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir “pəli” olmalıdır. Qarabağda buna “çiling” də deyilir. Pəl bir qarış uzunluğunda və hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu başlayırlar. Oyunçular bir-bir dəyə-nəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vu-rub cızıqdan çıxarmağa çalışırlar. Bu qaydada oyunçular bir-birilə yarışırlar.
İkinci üsul:
Bu üsulda da oyun başlayana qədər birinci üsulda olan qaydalar yerinə yetirilir. Lakin pəl bir qədər uzun olur. Cızıq da uzun çəkilir. Oyunçular püşk ilə oyuna başlayaraq bir-bir cızığın üstündə durur, sol əllərində şaquli vəziyyətdə tutduqları pəli yuxarıdan aşağı atır, sağ əllərindəki dəyənəklə pəli bərkdən vurub uzaqlaşdırırlar. Kim pəli daha çox uzaqlaşdırarsa, oyunu aparmış olur.
Qarabağda uşaqlar, xüsusilə məktəbyaşlı uşaqlar arasında daha çox yayılmış oyunlarından biri də “Bənövşə” oyunudur. Bu oyunun oynanılma qaydası isə belədir:Uşaqlar özlərinə iki başçı (molla) seçirlər. "Halay-halay" gəlməklə iki dəstəyə ayrılırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutuşub dayanırlar. Başçılardan biri o birisinə deyir:
- Bənövşə! O birisi cavab verir: - Bəndə düşə! Əvvəlki molla deyir: - Bizdən sizə kim düşə? O biri molla uşaqların birinin adını çəkib deyir: - Əli, yaxud Qəmər düşə! Əli, ya Qəmər cərgədən ayrılıb yüyürə-yüyürə əl-ələ tutuşmuş uşaqların səfini yarmalıdır. Burada güclülük əsas şərtlərdəndir. Əgər oyunçulardan biri güc verib əl-ələ tutuşmuş uşaqların əlini bir-birindən ayırsa, o biri tərəfə keçə bilsə, bir uşaq da götürüb yenə öz əvvəlki yerinə qayıdır. Yox, əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. Hansı tərəf uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə oyunda qalib gəlir, o biri tərəfi töhmətləyir. (7, 480)
Qarabağda məşhur olan bəzi xalq oyunları isə şeirlə ifa olunurdu. Bu isə, heç şüb-həsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlara “Sanama” “Motal-motal” , ”Tapın görək”, “Yelləncək”, “Öcəşmə”, “Püşk “(çöp) və s. oyunları misal göstər-mək olar.
“Sanama” - Azərbaycanda, eləcə də Qarabağda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda, eləcə də adi günlərdə dəstələrə bölünmədən oynanılan oyunlarda “başçı” seçmək üçün başlanğıc formaya deyilir. Belə ki, dəstələrə bölünməklə oynanılan bütün oyunlar halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. “Ənzəli”,"Eşşək beli sındırdı” , “Yeddi ağac” və s. belə oyunlara misal ola bilər. Bu oyunları başlayar-kən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. Püşk yolu ilə yaxud ümumi razılığı ilə(oyunda və ya uşaqlar arasında müəyyən keyfiy-yətləri ilə fərqlənən) bir nəfər seçilir. O, bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalar dan istifadə edirlər. “İynə-iynə”, “Motal-motal”, “Əmim oğlu” və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələr-indəndir. Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilirdi.
“Dolama” oyununu Qarabağda əksər hallarda uşaqlar dəstələrə bölünərək şeir deməklə oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (do-lamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olu-nur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaq-lar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-bi-rindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna baş-layır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir:
Ay Zərbəli, Zərbəli,
İti boşla, gəl bəri.
Ay Dursun, Dursun, Dursun
Öküzüm səni vursun, və s.
Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
“Öcəşmə” oyunu da şeir deməklə keçirilən oyun növlərindən hesab edilir. Azər-baycanda ən çox yazqabağı- bayramqabağı günlərdə, eləcə də digər fəsillərdə əsa-sən uşaqlar və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri-dir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataş-maq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər.
Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən key-fiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Oyuna başlayan dəstənin nümayəndəsinin söylədiyi sözü digər dəstənin bir üzvü təkrar etməlidir. Əvəzində sözü təkrarlayan oyunçuya əks tərəf öcəşəcək söz söyləyir. Sonra oyunun estafeti qarşı tərəfin oyunçularına verilir. Beləliklə oyun aşağıdakı kimi davam edir:
Deynən:xala!
- Xala!
- Qazan dibi yala.

Deynən:Vəli!
- Vəli!
- Adını qoydum dəli, və s.
Hansı dəstə öcəşmə tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur. Oyun yenidən başlanır.
Xalq oyunları içərisində elə oyunlar da var ki, onlar, əsasən, bayramqabağı, eləcə də bayram günlərində, xüsusilə Novruz bayramı ərəfəsində-yazqabağı və Novruz bayramı günlərində oynanılır. Qarabağda geniş yayılmış bu cür oyunlardan biri də “Yumurta döyüşdürmə “ oyunudur. Azərbaycan, eləcə də Qarabağda ən çox yazqabağı günlərdə, əsasən, uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
“Yumurta döyüşdürmə” oyunu "Novruz bayramı" nın ilaxır çərşənbələrindən başlamış əsasən cavan oğlanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır.
Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: Əy, vurum, - deyir. "Əy, vurum" – demək yumurtanın sivri, uc tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir.
Oyun zamanı kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Döyüşmədə sındırılmış yumurtalarla oyun daha maraqlıdır. Döyüşmədə uduz-ulmuş sınıq yumurtaları sıraya düzürlər. Sonra buraya bir xoruz buraxırlar. Xoruz sıradakı hansı yumurtanı dimdikləyirsə, sahibi sıradakı bütün yumurtaları udmuş sayılır. Bir oyun da bişmiş yumurtaları yoxuşdan üzüaşağı diyirlətməkdir. Hansı yumurta daha uzağa diyirlənirsə, sahibi qalib sayılır. (7, 200)
“Yelləncək” oyunu Azərbaycanda, o cümlədən Qarabağda ən çox yazqabağı, bayram günlərdə, eləcə də digər vaxtlarda, əsasən, uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncəklə oynanılır. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.
Qarabağ , Lənkəran, Quba, Bakı və s. bölgələrdə bu oyun müxtəlif adlarla: "Ucuncaq", "Həlaçin""Quyhaquy", "Havaçağ", "Səkmən", “Hullancaq”, iştirakçı-"Yörtməc", "Sulançıx" və sairə adlarla məlumdur. Yelləncəyə minib yellənənlər-lar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyiş-mə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, ha-lay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar:
Qaşları sürməli qız,
Adaxlının adın de.
Yaylığı yellənən qız,
Adaxlının adın de, və s.
Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun beləcə davam edirdi.(7, 190; 9, 482)
Novruz bayramlarında eləcə də el şənliklərində Qarabağda yayılan maraqlı məi-şət oyunlarından biri də "Fincan-fincan” oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbayca-nın bəzi bölgələrində “Üzük-üzük” , “Üzük gizlətdi”, “Gül oyunu” adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fin-canlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir. (9, 486)
“Gizlən qaç” oyunu da Qarabağda qədim uşaq oyunlarından olub ən çox yazqabağı və bayram günlərində, eləcə də digər mövsümlərdə, əsasən, uçaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsa da Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır.
Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir:
Əkdim noxud,
Çıxdı şüyüd.
Yarpağıdır
Şa-ba-lıd.
Burada “lıd” hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müx-təlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədi ilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər:
- “Alma” desəm gəl, “Armud”- desəm qal.
Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir. Bu qayda ilə onlar bir-bir gəlib həmin müəyyən olunmuş yerə (mətəyə) əllərini toxundururlar. Əgər hamı buna nail olar-sa, axtaran oyunçu yenidən gözünü yumur. Əgər belə olmazsa, onda gizlənənlər-dən kimsə ən axırda tapılarsa, o gözlərini yummalı olur.(9, 485; 7, 87-88)
Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cəldlik, çeviklik, diri-başlıq, hazırcavablıq və s. bu kimi müsbət keyfiyyətlər aşılayırdı. Belə oyunlardan biri “Dəsmal aldı qaç” oyunudur. Bu oyun belə oynanılır: Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur:
- Dəsmal kimin arxasındadır?
Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir.(7, 60)
“Qurşaqtutma”- Qarabağda, əsasən, uşaq və gənclər arasında, geniş şəkil-də oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində keçirilir. Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adların-dan biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan bir oyun və yaxud da yarışdır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir.
Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:
Mənəm nərlərin nəri,
Ay oğlan.
Mənəm ərlərin əri,
Ay oğlan.
Əl qolunu çatdadaram,
Ay oğlan.
Bağrını partladıram,
Ay oğlan.
Pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra “Cəngi" sədaları altında yarış başlanır. Pəhləvanlar beldən aşağı müxtəlif fəndlər işlədib bir-birinin qurşağından yapışır, biri digərini yıxmağa çalışır. Qalibə müxtə-lif hədiyyələr verilir.(7, 128)
Xalq oyunları içərisində elə oyunlar var ki, onları ancaq kiçik yaşlı uşaqlar oynayırlar. Belə oyulara “Evcik-evcik”, “Beşdaş”, “Laldinməz”, “Yoldaş, səni kim apardı?”, “Mərə”, “Qəzmədaş”, “Siçan-pişik” , “Mərəköçdü” və s. misal göstərmək olar. “Evcik-evcik” oyunu, əsasən, kiçik və orta yaşlı oğlan və qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Qarabağda Kiçik yaşlı uşaqların ən sevimli oyunlarından olan “Siçan-pişik” oyunu isə belə oynanılırdı: Uşaqlar dairəvi əl-ələ tutuşurlar. Başçı oyunçulardan birini pişik, birini də siçan adlandırır. Siçan qaçır, pişik qovur. Əl-ələ tutuşanlar siçana imkan vermirlər ki, içəri girsin. Pişiyə isə yollar açıqdır. Siçan uşaqların qollarının arasından soxulub içəri girir, yenə bayıra çıxır. Nəhayət, pişik siçanı tutur. İndi də digər iki uşağın biri siçan, digəri pişik olur. Beləliklə, oyun davam edir. (6, 195-197)
Ümumiyyətlə, yuxarıda adları çəkilən, təhlili və gedişi verilən əksər xalq oyun-larının başlanğıcı “Püşk”(çop) və “Halay”(Halay-halay) oyunu ilə başlayır. Belə ki, oynanılan bir sıra oyunlarda lazım olan başçı , dəstələri və dəstə üzvlərini müəyyən etmək üçün hökmən bu oyunları oynamaq lazım gəlir. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Oyunun gedişi belədir: Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, "Gizlən qaç" oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən birini oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər:
Motal- motal
Motal-motal,
Tərsə motal.
Yağ atar,
Qaymaq tutar...
Əmrəqulu
Yoxdu pulu.
Vur nağara,
Çıx qırağa.
Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.(7, 154)
“Halay”(Halay-halay) oyunu da Qarabağda uçaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc for-ması sayılır. Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əv-vəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyət-ləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər.
Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin “armud”, kimin “alma”) barədə şərtləşib dəstə-başıların durduğu yerə gəlir və deyirlər:
- Halay gəlmişik.
Dəstəbaşının biri digərinə :
- Gəl! (yəni qəbul et) - deyir.
O biri cavabını verir.
- Gəldim!
Halay gələnlər:
- Kimə “armud”, kimə “alma”?
- Mənə armud!
“Armud” adlandırılan oyunçu keçir onun dəstəsinə, “alma” adlandırılan oyunçu isə digər dəstəbaşının arxasında dayanır. Beləliklə, oyunçular müxtəlif dəstələrə ayrılır.(7, 91)
Xalq oyunları bugünkü Azərbaycan ərazisində müxtəlif qədim tayfaların, o cümlədən türklərin-xəzərlərin, hunların məskunlaşma dövründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçmişdir. Bu gün də bir sıra qədim qaya rəsmlərində, habelə Qobustan, Qarabağ, Naxçıvan və s. yerlərdə ilkin xalq oyunlarının müəyyən izləri vardır. Milli oyunlar əcdadlarımızın həyatı-nın çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqadlarını, mərasimlər dünyasını əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını əks etdirmək baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, onlar xalqın arzu və ideyalarını müəyyənləşdirmək məqsədilə yaranmış və bu günə qədər gəlib çatmışdır. Milli oyunlarda xalqın psixologiyası, əhval-ruhiyyəsi, zülm və istismara qarşı mübarizəsi əks olunmuşdur.
Professor A. Nəbiyev haqlı olaraq yazır ki, Azərbaycan xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları etibarı ilə çox zəngindir. Təbiidir ki, onların bir çoxu daha erkən dövrün təsəvvürləri ilə bağlı olmuş, ibtidai dövrün səciyyəvi cəhətlərini özündə əks etdirmişdir. Şübhəsiz ki, unudulmuş, dəyişikliklərə uğramış bir çox oyun süjeti bizə bütöv halda gəlib çatmamışdır. A.Nəbiyev yazıya alınmış xalq oyunlarını aşağıdakı qayda üzrə təsnif etmişdir:
1. Rəqsdaxili oyunlar;
2. Mərasim oyunları;
3. Məişət oyunları;
4. İctimai məzmunlu oyunlar;
5. Uşaq oyunları.(10, 135)
Təsnifat qrupuna daxil olan hər bir oyunun özünəməxsus fərdi xüsusiyyəti olduğu kimi, bu oyunların da ortaq, ümumi cəhətləri çoxdur. Xalq oyunları cəldlik, gözəllik, qıvraqlıq aşılayan, yüksək humanist duyğular təlqin edən, şəri məhkum etməyi, yaxşını qorumağı və ona kömək etməyi tərənnüm edən folklor janrlarındandır. Bu nümunələrdə bəzən çox qədim dövrün məişət həyatının bir lövhəsi, bir anı, bir əyləncəsi aydın təsvir edilir. Məhz onun vasitəsilə xalqın ümumi mədəni səviyyəsini, inkişafını, böyük bir dövrün ictimai həyatını müəy-yənləşdirmək mümkün olur.

Ə D Ə B İ Y Y A T
1. Azərbaycan tarixi. /Z. Bünyadov və Y.Yusifovun redaktəsi ilə/.Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. R. Əliyev. Azad Nəbiyev və folklor ədəbi irsi. Bakı: Nurlan, 2008.
3. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə: III cild. Bakı: 1979.
4. Q.Qeybullayev. Qarabağ - etnik və siyasi tarixinə dair. Bakı: Elm, 1990.
5. Azərbaycan ədəbiyyatı inciləri. Dastanlar. /Tərtib edəni B.Abdullayev. Bakı: Yazıçı, 1987.
6. Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyunlar və xalq ta¬ma¬şaları. /Tərtib edənləri H.İsmayılov, T.Orucov. Bakı: Şərq-Qərb, 2005.
7.Novruz bayramı ensklopediyası. Bakı: Şərq-Qərb 2008.
8. A. T. Məhburi. İbn-Şirac. Təbriz: Əşrəfi, 1956.
9.Azərbaycan etnoqrafiyası. Üç cilddə, III cild. Bakı: Şərq-Qərb, 2007.
10.A. Nəbiyev.El nəğmələri, xalq oyunları. Bakı: Azərnəşr, 1988.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.