Məşhur türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub
Oktyabrın 14-də AMEA-nın Folklor İnstitutunda türkiyəli araşdırmaçı, məşhur türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
O.F.Sərtkaya “Kitabi Dədə Qorqud” dastanları, özəlliklə onun qəhrəmanları olan Dirsə xan, Bamsı Beyrək, Qan Turalı, Banu Çiçək, Qazan xanla bağlı geniş bilgi verib, onlarla bağlı aparılan araşdırmalardan söz açıb.
Qonaq elm aləminə yeni məlum olan “Kitabi Dədə Qorqud” dastanlarının on üçüncü – "Salur Qazanın yeddi başlı əjdarhanı öldürməsi" boyu, eləcə də onun orijinaldan oxunuşunda və nəşrindəki yanlışlar haqqında ayrıca danışıb.

O.F.Sərtkaya əməkdaşlarımızı maraqlandıran sualları cavablandırıb, dastanla bağlı yeni faktlar açıqlayıb.
Qonaq kitab və məqalələrini direktor M.Kazımoğluna təqdim edib. M.Kazımoğlu da qonağa institutda nəşr olunan kitablar, dərgilər və suvenir hədiyyə edib. Sonda qonaqla xatirə fotosu çəkilib.
Bildirək ki, O.F.Sərtkaya 11 avqust 1946-cı ildə Türkiyənin Adana şəhərində doğulub. 1968-ci ildə İstanbul Universiteti ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümündən məzun olub. İndiyədək 435-dən artıq araştırması yerli və yabançı elmi dərgilədə yayımlanıb. İstanbul Universitetinin keçmiş professoru olan O.F.Sərtkaya hazırda pensiyadadır.

|