Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
09.11.2020
Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Eşidirsən, Azərbaycan! Qarabağdan salam var...

Mənim ailəm iki nəfərdən ibarətdir və bu kiçik ailənin bir nəfəri döyüşdədir. Bu gün Azərbaycanda hər kəs döyüşür. Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, onun əhalisinin sayı ilə ordusundakı əsgər sayı bərabərdir – 10 milyon. Əsarətdə saxlayıb, ziyalılarını tək-tək güllələyib, yurdunu talan edib, torpaqlarını işğal etsələr də, bu xalqın əzmini qıra bilməyiblər. Bu günün şüarı çox doğru səslənir: “Bir ölürük, min dirilirik”.
Bu günlərdə çox maraqlı, bir o qədər də yanğılı şəhid taleləri çıxır qarşımıza. Yadımdadır, Cəbrayılda ilk şəhid Səxavət adlı iyirmi yaşlarında bir gənc idi (səhv etmirəmsə, o Qanlı yanvar şəhidi idi). Hamı ayağa qalxmışdı. Xalq elə oradaca ona nağıllar, əfsanələr, dastanlar, romanlar, monoqrafiyalar yazırdılar. O, ilk və tək idi. İndi istər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində o qədər şəhidimiz var ki, o qədər yanğılı hekayəmiz var ki, hansından yazıb, hansını dilə gətirək, bilmirik.
Cəbrayılda əsl adı Sahib olan bir Mirələm var idi. Onun haqqında çox az yazılıb, onu çox az adam tanıyır. Amma mənfur düşmən bizdən fərqli olaraq onu çox yaxşı tanıyırdı. O, 1992-ci ildə şəhid olmuşdu. Mirələm 30 güllə vurulandan sonra dünyasını dəyişmişdi. O qədər güclü, iri cüssəli adam idi ki, 29 güllə vurulmuşdu, amma ölməmişdi. Yalnız başına vurulan 30-cu güllədə canını tapşırmışdı. Ona düşmən gülləsi dəydikcə “Qarabağ bizimdir!” deyirmiş. Öldürdükdən sonra düşmənlər onun meyitini özləri ilə götürmüşdülər. Cəbrayıllılar ağır döyüşlərdən sonra onun nəşini ala bildilər. Mirələmin əsl adı Sahib idi, düşmən də elə onu Sahib kimi tanıyırdı. Mənfur düşmən sonradan Mirələmin Sahib olduğunu biləndə deyirdi ki, “bilsəydik, o, Sahibdir, nəşi sizə verməzdik, yandırardıq”.
Mirələmdən yazanda mütləq Cəbrayılın on beş yaşlı qəhrəmanı Tiqanadan da bəhs etmək yerinə düşər. Hadisələri bir qədər qabaqlayaraq deyim ki, o, yaxınlarına “Mirələmin ilində mən öləcəm” deyirdi və elə də oldu. Əsl adı Samir idi. Fransız futbolçusu Jan Tiqanaya bənzədiyi üçün hamı onu belə çağırırdı. O, həm də çox yaxşı futbolçu idi. Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün on beş yaşında kəşfiyyatçılara bələdçilik edirdi. Eyni zamanda səhra poçtalyonu, əsgərlərimizin köməkçisi idi. Patronu azalana patron, susayana bir içim su daşıyır, yaralıların savaş meydanından çıxarılmasına kömək edirdi. 1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı döyüşdə yaralanan Tiqana özü yaralı ola-ola döyüş bölgəsindən 60 yaralı, 40 meyit çıxarıb. Sonuncu meyidi çıxaranda Tiqana düşmən gülləsindən ölümcül yaralanmışdı. Ermənilər onu götürməyə imkan verməmişdilər, amma çətinliklə də olsa, əsgərlər onu güllələrin altından çıxarmağa müvəffəq olmuşdular. Tiqana xəstəxanada həkimə deyirmiş ki, “qoyma ölüm, mən müharibəyə getmək istəyirəm”. Ölümündən bir həftə sonra Cəbrayıl işğal olunmuşdu. Qeyd edək ki, o, ailəsinin yeganə oğul övladı idi.
Tiqana ilə bağlı yazanda onun həyatında daha maraqlı bir məqamdan da söz açmaq yerinə düşərdi. O, meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Tiqana dəfn olunan gün həmin at onun məzarının üstündə dayanmadan fırlanmış və onun ölümünə dözməyib qəbrinin üstündə can vermişdi. Valideynləri Tiqananın atını da onun məzarının böyründə basdırıb Cəbrayılı 27 illik tərk ediblər. Qeyd edək ki, İsi Məlikzadə və Ənvər Əblucun ssenarisi əsasında çəkilən “Ağ atlı oğlan” filmindəki Murad obrazı Tiqananın prototipidir.
Birinci Qarabağ savasında saysız-hesabsız belə yanğılı hekayələr var. Bu gün Vətən müharibəsində də o heykayələr eyni ürək yanğısı ilə yazılır. Bu günlərdə əlimə bir şəhidin ailəsinə ünvanladığı video yazı düşdü. Sona qədər çox çətinliklə baxdım. Qanım, sözün əsl mənasında damarımda donmuşdu. Şəhid öz ailəsindən doğulacaq oğluna onun adını qoymaqlarını istəyirdi. O andan da beynimdə bir sual dolaşır: Biz insanlar yer üzünü xristian, müsəlman, ivrit, bütpərəst, ateist və s. və i. dinlərə, inanclara bölmüşük. Onların hamısının bir Allahı yoxdumu? Əgər hamısı bir Allaha sitayiş edirlərsə, bəs o doğulan uşağın ahı, babalı niyə yerdə qalır? Niyə düşmənin yadından Qarabağı çıxardacaq bir fəlakət baş vermir? Bəli, o uşağın atasının qanı alınacaq, biz işıqlı, nurlu, firavan dünyada yaşayacağıq və daha nələr, nələr... amma o uşaq dünyaya gəlmədən atasını itirdi...
“Mənim məqsədim gördüklərimi və hiss etdiklərimi kağıza ən yaxşı və ən sadə formada yazmaqdır” deyən yazıçı Ernest Heminqueyin iki müharibə arasında yazdığı ən qısa romanı uzun illər dünya ədəbiyyatını riqqətə gətirib: “Körpə ayaqqabıları satılır. Geyinilməmiş”. Bu gün isə bir şəhid anasının dediyi sözlər təkcə ədəbiyyatın deyil, bütün insanlığın da ən yüksək zirvəsində dayanan, könülləri riqqətə gətirən yanğılı bir hekayədir. Nobel mükafatına layiq roman...: “Oğlum bütün ömrü boyu bir dəfə təzə paltar geyinmişdi, o da əsgər paltarı idi”. Amma təəssüf ki, bu romanın müəlifi canından, ciyərindən çıxarıb bu misraları...
Dərdimizin üzərinə yaralarımıza az da olsa, məlhəm olsun deyə Ramiz Rövşənin “Ağ atlı oğlan” filminin müsiqisinə yazdığı sözlərlə su səpək...
Ağlayanım tapılsa,
Nə var ölməkdən gözəl!?..
Nə var şəhid qanına
Batan köynəkdən gözəl?!..

Gəl, ağlama sən belə,
Göz yaşların qurusun!..
Mən öldüm indən belə,
Səni dərdim qorusun!..

Ardı var

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.