Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


“Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirilib

Dekabrın 21-də AMEA-nın Rəyasət Heyətinin böyük akt salonunda Folklor İnstitutu "Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirdi. İnstitutun yaydığı press-relizdə deyilir: "Mədəni inteqrasiya və qloballaşma Azərbaycan mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan folklorumuzu daha geniş müstəviyə çıxarılmasını zərurətə çevirir. AMEA Folklor İnstitutu da məhz bu zərurəti nəzərə alıb. Azərbaycan folklorunun Avropa sivilizasiyası kontekstinə çıxarılmasının səviyyəsinin müəyyənləşdirilməsi, məsələnin nəzəri və praktiki tərəflərinin aşkarlanması, folklorumuzun Avropa elmi ictimaiyyətinə tanıdılma sahəsinin genişləndirilməsi konfransın başlıca məqsədlərindəndir.
Mənəvi sərvətlərimizin qədim və dərin köklərə bağlılığı onun nəinki regionda yerləşən xalqların, eləcə də digər dünya xalqlarının mənəvi sərvətlərinə təsirini və orada buraxdığı izlərdən xəbər verir. Bu məqamlar nəzərə alınaraq konfransda Azərbaycan folklor nümunələrinin Avropa və dünya xalqlarının folklor nümunələri ilə müqayisəli şəkildə öyrənilməsi, bərabər tədqiqatların aparılması, birgə əməkdaşlıq məsələləri də müzakirə edilir. Bu isə Azərbaycanın elm sahəsində dünyaya inteqrasiyasına bir təkandır".


Tədbiri giriş sözüylə AMEA-nın vitse-prezidenti Arif Həşimov açdı, Folklor İnstitutunun uğurlarından danlşdı: "Qarşıda bu yöndə xeyli məsələlərin həlli durur".
A.Həşimov müasir elmi-texniki yeniliklərdən bacarıqla istifadə edilməsinin, bu yeniliklərə yiyələnməyin gərəkliyini önə çəkdi: "Mənəvi dəyərlərimizin öyrənilməsində institut əməkdaşlarının zəhməti böyükdür. İllər keçəcək, bu zəhmətinizin dəyəri daha aydın şəkildə bilinəcək".
AMEA-nın Humanitar elmlər üzrə akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla "Mənəvi dəyərlərin başlanğıcını öyrənən" Folklor İnstitutunun bundan sonra görməli olacağı işlərin vacibliyindən söz açdı: "Folklorumuzu daha dərindən araşdırmalıyıq". O, habelə bu gün folklorun daha qlobal şəkildə araşdırılması qaçılmazlığına diqqət çəkdi: "Folklorumuzun dünyaya geniş şəkildə təqdim olunması məqamı gəlib çatıb. Dünyanın şah əsəri sayılan "Kitabi - Dədə Qorqud"u dünyanın digər məşhur şah əsərləri ilə müqayisədə dünyaya təqdim etsək, daha böyük uğurlar qazanarıq".
O, bu gün "Dədə Qorqud dastanları"nın artıq germanları da ciddi şəkildə maraqlandırdığını bildirdi: "Uyğun kontekstdə axtarışların aparılması çox vacibdir".


AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov iştirakçıları Folklor İnstitutu adından salamladı, bildirdi ki, illər ərzində Avropa folklorşünaslığının uğur və uğursuzluqlarından kənarda qalmamışıq: "Bu sahədə Avropada yaxşı nə varsa, onu götürməyə çalışmışıq, habelə yaxşı sayılmayanların da təsirinə düşmüşük".
M.İmanov bundan sonrakı mərhələdə vəzifə olaraq Avropa və ümumən dünya folklorşünaslığında oturuşan standartlar səviyyəsində folklor materiallarının toplanılması və araşdırılmasının gərəkliyini bildirdi, bu yöndə digər vacib məsələlərə də münasibətini bildirdi.
AMEA-nın müxbir üzvü Tofiq Hacıyev qeyd etdi ki, Folklor İnstitutu həmişə elmi problemlər qaldırmaq və həlli yönündə işləri ilə yada qalıb: "Bu gün Folklor İnstitutunun belə bir gərəkli mövzuda konfrans keçirməsi olduqca aktualdır".
Azərbaycan Dillər Universitetinin professoru Şahin Xəlilli
"Folklorda tarix və tarixdə folklor" mövzusunda çıxış etdi.
O, folklorun tarixə təsiri məsələlərindən tutarlı faktlarla söz açdı, ermənilərin tarix, habelə folklor məsələləri ilə bağlı saxtakarlıqlarını əsaslandırdı: "Türkün qədim tarixinin, folklorunun, yaşantılarının Avropa folklor nümunələrində ciddi, sezilən izləri var".


Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva "Ənənəvi motivlərin proyeksiyası ("Kitabi-Dədə Qorqud" və "Hibelunqlar nəğməsi" eposlarında)" mövzusunda çıxış etdi, ümumən türk ruhunun, folklor nümunələrinin bir çox Avropa folklor mətnlərində, mənbələrində ciddi izlərinin olduğunu bildirdi.
Professor Füzuli Bayat (Folklor İnstitutu) çağdaş dövrdə klassik folklor söyləyicilərinin sayının azalmasından narahatlıqla danışdı. Qeyd etdi ki, xalqın ruhundan yaranan folklorun müxtəlif elmi cərəyanlarda araşdırılması problemi var. Müxtəlif yaradıcılıq cərəyanlarının kor-koranə folklora tətbiqi istənilən nəticəni vermir, sonda folklor mətni kontekstdən ayrılır: "Araşdırma metodu əslində o xalqın özünün diktə etdiyi metoddur".
Ümumən folklorun saxtalaşdırılması problemindən danışan F.Bayat elmi meydanda olan 25-dən çox yaradıcılıq metodlarının folklorşünaslıq üçün uyarlı olanının tapılması gərəkliyindən danışdı.


Professor Firidun Cəlilov artıq folklorda tarixin araşdırılmağa başlanılmasını mühüm hadisə saydığını bildirdi: "Təəssüf ki, araşdırmalar daha çox eninə aparılır, dərininə aparılmır".
O, türk dillərinin tarixi, mədəniyyəti ilə bağlı baxışlara köklü şəkildə yenidən baxılması gərəkliyindən söz açdı, Altay nəzəriyyəsinin türk xalqının tarixini qətiyyən ifadə etmədiyini bildirdi: "Qəti şəkildə əminəm ki, monqol dili ilə türk dilləri qohum deyil. Aytay nəzəriyyəsinə görə, türklər Monqolustan ərazisində yaranıb, oradan dünyaya yayılıblar".
F.Cəlilov bu qənaətlərlə razı olmadığını, türklərin yaranışının ilkin mərkəzinin Azərbaycan olduğunu bildirdi: "Miladdan öncə burada yüzlərlə türk boyları vardı. Əgər Altay nəzəriyyəsinə əsaslansaq, uğur qazana bilməyəcəyik".
O, bu məsələdən çıxış yolu olaraq Urmu nəzəriyyəsini təqdim etdi, onun haqqında danışdı: "Homeri dərindən anlamaq üçün mütləq türk xalqlarının folklorunu araşdırmaq gərəkdir".
Professor Flora Mustafayeva (Azərbaycan İqtisad Universiteti) "Dits və Azərbaycan folkloru" mövzusunda çıxış etdi, "Kitabi-Dədə Qorqud"u ilk dəfə dünyaya təqdim edən məşhur alman tədqiqatçısının bu il 260 illiyinin tamam olduğunu bildirdi: "Dits Osmanlı imperatorluğu dönəmində 400-ə kimi əlyazma toplayıb". Araşdırmaçı qeyd etdi ki, həmişə Azərbaycanla bağlı soraqlar Avropanın diqqətini ayrıca cəlb edib. Avropanın kitabxanalarında on minlərlə əlyazmamız saxlanılır.
Dosent-doktor Ağaverdi Xəlil "Azərbaycan və Avropa folklor əlaqələri" mövzusunda çıxış etdi, bu yöndə tarixən, habelə son ilərdə görülmüş qarşılıqlı əməkdaşlıq əlaqələridən danışdı. İlkin Rüstəmzadənin "Azərbaycan nağıl süjetlərinin Aarne-Tompson sisteminə uyğunluğuna dair" adlı məruzəsi də maraqla qarşılandı.
Sonda məruzələrlə bağlı suallar və qonaqların çıxışları oldu.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.