Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
30.11.2020

Xocavənd rayonundan topladığımız folklor mətnlərində Qaraca çoban obrazı

Giriş. Azərbaycanın müxtəlif bölgələrindən “KitabiDədə Qorqud”la yaxından səsləşən mətnlər teztez qeydə alınır. Bunların arasında Təpəgöz və ya Kəlləgözlə bağlı süjetlər, can yerinə can vermə motivi, Əzrayılın quş formasında təsəvvürləri daha çoxdur. Ancaq bu gün “KitabiDədə Qorqud”da mövcud olan obrazlarla bağlı mətnlərin xalq arasında yaşaması məsələsi nisbətən az rastlanan haldır. Bu baxımdan Xocavənd rayonu sakinləri arasında Qaraca çobanla bağlı söylənən mətnlər olduqca diqqətçəkicidir. Biz bu obrazla bağlı ilk məlumatları hələ Xocavənd Rayon İcra Hakimiyyəti ilə görüşümüzdə aldıq. Ancaq söhbətləşdiyimiz şəxslərin ali təhsilli olması səbəbindən onların sadəcə olaraq buradakı dağın Qaraçuq adının daşıdığı üçün belə danışdıqlarını güman etdik. Söyləyicilərimizlə görüşlərimiz zamanı isə yanıldığımızı anladıq. Söyləyicilər bu obrazı gah Qara Çoban, gah da Qaraca Çoban adlandırırdılar. Halhazırda erməni işğalında olan Qaraçuq dağının Qaraca çobanın yaşayış yeri olması topladığımız mətnlərdə teztez vurğulanır. Topladığımız örnəklərdə Qaraca çobanın boybuxunundan, gücqüvvəsindən, qəbrindən, qoyun arxacından və s.dən də teztez bəhs olunur. Bu bölgədən qeydə aldığımız mətnlərdə “KitabiDədə Qorqud” dastanı ilə səsləşmələr çox olsa da, Qaraca çoban dastan qəhrəmanı olmaqdan daha çox mifoloji obraz kimi özünü göstərir.
Qaraca Çoban və yaxud Qara Çoban. Bölgədən qeydə aldığımız materiallar arasında xeyli sayda mifoloji mətn var. Bunların bir qismi bütün bölgələrimiz üçün xarakterik olan mifoloji rəvayətlərdir. Xocavənd sakinlərindən topladığımız rəvayətlərin bir qismini də Qaraca Çobanla bağlı söylənən mətnlər təşkil edir. Qeyd edək ki, “Dədə Qorqud kitabı” ilə səsləşən mətnlər həm bizim tərəfimizdən, həm də digər folklorçular tərəfindən başqa bölgələrdən də qeydə alınıb. Bunların arasında “can yerinə can vermə”, “ölümdən qaçma” motivləri, Təpəgöz və ya Kəlləgözlə bağlı süjetlər, eləcə də Əzrayılın quş formasında təsəvvür olunmasına dair materiallar daha çoxdur [Şəki folklor örnəkləri II kitab, səh.79, 8182; Şəki folklor örnəkləri III kitab, səh.914, 6471; Şirəliyev, səh. 367; AFA. Zəngəzur folkloru, 50; AFA. Ağdaş folkloru, 398401 və s.]. Bununla yanaşı, müxtəlif bölgələrimizdə elə alqış, qarğış, ağı və s. mətnlərlə üzləşirik ki, bu mətnlərin bəzən ruhunda, bəzən də qafiyələnməsində “Dədə Qorqud”la müəyyən səsləşmələr özünü göstərir:
Axar sular həmməşə axsın [Qarabağ, VI c., səh. 391].

Üzün ağ olsun,
Yediyin yağ olsun.
Mindiyin bir köhlən daylağ olsun,
Gəzdiyin yaylağ olsun! [Qarabağ, VI c., səh. 393].

Atının dalınca qulun səhməsin [Qarabağ, VI c., səh. 393].
Yükün binə tutmasın.
Yükün kölgə salmasın.
Yükün yığılmasın [Qarabağ, VI c., səh. 393].

Duranda yerə naz eliyən,
Gedəndə boyuna naz eliyən,
Gedəndə yerişi göyçək,
Gələndə gülüşü göyçək,
Gözəlliyi güldən götürən,
Ağlığı qardan götürən ... [Qarabağ, VII c., səh.349] və s.

Xocavənd sakinləri arasında Qaraca Çobanla bağlı mətnlər olduqca məşhurdur. Qaraca Çoban obrazının bu bölgədə mövcud olması ilə bağlı ilk məlumatlara mərhum folklorşünas Şamil Cəmşidovun “KitabiDədə Qorqud”u vərəqləyərkən” adlı əsərində rast gəlirik. Təəssüf ki, Şamil Cəmşidov o zaman topladığı mətnləri nəşr etdirməyib, yalnız haqqında yığcam məlumat verməklə kifayətlənib [Cəmşidov, səh.9192].
Qeyd edək ki, bütün xocavəndlilər bu obrazla bağlı mətnləri danışa bilmirlər. Xocavənd rayonunun Muğanlı, Əmirallar, Qaradağlı kəndlərinin camaatı arasında bu mətnlərin daha geniş yayıldığının şahidi olduq. Xocavənd və Kuropatkin kəndlərindən olan söyləyicilərimiz Qaraca Çobanla bağlı bir neçə mətn danışdılar. Onlar bu mətnlərin yuxarıda adlarını qeyd etdiyim kəndlərin sakinləri olan qonşularından eşitdiklərini qeyd edirdilər. Rayonun Tuğ, Salakətin, Axullu, Günəşli kənd sakinlərindən isə bu obrazla bağlı heç nə toplaya bilmədik.
Mətni danışan şəxslərin demək olar ki, hamısı söylədikləri mətnləri vaxtilə öz atababalarından və yaxud kəndin yaşlı sakinlərindən eşitdiklərini deyirdilər. Bu faktın özü ərazinin işğalından qabaq həmin mətnlərin bölgədə nə qədər yayğın olduğunu göstərən faktdır. Biz sakinlərdən bu obrazla bağlı topladığımız mətnlərin hamısını Xocavənd rayonunun sakinlərindən toplayıb tərtib etdiyimiz kitabda vermədik. Onlardan yalnız doqquzunu seçib ora saldıq [Qarabağ, VII c., səh. 2125]. Qalanlarını isə birbirini təkrarladıqları üçün, bəzilərini isə zəif olması səbəbindən kitaba daxil etmədik.
Söyləyicilərə Qaraçuxa ilə bağlı sual ünvanladığımızda onlar bəzən Qaraçuxanı Qaraca Çobanla dəyişik salır, onun haqqında məlumat verməyə başlayırdılar. Söyləyicilər bu obrazı gah Qara Çoban, gah da Qaraca Çoban adlandırırdılar [Qarabağ, VII c., səh.2124]. Maraqlıdır ki, “Dədə Qorqud kitabı”nın özündə də Qaraca Çobanın müxtəlif cür adlandırıldığının şahidi oluruq. Dastanda Qaraca Çobanın adı 45 dəfə çəkilib ki, onlardan yalnız beşində obraz Qaraca Çoban adlandırılıb, beş dəfə Qaracıq Çoban, bir dəfə Qaracuq Çoban, bir dəfə Qarıcıq Çoban, otuz üç dəfə isə sadəcə çoban formasında işlədilib.
Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır [Cəmşidov, səh.91].
Xocavəndli söyləyicilərimiz Qaraca Çobanın Qaraçuq dağının ətəyində yaşadığını, orada qoyunlarının yataq yerinin, su kəhrizinin olması haqqında məlumat verir, Qaraca Çobanın bütün vardövlətinin bu dağda olmasını deyirdilər [Qarabağ, VII c., səh.2124]. Qaraçuq dağının da “Dədə Qorqud kitabı” ilə bağlı toponim olması məlum həqiqətdir. Bu obrazın məşhur qəhrəmanlarından biri olan Qazan xanın epitetlərindən biri də “Qaraçuğun qaplanı”dır. Qaraca Çobanın Qaraçuq dağından əyilərək Xonaşen çayından su içməsi, çox böyük olduğu üçün öləndə bir qəbrə yerləşməməsi, bölünərək 3, 7, bəzən də 40 qəbirdə dəfn olunması, məzarının uzunluğunun 200300 metr olmasının vurğulanması nəhənglərlə bağlı təsəvvürlərin bölgədə bu obraza transformasiya olunduğunun sübutudur.

Qaraçuq dağının ətəyində salınmış Avşar qəbiristanlığında iri qara daşlar vardır. Yerli sakinlərin dediyinə görə, bu daşlar çox ağırdır, qaldırmaq olmur. Həm də bu daşların yalnız burada mövcud olması, yaxın ərazilərdə rast gəlinməməsi ilə bağlı məlumatlarla da teztez qarşılaşırdıq. Xocavəndlilərin dediyinə görə, bu daşlar vaxtilə Qaraca Çobanın atdığı daşlardır.

“Dədə Qorqud kitabı”nda Qaraca Çobanın Dəmirqapı Dərbənddə Qazan xanın on min baş qoyununun ardınca gələn kafirlərlə döyüşü zamanı və Qazanın evini qurtarmağa getdiyi zaman kafir çəngəlinə vurulan Uruzu qurtarmaq üçün sapanddan daş atdığından bəhs olunur. Dastanda Qaraca Çobanın sapandı belə təsvir olunur: “Çobanın üç yaşar dana dərisindən sapanınını ayasıydı, üç keçi tüyindən sapanını qollarıydı. Bir keçi tüyindən çatlagucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yıladaq daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanını qorqusundan” [KitabiDədə Qorqud, səh. 51]. Xocavənd sakinlərindən qeydə aldığımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətnlərdən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsələsi ilə çox oxşardır. Yəni burada da Qaraca Çobanın dağın başında dayanaraq üstünə gələn düşmən qoşununa sapandla daş atmasından söhbət açılır, amma düşmənlərin nə səbəbə gəlməsi göstərilmir [Qarabağ, VII c., səh.21]. Digər mətndə Qaraca Çobanın ölülərini çox ağlayan avşar camaatını qəbiristanlıqdan qovmaq üçün Qaraçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur [Qarabağ, VII c., səh.23]. Başqa bir mətndə Qaraca Çobanın Qaraçuqda dayanaraq Nooruz dərəsinə daş atmasından söhbət gedir. Qaraca Çobanın daşının böyüklüyünü nəzərə çarpdırmaq üçün söyləyici “Savet dövründə nə qədər texnika varıydı, onu sahədən çıxara bilmədi, güjü çatmadı çıxartmağa. Heylə böyüh qayaydı” [Qarabağ, VII c., səh. 21] kimi cümlələrdən istifadə etdi. Mətnlərdən birində isə camaatın torpaq payı böldüyü zaman Qaraca Çobanın daş atması, daşın getdiyi məsafə qədər ərazini özünə yataq yeri götürməsi qeyd olunur [Qarabağ, VII c., səh.24].

“Yerli əhalinin Qaraçuq ərazisində Qaraçuq Çobanın adı ilə əlaqədar olaraq göstərdiyi coğrafi əlamətlərindən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, “Qaraçuq Çobanın sapand daşları” və nəhayət, “Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və Jdanov rayonlarında yaşayan Allahverdi Xəlilov, Həmid Xəlilov, Xanlar Məmmədov, Qaraş Cəfərov, Surxay İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov, Heydər Nağıyev və başqalarının atababalarından Qaraçuq Çoban haqqında eşitdikləri rəvayətlərdə deyilir: “Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşin çayından su içərmiş, o bir pud saqqızı bir dəfəyə ağzına alıb çeynəyərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cız salarmış. Qaraçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daşları qoyub atmaqla basqın edən düşmənləri qovarmış....”. Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır [Cəmşidov, səh.91]. Ş.Cəmşidovun verdiyi məlumatların böyük bir qismi bu gün də bölgə əhalisi arasında yaşayır, bir qisminə isə təəssüf ki, rast gəlmədik. “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın sapand daşları”, “Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng “qəbri” Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşen çayından su içməsi ilə bağlı məlumatlar bölgə əhalisi arasında bu gün də yayğındır. “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, bir pud saqqızı bir dəfəyə ağzına alıb çeynəməsi, böyük çomağı ilə bağlı məlumatlarla isə rastlaşmadıq.
Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən danışarkən qeyd etdi ki, o zaman yazıpozu olmadığından, dəfndə kimlərin iştirak etdiyini bilmək üçün gələnlərin hamısı əllərində bir dənə qara daş gətirib qəbrin üstünə qoyublar [Qarabağ, VII c., səh.24].

Şamil Cəmşidovun yazdığına görə, bölgə əhalisi Qaraca Çobanın ölümü haqqında belə məlumat verir: “Qaraçuq Çoban peyğəmbər əyyamında yaşamışdır. Lakin o, Allahı, peyğəmbəri tanımazmış. Bir gün iki dərviş onun yanına gəlib, peyğəmbər adından danışaraq, qoyunlardan qurban kəsməyi tələb edir. Bunu qəbul etməyib dərvişləri qovduğu üçün Allahın Qaraçuq Çobana acığı tutub, özünü və qoyunlarını daşa döndərmişdir” [Cəmşidov, səh.91].

Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. “Qaraçuq Çoban ölümünün yaxınlaşdığını duymuş, Qaraçuq dağının başında dayanıb, sapandına böyük bir daş qoyub atmış və demişdir: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təxminən 15 kilometr aralı olan Nərgiztəpəyə düşmüşdür. Odur ki, öləndə onu burada dəfn etmişlər. Lakin Qaraçuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadığından baş, bədən, iki qol, iki qılça olmaqla 6 hissəyə bölüb ayrıayrı qəbirlərdə basdırmışlar” [Cəmşidov, səh.91].
Hazırda Qaraçuq Çobanın qəbri deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qəbiristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzərində oxkaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilmişdir.
Söyləyicilər bəzən bu obrazı müasir dövrlə əlaqələndirirlər. Qaraca Çoban haqqında informasiya verən söyləyici sonda mətnə təəssüf hissiylə belə bir əlavə etdi: “Onnan sora Qara Çoban çıxdı getdi, erməni gəldi ora yelihləndi” [Qarabağ, VII c., səh. 22]. Erməninin bu ərazilərə yerləşməsi çox yaxın tarixin məhsuludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə “müasirləşdirilməsi” son dövr hadisələri ilə əlaqədar olaraq olduqca təbii görünür, söyləyici öz yeryurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər Qaraca Çobanın yataq yerinin və qoyun arxacının ermənilər tərəfindən əkilərək məhv edilməsini də vurğuladılar [Qarabağ, VII c., səh.23].
Sonuc. Bütün bu deyilənlərə əsasən belə bir nəticəyə gələ bilərik ki, bu bölgədə mövcud olan Qaraca Çoban obrazı ilə bağlı mətnlərdə “Dədə Qorqud kitabı” ilə bağlı səsləşmələrin olması ilə bərabər, Qaraca Çoban və yaxud Qara Çoban mifoloji obraz kimi də özünü göstərir.

ƏDƏBİYYAT

1. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Toplayanlar: Nəbioğlu V., Kazımoğlu M., Əsgər Ə., Bakı, Səda, 2005
2. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağdaş folkloru / Toplayıb tərtib edən: Rüstəmzadə İ. Bakı, Səda, 2006
3. KitabiDədə Qorqud ensiklopediyası. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000
4. Cəmşidov Ş. “KitabiDədə Qorqud”u vərəqləyərkən. Bakı, Gənclik, 1969
5. Qarabağ: folklor da bir tarixdir. VI kitab. (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2013
6. Qarabağ: folklor da bir tarixdir. VII kitab. (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2014
7. Şəki folkloru örnəkləri. II kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2014
8. Şəki folkloru örnəkləri. III kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2016
9. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1967

Ləman VAQİFQIZI (SÜLEYMANOVA)
AMEA Folklor İnstitutu
“Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi
filologiya üzrə fəlsəfə doktoru, dosent

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.