Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
27.10.2020

Qarabağın qədim türk yurdu olduğunu folklor nümunələri bir daha təsdiq edir

Azərbaycanın əzəli torpağı olan Qarabağ bənzərsiz və zəngin folklor məkanıdır. Bu ərazilərə aid istənilən folklor mətni özündə bölgənin etnoqrafiyası, dili, tarixi, məişəti, coğrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu, onun hər daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı deyib. O bildirib ki, Azərbaycanın folklor xəritəsində mövzu rəngarəngliyinə, məzmun spesifikasına görə Qarabağ folklor mühiti xüsusi mövqeyə malikdir. “İşğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarımızın sakinlərindən vaxtilə toplanmış folklor örnəklərimizin bəzilərinə nəzər salaq. Bu nümunələr arasında xalq oyunları və tamaşaları xüsusi yer tutur. Azərbaycanda geniş yayılan “xan-xan” tamaşası Füzuli və Qubadlı rayonlarında “şah bəzəmək” adı ilə məşhurdur. Bu tamaşanın Qubadlı və Füzuli bölgələrində qadınlar tərəfindən oynanıldığı söylənilir. Yazda oynanılan bu tamaşada kosalar da iştirak edir. Biri cərimə alır və zopa vurur, o biri həkim rolunda çıxış edir, üçüncü kosa isə şikayətçilər arasında intizam yaradır. Maraqlıdır ki, bəzən elə şikayətçilərin özləri təqsirkar olur. Aşıqlar, komik aktyorlar səhnə arasında müxtəlif satirik əhvalatlar, lətifələr də danışırdılar.

Füzulidə oynanılan “Dəvəçi və biləndər” tamaşası sadə süjet xəttinə malikdir: bir kişi yol gedən iki nəfərdən itən dəvəsini soruşur. Qəribə odur ki, kişi bu adamları xanın yanına aparır və oğurluqda təqsirləndirir. Sual-cavab yolu ilə bəlli olur ki, onlar oğru deyillər. Bu tip tamaşalarda xalq nümayəndələri dərin, məntiqi düşüncələri ilə şərə, böhtana qalib gəlir. Bu da onu göstərir ki, bəşər övladı məhz ağılın, reallıqla bağlı olan məntiqin vasitəsilə fəlakətdən xilas ola bilər.

“Sən kimsən?” xalq tamaşası da vaxtilə Füzuli rayonunda qeydə alınıb. Vətənin müqəddəratından, onun müdafiəsindən bəhs edən bu tamaşada xalqa rəhbərlik edənlərin iç dünyası açılır. Fırtıq adlı bir bəyin qohumu döyüşdən al-qan içində, baş-gözü sarıqlı vəziyyətdə qayıdır və xalq onu tanımayıb “sən kimsən?” deyə soruşur. Tamaşada maraqlı anlar da elə bundan sonra yaşanır. Bu şəxs özü ilə döyüşə apardığı igidləri bir-bir təqdim edir. Onun qəhrəman, qorxmaz təbiətli insan kimi təqdim etdiyi də var, qorxaq, satqın kimi təqsirləndirdiyi də.

Diqqətçəkən məqamlardan biri onun döyüşçülərin adını çəkən zaman arada sümük, papaq, kəmər, silah və sair nümayiş etdirməsidir. Qınaq obyektinə çevrilən bəy qohumunu tezliklə xalq nümayəndəsi əvəz edir və deyir ki, düşmən üzərində qələbə çalmağın əsas şərti birlik və fədakarlıqdır. Məhz bu xalq nümayəndəsi ətrafına ordu yığıb döyüşə yollanır. Dramatik xarakterli tamaşanın əsas mahiyyəti qəhrəmanlıq, vətənpərvərlik kimi keyfiyyətlərin aşılanmasıdır. Əldə etdiyimiz məlumata əsasən, Füzuli rayonunun Qarğabazar kəndində təşkil olunan zaman bu tamaşaya ətraf ərazilərdən də böyük izdiham axışarmış. Xalqın nümayəndəsi kimi çıxış edən şəxsin həm səsində, həm geyimində bir qətiyyət, əminlik, cəngavərlik hiss olunarmış.

Qarabağda fasiləsiz yağan yağış və dolu elat camaatını müxtəlif qabaqlayıcı tədbirlər görməyə sövq edərmiş. Bölgədə yağışı kəsmək məqsədilə yerinə yetirilən bəzi rituallar yağışı yağdırmaqla bağlı görülən tədbirlərlə üst-üstə düşür.

Kəlbəcər rayonunda yağışı kəsdirmək üçün dörd yolun ayrıcına örkən qururdular.

Zəngilan rayonunda həftənin günlərinə əsasən yağışın nə vaxt kəsəcəyini müəyyənləşdirirlər: “Yağış duz günü yağarsa, tək kəsər. Tək yağarsa çərşənbə kəsər. Çərşənbə yağarsa, adna kəsər. Şənbə yağarsa, bazar kəsər. Bazar yağarsa, nə vaxt kəsər?” Yəni bazar günü başlayan yağış bir gün də yağa bilər, on gün də yağa bilər.

“Adları qeyd edilən ərazilərdən vaxtilə müxtəlif folklor nümunələri toplanıb. Bu nümunələr xalqımızın yaddaşına həkk olub. Azərbaycanın işğaldan azad edilmiş rayonlarına məxsus mədəni dəyərlərin qorunması, unudulmaması üçün bu örnəklərin yenidən cəmiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir”, - deyə S.Abbaslı qeyd edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.