Folklor araşdırmaçısı Seyid Məhəmməd Çavuşian Folklor İnstitutunun qonağı olub
Sentyabrın 17-də AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov folklor araşdırmaçısı, xalq mahnı və muğamlarımızın mahir ifaçısı Seyid Məhəmməd Çavuşianı qəbul edib. Akademik Muxtar Kazımoğlu-İmanov qonağa institutda görülən elmi-tədqiqat işləri ilə bağlı bilgi verib.
Təbrizli qonaq İranda yaşayan soydaşlarımızın əsrlərdən bəri qoruyub saxladıqları məişət və mərasim folkloru nümunələrinin toplanılaraq ictimaiyyətin diqqətinə çatdırılmasının adət-ənənələrimizin, zəngin mənəvi irsimizin yaşadılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seyid Məhəmməd Çavuşiana Folklor İnstitutunun nəşrləri, CD-lər, aşıq mahnılarımızın, dastanlarımızın toplandığı kompakt disklər, qədim xalq mahnılarımızın notlaşdırılmış çap kitabları hədiyyə olunub.
Seyid Məhəmməd Çavuşian akademik Muxtar Kazımoğlu – İmanova “Yumurta qızının dastanı” adlı audio-diski hədiyyə edib.
Görüşdə institutun “Cənubi Azərbaycan folkloru” şöbəsinin böyük elmi işçisi Qiymət Məhərrəmli də iştirak edib.

|