Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
02.11.2020

Qubadlının şifahi irsi

Qubadlı rayonu vaxtilə inzibati cəhətdən Zəngəzur ərazisinə aid olsa da, Qarabağın və ətraf ərazilərin işğalından sonra ümumi olaraq Qarabağ bölgəsinin bir parçası hesab olunur. Qubadlı rayonuna məxsus şifahi irs ənənəvi olaraq onun coğrafiyası, yaşayış tərzi, adət-ənənələri, süfrə mədəniyyəti ilə sıx bağlı olmuşdur. Qubadlı rayonunun dağlıq ərazisi, eyni zamanda Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşməsi burada yaşayan əhalnin yaşayış tərzinə də öz təsirini göstərmişdir. Qubadlı camaatı əsasən heyvandarlıq (iri və xırdabuynuzlu), əkinçilik (çəltik, pambıq, buğda, tütün və s.), baramaçılıq və digər təsərrüfat sahələri ilə məşğul olmuşlar. Bundan başqa, bu ərazi qədim tarixi abidələr və zəngin təbii ehtiyatlar məskənidir. Bərgüşad və Həkəri çayları qızıl balıq, göy balıq, xatun biləyi, qız biləyi və digər balıq növləri ilə zəngindir. Çay sahilində məskunlaşan qubadlılılar öz süfrələrində balıq yeməklərinə xüsusi yer verirlər. Balıq yeməkləri arasında qurqud, balıqlı döşəmə aş, balıq kababı, balıq qızartması, balıq basdırması daha çox bişirilir. Burada çəltik becərilməsi geniş yayıldığı üçün düyü yeməklərinə də üstünlük verilir. Toyuqlu döşəmə aş, qəlyəli aş, xanlıqlıların noxudlu aşı və s. plov növləri qubadlı camaatının süfrəsində əsas yemək növləridir.
Öz milli kimliyinə sadiq olan qubadlı əhalisi yaşayış tərzini, zəngin adət-ənənələrini şifahi örnəklərdə etibarla qoruyub saxlayırlar. Qubadlı folklorunun toplanılması iki dövrü əhatə edir. İşğala qədərdki dövr və işğaldan sonrakı dövr. İşğala qədərki dövr, sövet əsarəti dövrü olsa da, şihafi örnəklərin toplanmasında xeyli işlər görülmüşdür. Vəli Nəbioğlunun, Muxtar Kazımoğlunun və Əfzələddin Əsgərin toplamaları əsasında nəşr olunmuş “Zəngəzur folkloru” kitabında bu bölgənin zəngin şifahi irsi qorunmaqdadır. İşğaldan sonrakı dövrə aid toplama işində İlkin Rüstəmzadənin, Ləman Süleymanovanın, Sevinc Bağdadovanın müstəsna rolu vardır. AMEA Folklor İnstitutun “Qarabağ-folklor da bir tarixdir” layihəsi ilə hazırlanmış kitabların I, III, IV cildlərində Qubadlı folklor inciləri də yer almışdır.
Qubadlı şihafi örnəkləri sırasında mərasim folkloru mühüm yer tutur. Novruz bayramında papaq atma, buğda qovurma (qovurğa), torba sallama (“baja-baja”), “qodu-qodu”, “ceyran oynatma” ənənələri geniş yayılmışdı. Bir söyləyicinin dediyinə görə, oğlanlar qadın paltarı geyinib qapı-qapı gəzir, oynayır, novruz payı yığırdılar. Ceyran oynatma oyununda isə bir nəfər başına ceyranabənzər örtük atıb ceyran kimi hərəkətlər edirdi. Bu oyun, əsasən toylarda təşkil olunurdu.
Mərasim folkloru arasında toy və yas adətləri də mühüm yer tutur. Qubadlılar arasında elçilik və nişanqoyma mərasimləri çox da təntənəli keçirilmirdi. Toylar isə daha təntənəli keçirilər, üç gün davam edərdi. Qubadlı sakinlərindən birinin dediyinə görə, “ağsaqqallıq” Qubadlı toylarının əsas sütununu təşkil edir. Bu, çətin və məsuliyyətli bir vəzifədir. Həmin vəzifəyə təyin edilən həm nəslin tanınan, sözü keçən, həm də el-oba tərəfindən hörmətlə qarşılanan nüfuzlu bir şəxs olmalıdır. Həmin ağsaqqal toyun bütün məsuliyyətini əvvəldən-axıra qədər öz üzərinə götürür. Bir növ oğlan atası da ağsaqqala tabedir. Onun qoyduğu qayda-qanunları belə pozmağa ixtiyarı yoxdur.
Qubadlı yasları xalq dili ilə desək, “çox ağır keçir”. Yasa xeyli adam gəlir. Qadınlar bir neçə saat rəhmətə gedənin ünvanına ağılar deyirək öz üzüntülərini ifadə edirlər. Bu ağılardan bir neçə nümunə gətirək:
Qardaş kişmiş kimidir,
Cibə düşmüş kimidir.
Qardaşı ölən bacılar
Gözdən düşmüş kimidir.

Çəkilə bax, çəkilə,
Çəkil yerə tökülə.
Vay o gündən ki
Iyin evdən çəkilə.
Bu bölgənin bayatıları da özünəməxsusluğu ilə seçilir:
Gecə keçdi çaxmaxdan,
Sular doymur axmaxdan.
Gözümə sarı gəlib
Yollarına baxmaxdan.

Pəncərədən baxma, qız,
Başına gül taxma, qız.
Hər sevirəm deyənə
Sən su kimi axma, qız!
Bölgəyə xas şifahi örnəklər arasında mərasim folkloru örnəkləri ilə yanaşı pir və digər inanc yerləri haqqındakı mətnlər, nağıllar, əfsanə və rəvayətlər, tapmacalar, bayatılar, ağılar, lətifələr xüsusi yer tutur.
Qubadlı ərazisinə məxsus olan “Xırman yeri”, “Qalaça”, “Koroğlu qalası”, “Mal təpə”, V əsrə aid olduğu güman edilən “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Göyərabas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr haqqında xeyli əfsanə və rəvayətlər toplanmışdır.
Qubadlı camaatının inanc və ibadət yeri Pirlər olmuşdur. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, “İmamzadə”, Amudux piri, Atirizi piri, Ağ hasar piri, Mir Sədi Ağa ocağı, Məmmədli ocağı, Mir Ələkbər, Mir Ələsgər, Mir Ağa qardaşlarının ocaqları, Seyid Məhəmməd bulağı ilə bağlı söylənən şifahi örnəklər bu ərazinin qədimliyindən, əhalinin güclü inanc sisteminin qədim köklərindən xəbər verir.
Cılfır və Novlu kəndləri yaxınlığında yerləşən İmamzadə haqqında maraqlı folklor mətnləri toplanmışdır. Deyilənlərə görə, heyvanlar, quşlar bu müqəddəs ocağı ziyarətə gələrmiş, bir neçə dəfə dövrə vurub gedərlərmiş. Rəvayətlərin birinə görə, yaxın ərazinin sakinlərindən biri bu ocağa ziyarətə gələn əliyi vurmaq istəyir, amma onun silahı yoxa çıxır. Yəni, xalqın inamına və düşüncəsinə görə, bu müqəddəs ocaq günahsız qan tökülməsini yasaq edir. Başqa bir rəvayətdə isə natəmiz insanların bu ocağa girişi yasaqdır. Deyilənlərə görə, damın üstündə ilan yatır. Kim natəmiz gələrsə, bir ilan yuxarı tərəfdən qapıya sallanır, həmin adamın ocağa girişinə mane olur. Ziyarətə gələnlər qəbirlərin başına bir neçə dəfə dolanıb geriyə addımlayaraq çıxmalı idi. Çox güman ki, ziyarətgahdan çıxarkən geriyə addımlamaq hörmət və ehtiram əlaməti hesab olunur. Bu ənənə Azərbaycanın digər bölgələrinə də xasdır.
Mirlər kəndindəki Mir Sədi ocağı Qubadlı camaatının çox güclü inam bəslədiyi bir ocaq idi. Rəvayətlərin birinə görə, sovet dövründə Mir Sədi Ağanı həbs edirlər, Qubadlıdan qırx kilometr aralı yerləşən Zəngilan rayonundakı Akara stansiyasına aparırlar. Mir Sədi Ağa qatara oturur, ancaq qatar yerindən tərpənmir. Hamı bu işə təəccüb edir, nə qədər çalışsalar da, qatarı düzəldə bilmillər. Axırda Mir Sədi Ağa özü deyir ki, indi qatar tərpənəcək. O, bu sözü deyəndən sora qatar tərpənir. Mir Sədi Ağanın oğlu Mir Məhəmməd Ağa ocağı Qubadlı camaatı arasında “ora üz tutan xəstələrin şəfa məkanı” kimi tanınırdı.
Qubadlı rayonunda Ağyal deyilən ərazidəki “Oğlan-qız dərəsi” haqqında belə bir əfsanə söylənilir. Valideynlər bir-birini sevən iki gəncin qovuşmasına mane olurlar. Gənclər qaçır, valideynləri onları təqib edirlər. Onlar yaxalandıqları zaman Allaha onları daşa çevirməsi üçün dua edirlər. Əfsanəyə görə, bu daş həmin sevgililərdir.
Qubadlı camaatı həmçinin öz baməzəliyi ilə də seçilir. Gülərüz, əliaçıq, qonaqpərvər qubadlılılar həmçinin qarşılaşdıqları ən çətin vəziyyətlərdən belə şirin zarafatları ilə çıxa bilirlər. Qubadlılıların məhz bu xüsusiyyətləri camaat arasında xeyli lətifənin yaranmasına səbəb olur. Qubadlı lətifələri arasında Baqi dayının lətifələri geniş yayılmışdır. Bu lətifələrdən birinə görə, Baqi dayı süd məntəqəsindən südü qablara yükləyib rayon mərkəzinə gətirib satırmış. Camaat özü gəlib südü götürümüş, Baqi dayı kimin nə qədər süd götürdüyünə diqqət etmirmiş. Biri yaxınlaşıb deyir ki, Baqi dayı, axırda sənin südün əskik gələcək, baxmırsan ki, kim nə götürdü. Baqi dayı deyir: “Ə, kül olmuşdu Baqinin başına ki, iki çaydan keçə, südü də əskik gələ”.
Qubadlı əhalisindən toplanan maraqlı tapmacalar da diqqət çəkir:
El yatdı, oba yatdı,
Eyvaz ayağın uzatdı.
(qapının cəftəsi)

O nədir ki, doğar əlsiz-ayaqsız,
Üç ay keçər, olar əlli-ayaqlı.
(çömçəquyruq)
Qubadlı camaatı arasında Qaçaq Nəbi, Əlyanlı qaçaqları ilə bağlı rəvayətlər indiyədək də öz təravətini qoruyub saxlayır. Qaçaq Nəbi dastanı Azərbaycan dastançılıq ənənəsində özünəməxsus çəkiyə sahibdir.
Doğma yurdları işğal altında olanda Qubadlı əhalisindən toplanmış bütün şihafi örnəklərdə Vətən həsrəti, yurd yanğısı açıq-aşkar duyulur. Bu da tamamilə təbiidir, çünki insanın yaşantıları onun söylədiyi mətnlərdə öz izlərini qoruyur. Onların düşüncələri, hiss və duyğuları, taleləri, bütün çətinliklərə baxmayaraq həyata bağlılıqları söylədikləri nümunələrə nüfuz etmişdir.
Bu gün qubadlılılar da bütün azərbaycanlılar kimi çox şanlı bir tarix yaşayır. Müzəffər Azərbaycan ordusu işğal altındakı ərazilərimizi, həmçinin Qubadlı rayonununu işqaldan azad etmişdir. Bu möhtəşəm tarixi dövr – qubadlıların öz doğma yurd yerlərinə qayıdışı, məskunlaşması və yaşamağa başlaması yeni folklor örnəklərinin yaranışını şərtləndirəcək. Qubadlı əhalisini məhz öz doğma torpaqlarında ziyarət edərək şifahi örnəklərinin toplanması isə folklorşünasların üzərinə düşən mühüm və şərəfli iş olacaq.

AMEA FOLKLOR İNSTİTUTU
TÜRK XALQLARININ FOLKLORU ŞÖBƏSİNİN
BÖYÜK ELMİ İŞÇİSİ
ELNARƏ HÜSEYNQIZI (ƏMİRLİ)

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.