Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
16.11.2020

Qarabağda nağılçılıq ənənəsinin müasir durumu

f

Bu məqalə üçün nağıl janrının seçilməsi təsadüfi deyil. AMEA Folklor İnstitutunun son illər Qarabağ folkloru əsasında tərtib etdiyi 10 cildlik “Qarabağ: folkor da bir tarixdir” toplusundakı mətnlər arasında nağıllar üstünlük təşkil edir. Bu da bölgədə vaxtilə güclü nağılçılıq ənənəsinin olmasından xəbər verir. Bunu ənənəvi folklor məclisləri haqqında verilən söyləyici xatirələrindən də görmək mümkündür.
Söyləyicilərin dediyinə görə, nağıllar ən çox uzun qış gecələrində söylənilərdi. Zəngilan kənd sakini Zərnigar Məmmədovanın dediyinə görə, uzun qış gecələrində ana babasının evində yığıncaqlar təşkil olunardı. Babasının söhbətlərinə, hədislərinə, nağıllarına qulaq asmaq üçün hətta başqa kəndlərdən də insanlar gələr, yolu uzun olanlar isə gecəni onlarda qalardılar. Şam vaxtı gələnlərə yemək təklif olunar, yemək yeyildikdən sonra məclis başlayardı. İçəridə uşaqlara yer olmadığından onlar bacadan, pəncərədən söhbətlərə qulaq asardılar. Söyləyicinin dediyinə görə, anası da vaxtilə həmin məclislərdə iştirak etmiş və bildiyi nağılların əksəriyyətini oradakı yaşlılardan eşitmişdir. Zərnigar xanımın dediyinə görə, anası nağıl söyləyəndə nağılları bir-birinə calayıb o qədər uzadardı ki, “Min bir gecə” nağılları kimi qurtarmaq bilməzdi.
Şuşa şəhər sakini Vidadi Məmmədovun dediyinə görə, payız gələndə meşədən əzgil, alma və armud yığar, onu otun arasına töküb qışa saxlayardılar. Şuşada şairlər evində on iki ailə yaşayırdı. Qış gecələrində böyük bir zala yığışar, həmin meyvələri aşsüzəndə gətirib ortalığa qoyardılar. Ev yiyəsi xaşıl bişirər, xaşılın ortasını çala kimi düzəldib ora yağ, bəhməz tökərdi. Bəzən xaşılı “qərəlindən” artıq bişirərdilər və qabda qalmaması üçün deyərdilər ki, kim xaşılı udanda boğazında qurt eləsə, bir də verəcəyik. Söyləyicinin dediyinə görə, uşaqlar nə qədər səy göstərsələr də, mümkün olmurdu, xaşıl boğazlarından keçəndə qurt edirdi. Kişili-qadınlı on beş-iyirmi adam olardı. Hamı yerdən oturar, bir nəfər də yuxarı başda oturub nağıl söyləyərdi. Belə məclislər gecə yarıya qədər sürərdi.
Folklor İnstitutunun 2012-2014-cü illərdə həyata keçirdiyi Qarabağ layihəsi çərçivəsində bölgədən 400-dən artıq nağıl yazıya alınıb, Əli Süleymanov, Musa Bayramov, Narış Bayramova, Abbas Abbasov kimi zəngin repertuara malik nağıl söyləyiciləri aşkar edilib. Qarabağdan digər bölgələrdə qeydə alınmayan 39-u yeni nağıl süjet yazıya alınıb. Bundan başqa, indiyə qədər bir və ya iki variantı məlum olan 40-dan artıq süjetin yeni variantları toplanıb.
Nağıl söyləyicilərin tərkibinə diqqət yetirdikdə, kişilərin fəallığı diqqəti cəlb edir. Belə ki, nağıl yazıya alınmış söyləyicilərin 59 faizini kişi, 41 faizini qadın təşkil edir. Nağıl söyləyicilərinin böyük əksəriyyətini təhsili olmayan və ya orta təhsilli adamlar təşkil edir. Bölgədən yazıya alınmış nağılların 85 faizi məhz bu qrupa məxsus adam-lardan toplanmışdır. Ən yaxşı nağıl söyləyicilərimizin də təhsilsiz və ya az təhsilli olmaları nağıl janrının bu qrup insanların repertuarı üçün xarakterik olduğunu söy-ləməyə əsas verir.
Bölgədən toplanan materiallar arasında nağılların xüsusi çəkiyə sahib olmasına baxmayaraq, aparılan müşahidələr son illər nağılların ifasının zəiflədiyini, onların tədricən epik dövriyyədən çıxmaq üzrə olduğunu göstərir. Doğrudur, bölgədə tək-tük də olsa, zəngin repertuara malik usta nağıl söyləyicilərinə rast gəlinir. Amma fikrimizcə, bu və ya digər kənddə bir və ya iki nağıl söyləyicisinə rast gəlinməsi ya həmin kənddə epik ənənəni qoruyub saxlayan mühitin olmasından, ya da ailənin folklora bağlılığından irəli gəlir. Diqqətinizi bir neçə fakta çəkmək istərdim. Bərdə rayonundan toplanmış folklor nümunələrinin böyük əksəriyyəti Seyid Yusifli kəndindən qeydə alınıb. Həmin müddətdə rayonun daha dörd kəndində yaşlı insanlarla görüş olsa da, Seyid Yusifli kəndindən toplanılan folklor nümunələrinin heç yarısı belə qeydə alınmayıb. Bunun əsas səbəbi haqqında bəhs olunan kənddə məhərrəmlik axşamlarının son dövrlərə qədər saxlanmasdır. Təsadüfi deyil ki, həmin kənddən qeydə alınmış folklor nümunələrini söyləyən söyləyicilərin hər ikisi həmin məclislərdə iştirak etmiş şəxslərdir. Digər maraqlı söyləyicilərdən biri Cəbrayıl rayonunun Soltanlı kənd sakini Abbas Abbasov idi. Abbas kişinin atası gözəl nağıl bilicisi idi. Abbas kişi də bildiyi nağılları uşaq vaxtı atasından eşidib və güclü yaddaşı sayəsində onları yadında saxlayıb.
Göründüyü kimi, nağıl söyləyiciləri ya folklor mühitinin qorunub saxlandığı kəndlərdən çıxır, ya da belə bir mühitin olduğu ailələrdə yetişir. Bu amillər sayəsində günümüzdə də yaxşı nağılçılara rast gəlinir, amma ümumi mənzərəyə diqqət yetirdikdə nağıl ifaçılığının zəiflədiyini görürük, xüsusilə də sehrli və heyvanlar haqqında nağılların artıq dövriyyədən çıxmaq üzrə olduğu müşahidə olunur. Bu da onunla əlaqədardır ki, sehrli nağıllar və heyvanlar haqqında nağılların əsas dinləyiciləri uşaqlardır. Söyləyicilər özləri də etiraf edir ki, indiki uşaqlar nağıla o qədər maraq göstərmir, asudə vaxtlarını televizor qarşısında, kompüter arxasında, telefonda oyun oynamaqla keçirirlər. Öz auditoriyasını itirdiyindən sehrli və heyvanlar haqqında nağıllar artıq epik dövriyyədən çıxmaqdadır. Nümunə üçün qeyd edək ki, 2013-cü ildə Bərdə rayonuna ezamiyyə zamanı yüzdən artıq söyləyici ilə görüşülsə də, cəmi 11 nağıl qeydə alınıb. Onlar arasında sehrli və heyvanlar haqqında nağılların hərəsinə aid cəmi bir nümunə vardır. Həmin il Füzuli rayonundan qeydə alınmış 21 nağıldan isə yalnız biri sehrli nağıl nümunəsidir.
Sehrli və heyvanlar haqqında nağıllardan fərqli olaraq, dini və məişət nağılları hələ də aktivliyini qoruyub saxlayır. Bunu layihə çərçivəsində buraxılmış kitablardakı dini və məişət nağıllarının sayından da görmək olar. Demək olar ki, çap olunan nağılların 50-60 faizini bu qruplara məxsus nağıllar təşkil edir. Bunun da əsas səbəbi, o biri qruplardan fərqli olaraq, bu nağılların öz auditoriyasını qoruyub saxlamasıdır.

İlkin Rüstəmzadə
Filologiya üzrə fəlsəfə doktoru

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.