III BEYNƏLXALQ DƏRGİ QARA DƏNİZ SOSİAL ELMLƏR SİMPOZİUMU BAKIDA
18 noyabr 2019-cu il tarixində qardaş Türkiyənin “Karadeniz” Beynəlxalq Sosial Elmlər dərgisinin baş redaktoru, prof. Erdoğan Altınkaynak, gürcü türkoloq prof. Roin Kavrelişvili AMEA Folklor İnstitutunun qonağı olmuşlar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) qonaqları səmimi qarşılamış, keçiriləcək konfransla bağlı fikir mübadiləsi aparılmışdır.
“Karadeniz” Beynəlxalq Sosial Elmlər dərgisi 19-21 noyabr 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (Bakı şəhəri, H.Cavid prospekti, 129, IV mərtəbə, akt zal) AMEA Folklor İnstitutunun və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ev sahibliyi ilə “III Beynəlxalq Dərgi Qaradəniz Sosial Elmlər Simpoziumu” keçirir. Qara dəniz Beynəlxalq Sosial Elmlər Dərgisi ilk simpoziumunu Gürcüstanın paytaxtı Tiflisdə, ikincisini Türkiyənin Giresun şəhərində gerçəkləşdirmişdir. Hər iki konfransa 7 ölkədən elm adamları qatılmışdır.

Simpoziumun paydaşları Azərbaycan Pedaqoji Universiteti (AZƏRBAYCAN), Abay Adına Qazax Pedagoji Universiteti (QAZAXISTAN), Altay İnstitutu (RUSİYA FEDERASİYASI), Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, (AZƏRBAYCAN), Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Adına Ədəbiyyat İnstitutu (AZƏRBAYCAN), Elmlər Akademiyası Baytursunoğlu Dilbilim İnstitutu (QAZAXISTAN), Elmi Eksen Beynəlxalq Sosial Elmlər Dərgisi (TÜRKİYƏ), Çerkasi Universiteti (UKRAYNA), Dərgi Qaradəniz Beynəlxalq Sosial Elmlər Dərgisi (TÜRKİYƏ), Dünya Söz Akademiyası (TÜRKİYƏ), El-Zəhra Universiteti (İRAN), HEGEM Vakfı (TÜRKİYƏ), İssıkköl Dövlət Universiteti (QIRĞIZISTAN), İslam Azad universiteti (İRAN), Qızlar Dövlət Pedaqoji Universiteti (QAZAXISTAN), Qafqaz Universitetlər Birliyi (TÜRKİYƏ), Kültür Evreni Uluslararası Sosial Elmlər Dərgisi (TÜRKİYƏ), Muş Alparslan Universiteti (TÜRKİYƏ), Nilüfər Universiteti (İRAN), SEU Gürcüstan Milli Universiteti (GÜRCÜSTAN), Alberta Universiteti (KANADA), Tacikistan Milli Universiteti (TACİKİSTAN), Təbriz Universitetidir (İRAN).
Üç gün davam edəcək simpozium öz işini 24 bölmədə 96 məruzəçi ilə davam etdirəcək. Sonuncu gün qonaqlar şəhərimizin görməli yerləri ilə yaxından tanış olacaqlar.
Səmimi şəraitində keçən görüşün sonunda qonaqlar İnstituta dərgi və kitablar hədiyyə etmişlər. Akademik Muxtar Kazımoğlu da qonaqlara İnstitutun buraxdığı disklərdən hədiyyə etmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.
Görüşdə Folklor İnstitutunun əməkdaşı, fil.e.f.d., dos. Sönməz Abbaslı da iştirak etmişdir.
