Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
04.11.2020

Qarabağın usta nağıl söyləyiciləri

İlkin Rüstəmzadə
Filologiya üzrə fəlsəfə doktoru

Məlum olduğu kimi, Folklor İnstitutu 2012-2014-cü illərdə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə həyata keçirmişdir. Layihənin icrası nəticəsində bölgədən Əli Süleymanov (Ağdam), Musa Bayramov (Bərdə), Narış Bayramova (Ağcabədi), Abbas Abbasov (Cəbrayıl) kimi zəngin repertuara malik usta nağıl söyləyicilərini aşkar edib və onların repertuarını yazıya alıb. Həmin söyəyicilərin repertuarı sonradan “Usta nağıl söyləyiciləri” adlı ayrıca kitab şəklində dərc olunub. Bu kitab Azərbaycanda nağıl söyləyicilərinin repertuarına həsr olunmuş ilk kitablardan biridir.
Usta nağılçı adlandırdığımız bu söyləyicilərdən müxtəlif janrlara dair nümunələr yazıya alınsa da, nağıllar onların repertuarının əsasını təşkil edir. Onların ustalıq, sənətkarlıq keyfiyyətləri əsasən bu janrda özünü büruzə verir.
Narış Bayramova təkcə ənənədən gələn süjetlər hesabına deyil, həm də mütaliə etməklə öz repertuarını zənginləşdirib. Ondan qeydə alınmış nağılların 10-nu müəllimi Ələmşah kişidən, 1-ni qayınanasından eşidib, 2-ni – “Şah Abbas və Həsən Qara” və “Sarı donlu qız” nağıllarını isə kitabdan mənimsəyib. Nağılların hamısı məlum süjetlər olsa da, onların içərisində elələri vardır ki, ənənəvi variantlardan kifayət qədər fərqlənir-lər. Məsələn, “Bacı həsrəti” nağılının indiyə qədər Ağdaşdan qeydə alınmış bir variantı məlum idi. Həmin variantda qeyd olunur ki, əcəli çatmış kişi uzun müddət görmədiyi bacısına baş çəkir. Bacısını sevindirib onun könlünü şad etdiyi üçün Allah-taala onun ömrünü uzadır. Amma Narış Bayramovadan qeydə alınmış variantda süjet xəttinə əlavə gedişlər qoşulub. Əcəli tamam olmuş kişi çarıq geyinmək arzusunu gerçəkləşdirmək üçün Allahdan üç gün möhlət alır. Ustaya çarıqları sifariş verib bacısına baş çəkməyə gedir. Yolda ölü namazına durur, Qurana qulaq asır və uzun müddət görmədiyi bacısı ilə görüşüb onu sevindirir. Tutduğu savab işlərə görə Allah onun ömrünü uzadır. “Həzrət Əli və qəssab” nağılında da Həzrət Əlinin sünnünün ona olan inamını yoxlamaq məqsədi ilə səfərə çıxması, ona inam bəsləyən qəssabın sünnü kimi qələmə verilməsi ancaq Narış Bayramovadan qeydə alınmış variant üçün xarakterik detallardır.
Narış Bayramova nağılı bir qayda olaraq “Göydən üç alma düşdü. Biri mənim, biri Narış nənənin, biri də nağıl söyləyənin. Yerdə qalan da sizin, aparın bölüşdürün” formulu ilə tamamlayırdı. Söyləyicinin final formulunda öz adını işlətməsi Musa Bayra-movdan qeydə alınan nağıllarda da müşahidə olunur. Sanki söyləyici öz adını formula daxil etməklə onu əbədiləşdirməyə çalışır, eyni zamanda həmin formul nağılın möhürbəndinə çevrilir. Narış nənəyə zarafatla “almaların üçünü də özünüzə götürdünüz” deyəndə onun bizə cavabı belə oldu: “O dünyada almaları məndən istəyəcəklər, onda mən sizi haradan tapacağam”.
Narış Bayramova nağılları adətən dualarla tamamlayır. Ondan qeydə alınmış 13 nağılın 10-da dualara rast gəlmək mümkündür. Duaların məzmununu nağılın finalı ilə əlaqələndirməklə o, mətnlə dua arasında üzvi bir bağ yaradır. Ona görə də onlar havada qalmır, nağılın daha da təsirli alınmasında mühüm rol oynayır. Məsələn, “Narxatın” nağılı yeddi qardaşın ata yurduna qayıtması ilə tamamlanır. Söyləyici də buna uyğun olaraq duaya “cəmi ata-ananın yurdunda Allah-taala oğul evladın yurdçu eləsin...” deməklə başlayır. Yaxud “Tısbağa qız” nağılı kiçik qardaşın atasının yerinə taxta çıxması və firavan dövran sürməsi ilə tamamlanır. Buna uyğun olaraq, söyləyici də duaya “siz də bu dünyada devran sürün, arzularınıza Allah çatdırsın” deyə başlayır. Duaların məzmunu kifayət qədər genişdir. Narış Bayramova təkcə bizə deyil, qürbətdə çalışan oğlanlarını, yol üstə, səfərdə olanları və s. yada salıb onlara da dua eləyir.
Bərdə rayon Seyid Yusifli kənd sakini Musa Bayramovun da özünəməxsus söyləyicilik dəsti-xətti var. Digər söyləyicilər nağılı söyləyərkən obrazların emosional durumunu çatdırmaq üçün səslərinin tonunu dəyişirdilərsə, Musa Bayramov nağılı sakit templə başlayar, həmin templə də axıra kimi davam eləyərdi. Musa Bayramov dastanı adi nağıldan fərqləndirir, birini aşıq nağılı, digərini isə qara nağıl adlandırırdı. Narış Bayramovadan fərqli olaraq, o, ənənəvi formullara o qədər də maraq göstərmir. Yalnız iki nağılın sonunda “Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də Musanın” formulunu işlədir. Onun fikrincə, bu cür formullar nağılın həcmini artırmağa xidmət edir, ona görə də onlardan istifadəyə ehtiyac görmür.
Hər bir söyləyicinin marağı, həvəsi onun repertuarının formalaşmasında əhəmiyyəli rol oynayır. Narış Bayramovanın repertuarında əsasən novellistik, Musa Bayramovun repertuarının böyük qismi isə sehrli və novellistik nağıllardan təşkil olunub. Onlardan fərqli olaraq, Əli Süleymanovun repertuarında lətifəvari (satirik) nağıllar (15 süjet) üstünlük təşkil edir. Göründüyü kimi, söyləyicilərin xarakterinin, maraq dairəsinin müxtəlifliyi onların repertuarında da özünü gösətirir və heç birinin repertuarı bir-birinə bənzəmir, tamamilə fərqlənir.
Ağdam rayon Ətyeməzli kənd sakini Əli Rəmdar oğlu Süleymanov baməzə, gülərüz bir insan kimi yadda qalıb. Təkcə biz deyil, məskunlaşdığı Ağdaş rayonunun Qumlaq kənd sakinləri də onu baməzə söhbətləri ilə tanıyır. Kənd sakinlərindən maraqlı söhbət edən, yaxşı lətifə, nağıl bilən insan tanıyıb-tanımadıqlarını xəbər alanda Əli kişinin ünvanını göstərmələri də bunu təsdiq edir. Əli kişidən folklor örnəkləri 2001-2002-ci illərdə yazıya alınıb. Tərcümeyi-halını daha geniş, ətraflı öyrənmək, həmçinin söylədiyi materialların yer aldığı kitabı ona hədiyyə etmək üçün on ildən sonra yenidən onunla görüşmək bizə nəsib oldu. Üstündən xeyli vaxtın keçməsinə, yaşlaşmasına, gözlərinin toran görməsinə baxmayaraq, söhbətcilliyindən, zarafatından heç nə əskilməmişdi. Onun repertuarında satirik, yumoristik məzmunlu nağılların üstünlük təşkil etməsi də deyib-gülməyə həvəsindən irəli gəlir. Əli kişidən sehrli, novellistik, heyvanlar haqqında nağıllara dair nümunələr qeydə alsaq da, tərəddüdsüz deyə bilərik ki, o özünü satirik nağıllarda tapırdı. Həmin nağılları söyləyərkən sanki daha da pərvaz-lanır, çoşurdu. Ona görə də ondan qeydə alınmış “Şərikli kömbə”, “Keçəlnən Kosa”, “Yeddi kor”, “Keçəlnən Molla arvadı”, “Üzlü qonaq” həm yeniliyinə, həm də söyləyici təhkiyəsinə görə gözəl satirik nağıl nümunələridir.
Gözəl nağıl söyləyicilərindən bir olan Cəbrayıl rayon Soltanlı kənd sakini Abbas Abbasovu digər informatorlardan fərqləndirən cəhət onun mətnə professional söyləyici kimi yanaşmasıdır. O, mükəmməl bilmədiyi mətni qətiyyən söyləmirdi. Bu səbəbdən ilk görüşdə ondan heç nə yazıya alınmamışdı. Uzun müddət ifa etmədiyindən bəzi nağılları unutduğunu və ya qismən xatırladığını bildirərək daha yaxşı hazırlaşmaq və nağılı tam yada sala bilmək üçün möhlət istəmişdi. Növbəti görüşdə ondan “İsgəndər Zülqərnə”, “Üç vəsiyyət”, “Abid və çoban” nağılları, bir neçə gündən sonra təkrar görüşümüz zamanı daha üç mətn – “Üç məsləhət”, “Yetim oğlan” və “Üç ölüm” nağılları yazıya alındı. Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılının Azərbaycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas kişidən qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır. “İsgəndər Zülqərnə” nağılı isə kon-taminasiya baxımından xüsusi maraq doğurur. Nağıl İsgəndərin şimala, cənuba, şərqə və qərbə səfər etməsindən və başına gələn macəralardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub ki, nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb.
Abbas Abbasov təkcə nağılı ifa etmir, həm də onu yaşayır: yeri gələndə obrazın roluna girir, səsinin tonunu dəyişir, onları yamsılayır. Ehtiyac üzündən dilənmək məcburiyyətində qalan qocanın durumunu çatdırarkən onun dilindən kəkələyə-kəkələyə danışır. Yaxud, Allahın iynənin deşiyindən dəvə keçirdiyini öyrənən mollanın verdiyi təpkini çatdırmaq üçün səsinin tonunu dəyişib mollanın dilindən danışmağa başlayır. Hətta “Yetim oğlan” nağılında adının Allahın kitabında olduğunu öyrənən gəncin dizini yerə ataraq Allaha dua etməsini deyərkən Abbas kişi o qədər həyəcan keçirmişdi ki, özünə gəlməsi, düşdüyü emosional vəziyyətdən çıxması üçün nağıla bir neçə dəqiqəlik ara vermişdi.
Qarabağın usta nağıl söyləyicilərinin şifahi irsinin qısa səciyyəsindən də görün-düyü kimi, Azərbaycanda nağılçılıq ənənəsinin yaşadılmasında və zən-ginləşdirilməsində onların rolu böyükdür.

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.