Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
06.11.2020

Qarabağda folklor məclisləri

Söyləyicilərin yetişməsində ailə ocaqları ilə yanaşı, folkor məclislərinin də rolu danılmazdır. Bunların arasında ən geniş yayılanı devranlar (dövran) idi. Qarabağ sakinlərinin verdiyi məlumata görə, keçən əsrin 80-ci illərinə qədər kəndlərə aşıqlar gələr və devran keçirərdilər. Aşıq hər kəsin evinə deyil, kimin evi geniş idisə, ora düşər və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcək. Camaat axşam mal-qaranı tövləyə saldıqdan və yemək yedikdən sonra ora yığışardı. Damı işıqlandırmaq üçün sütunlardan çıraq asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Hansı dastanı desəydilər, onu da danışardı. Belə məclislər gecəyarısına qədər davam edirdi, aşıq dastanı tamamlaya bilmədikə, onun davamını səhərə saxlayırdı.
Ağcabədi və Bərdə rayon sakinləri aşıqların keçən əsrin səksəninci illərinə qədər kəndlərə gəlib devran keçirdiklərini vurğulayırdılar. Məsələn, Seyid Yusifli kəndinə Bər-dəli Aşıq İsmayıl, Aşıq Zeynal gələrdi. Həmin kəndin sakini Musa Qasımovun dediyinə görə, kəndin ağsaqqalları qabaqcadan öz aralarında razılaşar və kimin evi geniş idisə, onun evində toplaşardılar. Belə məclislər bəzən səhərə qədər çəkərdi. Musa Qasımovun dediyinə görə, axşamdan ağsaqqallar him eləyərdilər ki, pəncərələri elə basdırın, havanın işıqlaşdığını aşıq bilməsin. Bir vədə qapını açarmışlar ki, artıq günorta olub. Belə məclislərdə dastanlardan əlavə qaravəllilər də söylənirdi. Qaravəllilər, əsasən, dastan arasında, aşıq çay fasiləsinə çıxdığı zaman söyləynirdi.
Folklorun söylənildiyi əsas məclislərdən biri yun daramaq üçün evlərdə təşkil olu-nan iməciliklər idi. İməciliklər payız aylarında keçirilər və bir gün qabaqcadan ev sahibi qonşulara xəbər verərdi ki, sabah onun evində yun daranacaqdır. Qonşudakı qız-gəlin-lər də ona köməyə gələrdilər. Səhər başqa bir evdə yun daranardı, bu dəfə həmin evə köməyə gedərdilər. Kimin əlçimi çox olardısa, ev sahibi ona nəmər verərdi. İş prosesini daha da yüngülləşdirmək üçün ev sahibi həmin məclisə xüsusi nağıl söyləyiciləri dəvət edərdi. Kəlbəcər rayonu Ağcakənd sakini Səfurə Alıyevanın dediyinə görə, belə məclislərə çox vaxt Əhliyyət adlı bir söyləyicini çağırardılar, o da maraqlı söhbətləri ilə camaatın başını qatardı. Bu cür məclislərdə qız-gəlinlər qırmızı kəlağayıdan gərdək qurar, ağ yundan qız fiquru, qara yundan oğlan fiquru düzəldərdilər. Oğlana qara bığ qoyardılar. Qız guya yun darayanların birinin olurdu, oğlan da ev yiyəsinin olurdu. Gər-dəyi düzəldib bəynən gəlini onun arxasına qoyardılar. Biri deyərdi, bəynən gəlini tağdan asmışam, ev yiyəsi gəlsin düşürsün. Ev yiyəsi də yaxşı yemək bişirər, orda işləyən qız-gəlinə yemək verərdi. Onda da hamı həvəslənərdi, yunu yaxşı darayardı.
Ümumiyyətlə, payızdan başlayaraq yaza qədər evlərdə qara nağıl gecələri, tapmaca gecələri təşkil olunar, bu məclislər bəzən səhərə qədər davam edərdi. Tapmaca gecələri daha maraqlı olardı, kim tapmacanın cavabını tapa bilməsə, o, borclu qalardı. Onda tapmacanı söyləyən deyərdi: “Satıram”. Yerdən biri deyərdi: “Alıram”. Soruşardılar: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənərdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Elə vaxt olurdu, tapmacanın cavabını tapa bilməyən gedib su gətirərdi, bu səfər deyərdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərərdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilərdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s. Bəzən tapmacanı deyən şəxs humanistlik göstərər, bir az ayaq üstə durduqdan sonra həmin şəxsi bağışlayardı. Yun daramaq üçün təşkil edilən iməciliklərdə də tapmacalar deyilərdi. Həmin məclisdə qızlar iki dəstəyə bölünər və qarşı-qarşıya bir-birinə tapmacalar deyərdilər.
Novruz bayramı ərəfəsində keçirilən surmançaq mərasimi də folklorun yaşadığı, ifa olunduğu məclislərdən biri idi. Usuncaq (Cəbrayıl), Uçuncaq (Füzuli), Kuft (Qubadlı) adı ilə tanınan bu mərasimə Azərbaycanın bir çox bölgələrində təsadüf olunur. Qarabağ zonasında Novruz bayramının ayrılmaz elementi olan bu oyun vaxtilə hər ilin axır çərşənbəsində oynanılırdı. Zəngilan kəndində bu oyun 10 gün sürür, martın 21-dən başlayıb ayın axırına qədər davam edirdi. Oyun hava şəraitindən asılı olaraq ya dam evlərində, ya da açıq havada təşkil olunurdu. Evdə təşkil olunanda damın bacasına lom, ya da ağır dəmir atılır, oradan kəndir asıb yellənilirdi. Qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün açıq havada təşkil olunan zaman kuf əsasən həmin ağaclardan asılırdı. Zəngilan kəndində geniş tut bağları var idi və mərasim həmin bağlarda keçirilirdi. Zəngilan rayonunun Bartaz kəndində kənd sakinlərinin su doldurduğu çeşmənin kənarından gur sulu çay axırdı. Qızlar, gəlinlər çayın qırağında qazan asıb paltarlarını yuyar, boş vaxtlarında isə oradakı qoz ağacın-dan kuf asıb yellənərdilər. Dərə Gilətağ kəndinin sakini Sərvinaz Muxtarovanın dediyinə görə, martın 21-22-nə onların kəndində Qızlar bayramı deyiblər. Yaz ağzı olduğu üçün həmin vaxt xırman boş olurdu. Həmin gün qızlar xırmanı təmizləyib oradan nənni asar, oğlanları isə ora yaxın buraxmazdılar. Nənni ağ və qara saplardan hörülmüş ala-bula sicimlərdən qurulardı.
Kufda tək-tək, ya da iki-iki yellənilərdi. Tək adamlıq kufda ayaq üstə və ya oturaraq yellənilir. Ayaq üstə yellənəndə bir ayaq yelləncəyin üzərində olur, o biri ayaq isə havada boş qalır. Yellənən şəxs ya boş qalan ayağı vasitəsi ilə təkan verərək yellənir, ya da hər iki ayağını kəndirin üstünə qoyub, oturub qalxmaqla yelləncəyin sürətlənməsini təmin edirdi. Bu vaxt ən hündür budaqdan şax qırıb gətirməkdən yarışardılar. İki nəfərlik yelləncəkdə isə ağacdan iki sicim asılar, sicimlər üz-üzə gətirilib ortasına yellənən şəxsi kəsməməsi üçün döşək qoyulardı. Qızın biri həmin sicimlərin birində, digəri isə o birində oturar, ayaqlarını da qaldırıb qarşıdakı sicimin üstünə qoyardılar. Qızlardan biri arxadan, digəri öndən durub yelləncəyi beş-altı metr geriyə çəkib buraxardı. Qubadlının Göyərəbas kəndində iki nəfərlik yelləncəyə nənni deyilir. Kənd sakini Münəvvər Həşimovanın dediyin görə, nənni ağır yellənərdi. Ona görə onu biri öndən, digəri arxadan olmaqla iki nəfər yellədər, nənnidə yellənən şəxslər də asta-asta oxuyardılar.
A yelləncəyim mənim!
Kufum, əyləncəyim mənim!
Sən məni möhkəm yellə,
Gəlsin şənliyim mənim.
Qarabağ bölgəsində qarşılaşdığımız usta söyləyicilərin, demək olar ki, hamısı hələ uşaq vaxtlarından bu tip məclislərin böyük həvəskarı olmuşdular. Həmin maraq, həvəs sonda onların bir söyləyici kimi formalaşmasına gətirib çıxarmışdır. Təəssfülər olsun ki, yuxarıda sadalanan məclislər haqqında bu gün yalnız söyləyicilərin verdiyi məlumatlar əsasında təsəvvür əldə etmək mümkündür. Onların böyük əksəriyyəti ya məişətdən çıxmış, ya da tədricən unudulmaq üzrədir. Təbii ki, folklor nümunələrini yaşadan, onları canlı saxlayan belə məclislər idi. Onların məişətdən çıxması folklorun tədricən öləziməsinə, əvvəlki işləkliyini itirməsinə səbəb olmuşdur.
Ənənəvi folklor məclislərinin məişətdən çıxması həm də söyləyici auditoriyasının daralmasına gətirib çıxarmışdır. Ənənənin daşıyıcıları indi ən yaxşı halda ailə orta-mında yaxşı söyləyici kimi tanınırlar. Bizim söyləyicilərlə söhbətimizdə iştirak edən bəzi kənd sakinlərinin hər gün qarşılaşdıqları bir adamın Şah Abbasdan, İsgəndərdən maraqlı əhvalatlar danışdığını görəndə təəccüblərini gizlədə bilməmələri də buradan qaynaqlanır. Bərdə rayon Şirvanlı kənd sakini Ələmşah kişi ilə çayxanadakı görüşümüz zamanı onun söhbətinə qulaq asanlar təəccüb edirdilər ki, Ələmşah kişi nə üçün indiyə qədər onların yanında belə söhbətlər etməyib. Füzuli rayonunun Bəhmənli kəndində olduğumuz zaman seyid Əli Əbdürrəhim oğlu Əzizov ilə bizi tanış edən kənd sakinləri də onun nağıl danışdığını ilk dəfə gördüklərini etiraf edirdilər. Bu səbəbdəndir ki, Qarabağ bölgəsində toplama fəaliyyətində olduğumuz zaman qarşı-laşdığımız ən yaxşı söyləyiciləri bizə kənd sakinləri nişan verməyib, təsadüf nəticəsində onları tapmışıq. Məsələn, Musa Bayramovun yaşadığı ünvanı adaşı Musa Qasımov nişan versə də, peşəkar bir söyləyici kimi deyil, yaşlı bir insan olduğu, həm də Seyid Yusif ağanın məclislərində iştirak etdiyi üçün onunla görüşməyi məsləhət görmüşdü. Narış Bayramova ilə tanışlığımız da sırf təsadüf nəticəsində baş tutdu. Afşar kəndindən ayrılmaq üzrə idik ki, bizə bələdçilik edən bələdiyyə sədrinin müavini Nizami Cəfərov jurnalist xasiyyətli bir xalasının olduğunu söyləyərək ayaqüstü onunla da görüşməyi məsləhət gördü.
Təbii ki, auditoriyanın itirilməsinin mətnə təsirsiz ötüşməsi mümkün deyil, çünki söyləyicinin repertuar seçimindən tutmuş mətnin şəkillənməsinə qədər auditoriyanın rolu böyükdür. Bərdə rayonunun Şirvanlı kənd sakini Ələmşah kişinin “mən çoşanda daha gözəl söyləyirəm” deyərək söylədiyi mətnlərdən razı qalmamasının bir səbəbi də, onu çoşduracaq auditoriyanın yoxluğu idi. Ona görə də bəzi tədqiqatçılar son illər qeydə alınan mətnlərin yığcam olmasını, təsvirin yoxluğunu onların auditoriya qarşısında söylənilməməsi ilə əlaqələndirir.

İlkin Rüstəmzadə
Filologiya üzrə fəlsəfə doktoru

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.