"Aşıq musiqisi axşamları" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin AMEA Folklor İnstitutunun dəstəyi ilə reallaşan “Aşıq musiqisi axşamları” layihəsi davam edir. Layihənin məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir. Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
“Aşıq musiqisi axşamları” layihəsi üzrə növbəti tədbir oktyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində keçirilib. Budəfəki təqdimat Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub.

Azərbaycan aşıq sənətinin tarixi inkişafı prosesində yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəb yaranıb ki, bu məktəblər Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbidir. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. Saz havalarında isə aşiqanə gözəlləmələrin ifasında lirik melodiyalardan, dastan yaradıcılığında isə epik melodiyalardan istifadə olunur.

Tədbirdə Gədəbəy aşıqlarından aşıq Cahangir, aşıq Altay, aşıq Təbriz, Tovuz aşıqlarından aşıq Lətifə Çeşməli, aşıq Şəhriyar Qaraxanlı, aşıq Elməddin Məmmədli, Borçalı aşıqlarından aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, Göyçə aşıqlarından aşıq Səlim, aşıq Bəhmən Ardanışlı, Qazax aşıqlarından aşıq Şaiq İncəli, aşıq İlham Aslanbəyli, Kəlbəcər aşıqlarından aşıq Qalib, aşıq Gözəl Kəlbəcərli çıxış ediblər.
Azərtac, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, “Day.az”, “Milli.az”, “Vestnik Kavkaza”, “Trend.az” və “Asan radio” layihəyə informasiya dəstəyi veriblər.


|