Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
03.11.2020

Eşidirsən, Azərbaycan! Qarabağdan salam var...

Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sentyabrın 27-si gecə saat dörddə həyat yoldaşımı işə aparmalı oldum. Onun iş yerinin qarşısında gördüyüm mənzərə məni zamanın axınında 1990-cı illərə apardı...
1992-ci il martın 2-də yenə gecə saat 4 radələrində anam bizi yuxudan oyadıb “qalxın, Bakıya gedirik!” dedi. O zaman mənim 14 yaşım var idi. Bacılarım daha kiçik olduğundan onlar maşına minən kimi yatdılar. Mən isə evimizdən ayrılmaq istəmir, durmadan ağlayırdım. Bugünkü kimi xatırlayıram, yataq otağının qapısına söykənib ağlayır, göz yaşlarımdan islanmış qapını durmadan öpürdüm... ayrılmaq istəmirdim... Bakıya gələnə qədər dayanmadan ağlamışdım... Atamla anam bizi şəhərdə xalamın yanına qoyub geri qayıtdılar. O vaxt nə baş verdiyini anlamamışdıq. Sən demə, Xocalıda qız-gəlinlərin başına elə oyunlar açılmışdı ki, yanğısı, faciəsi yerə-göyə sığmırdı. Atam da gözləri ilə gördüklərinin vahiməsindən dörd qız övladını oradan uzaqlaşdırmışdı. O illərdə atam İrəvandan deportasiya olunan üç qız da götürmüşdü. O qızların anası ermənilərə “oğlum əsgərlikdən gələr, bizi tapmaz, bir az möhlət verin” deyəndə övladlarının gözü qarşısında ananı güllələmişdilər. Qızlar da əlləri ilə həyətlərində torpağı qazıb, analarını dəfn edib gəlmişdilər. Bir neçə aydan sonra bacılarım atamgilin yanına getdi. Mənsə bir daha geri dönmədim (bir dəfə getmişdim, ağır atışma başladığından məni elə Mahmudlu stansiyasından geri qaytardılar)...
Rayondakı azad, rahat, firavan və xoşbəxt həyatın içindən qəflətən şəhərin hüzursuz və ata-anadan uzaqda narahat bir həyatın ağuşuna atılmışdım. Mən əslində bir gecədə böyümüşdüm... Təxminən bir ildən sonra həyat bizə elə bir sürpriz hazırladı ki, sözün əsl mənasında tamamilə başımızı itirdik. 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl və Füzuli rayonları erməni qəsbkarları tərəfindən işğal olundu. Atam Qarabağda döyüşməsinə baxmayaraq, ailəm artıq yanımda idi. Biz hələ yaşamağa yer tapmamış, ayaq üstə dayanmamış daha bir faciə belimizi bükdü. 1993-cü il oktyabrın 29-da Zəngilan şəhəri faciəli şəkildə işğal olundu.
O illərə xəyalən də olsa, geri dönmək çox ağrılıdır, hətta dözülməz can yanğısı verir bu ağrı. Bütün ailəm – əmim, xalam, dayım, babam hamı qaçqın düşmüşdü. Küncünə sığınacaq nə evimiz vardı, nə də mədət umacaq qohum-əqrəbamız. Üstəlik də Zəngilandan gələnlərimizin itkin düşməsi (Zəngilanın yağı düşmən tərəfindən işğal olunduğu elan olunmuşdu. Biz öz doğmalarımızdan xəbər tuta bilmirdik)...
Babamgil Zəngilandan İrana Araz çayı vasitəsilə keçib, oradan da İmişliyə gəlmişdilər. Biz onlardan təxminən üç-dörd gün sonra xəbər tutmuşduq. Bütün rayon, o cümlədən də mənim ailəm əyni-başı yalın Araza tökülmüşdülər. Zəngilanda bir tərəfdən düşmən qapını kəsib, bir tərəfdən də şəhid gəlirdi. Ən son anda bir şəhid gəlmişdi (səhv etmirəmsə, adı Elnur idi), altı aylıq evli idi. Onu elə zabit mundirində də dəfn etdilər... Dəfnində isə yalnız həyat yoldaşı, anası və əmisi iştirak etmişdi. Şəhidin ailəsi onu torpağa qoyan kimi Araza üz tutmuşdular...
Babam Arazı keçəndə gənc bir qızın körpə qucağında çaya girməyə qorxduğunu görüb ona yardım etmişdi. O, iri cüssəli adam olduğundan Arazın gur axıntısına müqavimət göstərə bilirdi. Qız babamın qolundan yapışıb çayı keçmişdi. Su körpəni boğmasın deyə qadın uşağı sinəsinə bərk sıxmışdı. Arazın o tərəfində uşağı qaldıranda öz əlləri ilə körpəsini boğduğunu görüb. Babam orada ilk dəfə infarkt keçirmişdi. Sonra dayımın mühasirədə qaldığını eşidib növbəti dəfə infarkt keçirdi, amma yıxılmadı, yatağa düşmədi. Onunla birlikdə köç edənlər kimi ayaq üstə dayandı.
1990-cı illərin qıtlığı, insanların “qaçqın” tənəsi həyata tutunmağa çalışan bizləri hər gün bir az mənən öldürürdü. Hələ bu azmış kimi qaçqınları işlə təmin etmək qadağası da var idi o illərdə. Heç bir qaçqını işlə təmin etmirdilər. Beləcə, bir qarnı ac, bir qarnı tox həyata tutunmağa çalışırdıq. Hər şeyini –varını-yoxunu itirib bir parça çörəyə möhtac olan insanlar yağışdan çıxıb yağmura düşmüşdülər.
O illərdə mənim üçün mənəvi dəyəri böyük olan sevimli Eldar Baxışın aşağıdakı misralarını tez-tez öz-özümə təkrarlayırdım:
Çeşməyi gözündən düşməyən kişi,
Deyə bilərsənmi nədir bu dünya?
Deyə bilərsənmi hardan başlanıb,
Haraya baş alıb gedir bu dünya?
Mən baş verənləri, vətən həsrətini bir müddətdən sonra duya bilmişəm. O vaxta qədər biz bütün ailəmizlə birlikdə sağ qalmaq uğrunda mübarizə aparırdıq. Beləcə, zaman ötdükcə qəlbimin düz orta bir yerində yara əmələ gəldiyini hiss etdim. Bu yara hər gün bir az daha dərinləşirdi.
Düşmənin başımıza açdığı müsibətlər yazmaqla bitmir, o dərd ağlamaqla azalmır. Qəribədir, zaman yaralarımıza məlhəm olmur. Əksinə zaman keçdikcə yaralar bizi daha çox ağrıdır, yanağımızdan süzülən göz yaşları sinəmizi, qoynumuzu daha çox yandırır.
Bu gün Cəbrayıl da, Zəngilan da işğaldan azad olub. Amma biz bu sevinci, bu qələbəni, bu uğuru hələ də dərk edə bilmirik. Görünür, yenə də ürək yanğısı ürəkdən sevinməyə mane olur.
Mən siyasətçi deyiləm. Sadəcə uşaqlığı, yeniyetməliyi, gəncliyi, ev-eşiyi, yurd-yuvası, arzuları, xəyalları, ruhu girov qalan adi bir Azərbaycan qadınıyam. Tanrı bu ömrü hamı kimi mənə də bir dəfə verib. Mən o ömrü rahat, firavan yaşaya bilmədim və ona görə də mənə və mənim xalqıma – anama, atama, bacıma, qardaşıma, oğluma-qızıma, əmimə, dayıma, xalama, bibimə olanların intiqamı yağı düşməndən alınsın istəyirəm. İstəyirəm ki, vətənimin sinəsində Araz boyda dağı olmasın. İstəyirəm ki, Qarabağı, Zəngəzuru, Dilcan dərəsini doya-doya gəzə bilim, amma bilirəm ki, 14 yaşımdan bu günə qədər sinəmin altında kütləvi qəbiristanlığa çevrilmiş arzularım kimi bu arzum da ürəyimdə qalacaq, amma yenə və yenə mən bunu görməyin arzusundayam...

Ardı var

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.